Şahzadə Harri və Meqan Markl: yeni kral ailəsi cütlüyü barədə maraqlı faktlar

0
1209

Şahzadə Harri ilə aktrisa Meqan Marklın Vindzor qəsrində keçiriləcək toyu gələn ilin may ayında baş tutacaq.

“Report” xəbər verir ki, bu barədə Kensinqton sarayından bildirilib.

Nikah qəsrdəki Müqəddəs Georgi məbədində keçiriləcək.

Toyun, o cümlədən nikah mərasiminin, musiqi müşayiətinin, çiçəklərin və təntənəli ziyafətin xərclərini kral ailəsi ödəyəcək.

Şahzadə ilə nişanlandığı elan edildikdən sonra Meqan Markl KİV tərəfindən yaxından izlənməyə başlayıb.

İndi onun kim olması, Britaniya şahzadəsinin qəlbinə necə yol tapması hamını maraqlandırır.

Nikaha qədər Meqan Marklın xaç suyuna çəkiləcəyi və İngiltərə Kilsəsində konfirmasiya keçəcəyi rəsmən elan edilib. Bundan əlavə, o, Britaniya vətəndaşı olmağı planlaşdırır və aktrisa karyerasına son qoymağa qərar verib.

Reyçel Meqan Markl Los-Ancelesdə (Kaliforniya ştatı) anadan olub və böyüyüb. Onun atası Hollandiyalı və İrlandiya əsilli ağdərili, anası afroamerikandır. Meqanın atası işıq üzrə rejissor, anası sosial işçi və yoqa müəllimi olub. O, aktrisa karyerasına 2002-ci ildə “Baş hospital” serialına çəkilməklə başlayıb və sonrakı bir neçə ilə ərzində həm fotomodel, həm də aktrisa kimi çalışıb, “C.S.I.: Cinayət yeri Nyu-York”, “90210: Yeni nəsil”, “Hədd”, “Kasl” kimi seriallarda epizodik rollara çəkilib. Ancaq 2011-ci ildən çəkilən “Fors-major” teleserialında canlandırdığı Reyçel Zeyn rolu ilə daha çox məşhurluq qazanıb.

Eyni zamanda, M.Markl qarşıdan gələn toyun elan edilməsindən sonra ilk müsahibəsində artıq teleserillara və kinolara çəkilməyəcəyini, aktrisa karyerasına son qoyacağını bəyan edib.

“Buna nədənsə imtina kimi baxmıram. Bunu dəyişiklik kimi dəyərləndirirəm. Bu, sadəcə, yeni səhifədir”, – M.Markl deyib.

Şahzadə Harrinin nişanlısının artıq bir dəfə evli olduğu və hazırda boşandığı bilinir. Markl 2004-cü ildən bəri görüşdüyü kinorejissor Trevor Engelson ilə 2011-ci il sentyabrın 10-da ailə qurub. Cütlük 2013-cü ilin may ayında ayrılıb, avqust ayında isə rəsmi qaydada boşanıblar. Qeyd edək ki, daha əvvəllər bu, şahzadə ilə evlənməyə mane ola bilərdi, lakin İngiltərə Kilsəsi 2002-ci ildən boşanmışlara yeni kilsə nikahı bağlamağa icazə verib.

Şahzadə və nişanlısı birgə müsahibələrində tanış olduqları dövrdə bir-biri barədə az şey bildiklərini qeyd ediblər. M.Markl ABŞ-da anadan olub, heç vaxt Britaniya nəşrlərini oxumayıb və kral ailəsi haqqında çox az məlumata malik olub. Şahzadə Harri isə öz növbəsində, Meqan Marklın baş rolda çəkildiyi “Fors-major” (Suits) serialını izləməyib. O, görüşə qədər, ümumiyyətlə, Meqan barəsində heç nə eşitməyib.

Şahzadə həmçinin Markl ilə birgə toyuq bişirdikləri zaman ona təklif irəli sürdüyünü açıqlayıb. Şahzadə sevgilisinin nişan üzüyünün xüsusi olması üçün səy göstərib. Meqanın ən çox sevdiyi sarı qızıldan hazırlanmış üzük üç brilliantla bəzədilib: onlardan ən böyüyü cütlüyün önəmli vaxtlarını keçirdiyi Botsvanadandır, onun hər iki tərəfində isə şahzadə Diananın kolleksiyasından iki qiymətli daş var.

Şahzadə Harry və nişanlısı Meqan Markl şahzadə Diananın onlar üçün vacib hadisənin bir hissəsi olmasının vacibliyini vurğulayıblar.