Sahibkarların vergi yükü əvvəlki ilə nisbətən necə dəyişib (MİSALLARDA)

Date:

Paylaş:

Martın 4-də Prezident Administrasiyasının dəstəyi, Vergilər və Xarici işlər nazirliklərinin birgə təşkilatçılığı ilə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş fövqəladə və səlahiyyətli səfirləri, müvəqqəti işlər vəkilləri və diplomatik korpusun nümayəndələri ilə keçirilən görüş zamanı vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra ölkədə vergi yükünün aşağı düşməsi ilə bağlı bəzi açıqlamalar verilib. Diplomatik korpus nümayəndələrinə təqdim edilən şərhlərdə vergi qanunvericiliyində son dəyişikliklərin ölkədə sahibkarlıq və investisiya mühitinin cəlbediciliyinin artırılması, biznes aparılması üçün mövcud şərtlərin daha da yaxşılaşdırılmasına xidmət etdiyi vurğulanıb, habelə konkret misallarda vergi yükünün aşağı düşməsi nümayiş etdirilib.

Həmin şərhlərin maraq doğurduğunu nəzərə alaraq, onlardan bəzilərini diqqətinizə çatdırırıq.

Qeyd edilməlidir ki, 2019-cu ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində vergi yükünü azaltmağa imkan verən əsaslı güzəştlər sistemi tətbiq edilib. Vergi qanunvericiliyinə edilmiş son dəyişikliklər nəticəsində sadələşdirilmiş verginin dərəcəsi ölkə üzrə 2 faizə salınıb, muzdlu işdə çalışan işçilər üzrə 8000 manatadək əmək haqlarının gəlir vergisindən azad edilməsi, habelə mikrosahibkarlıq subyektlərinə gəlirlərini 75 faizə qədər azaltmağa imkan verən ciddi vergi güzətləri təqdim edilib, kiçik və orta sahibkarlıq subyektləri üçün əlavə vergi stimullaşdırmaları və güzəştlər müəyyən edilib. Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəticəsində sahibkarlıq subyektlərində, xüsusilə ticarət sektorunda çalışan sahibkarların vergi yükünün və ya xərclərinin əhəmiyyətli azalması baş verib.

“Kölgə iqtisadiyyatı”nda çalışan bir sıra vergi ödəyicilərində uçot sisteminin qaydaya salınması, vergidən yayınmaların qarşısının alınması, bazarda rəqabət mühitinin təmin edilməsi istiqamətində aparılan işlər öz müsbət nəticələrini verməkdədir. 2019-cu ilin ilk 2 ayında dövlət büdcəsinə daxilolmalarda artım müşahidə olunur. Bu neft sektorunun gəlirləri hesabına deyil, qeyri-neft sektorunda fiskal tənzimləmələrin hesabına baş verir ki, bu da şübhəsiz, ölkədə sosial proqramların icrası üçün əlavə maliyyə imkanları yaradır.

Bəzən sahibkarlar qeyri-leqal gəlirlərinin rəsmiləşdirilməsini vergi yükü kimi dəyərləndirməyə çalışır. Lakin bu belə deyildir. Vergiləri ödəməkdən yayınmaq və vergi ödəyicisinin ödəməli olduğu vergiləri gizlətmək imkanlarının məhdudlaşdırılması onun vergi yükünün artdığı anlamına gəlmir. Əksinə sahibkarlıq üçün təqdim edilən vergi güzəştlərindən istifadə edən hər bir vergi ödəyicisi qanuni yolla əldə etdiyi güzəştlər hesabına əvvəlkindən daha az vergi yükünə malikdir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən sonra vergi ödəyicilərinin vergi yükünün aşağı salınmasını göstərən bəzi misallara diqqət yetirək.

Misal 1 (sadələşdirilmiş vergi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əmək haqqı verir.

Belə olan halda vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 120000,0 (illik gəlir) * 4 % (sadələşdirilmiş vergi dərəcəsi) = 4800,0 manat
  • Əmək haqqından tutulan gəlir vergisi:  4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14 % * 12 ay = 2197,4 manat
  • Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

 Dəyişiklikdən sonra, yəni sadələşdirilmiş vergi dərəcəsi 4%-dən 2%-ə, əmək haqqından tutulan gəlir vergisi 8000,0 manatadək olduqda 14 və 25%-dən 0% dərəcəyə endirildiyi üçün hesablama aşağıdakı qaydada olacaqdır:

  • Sadələşdirilmiş vergi: 120000,0 (illik gəlir) * 2 % (sadələşdirilmiş vergi dərəcəsi) = 0 manat
  • Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0 % * 12 ay = 0,0 manat
  • Cəmi: 2400,0 + 0,0 = 2400,0 manat 

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 2400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 4597,4 manat azalması deməkdir.

Misal 2 (ƏDV ödəyicisi üzrə):

Ticarət sektorunda 6% dərəcə ilə sadələşdirilmiş vergi ödəyicisi olan və 4 işçisi olan sahibkarın illik gəliri 300000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əmək haqqı verir. 01.01.2019-cu il tarixindən 6% dərəcə üzrə sadələşdirilmiş vergi ləğv olduğu üçün vergi ödəyici ƏDV qeydiyyatına alınıb. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 300000,0 (illik gəlir) * 6 % (sadələşdirilmiş vergi dərəcəsi) = 18000,0 manat
  • Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14 % * 12 ay = 2197,4 manat
  • Cəmi: 18000,0 + 2197,4 = 20197,4 manat

 Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydada olacaqdır:

  • Əlavə dəyər vergisi (vergi ödəyicisinin 300000,0 manat gəlirindən 10% mənfəət ilə qazancını nəzərə alaraq): 30000,0 * 18% (ƏDV dərəcəsi) = 5400,0 manat
  • Mənfəət/gəlir vergisi: 30000,0 (mənfəət) * 20% (MV/GV dərəcəsi) = 6000,0 manat
  • Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0 % * 12 ay = 0,0 manat
  • Cəmi: 5400,0 + 6000,0 + 0,0 = 11400,0 manat 

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 20197,4 manat idisə, dəyişiklikdən sonra bu yük 11400,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün 8797,4 manat azalması deməkdir.

Misal 3 (gəlir vergisi rejimini tətbiq edən vergi ödəyicisi üzrə):

Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan və 4 işçisi olan sahibkarın illik gəliri 120000,0 manatdır və o, hər işçiyə aylıq 500,0 manat əmək haqqı verir. Dəyişiklikdən əvvəlki dövrdə vergi ödəyicisi sadələşdirilmiş vergi mükəlləfiyyətində olub, dəyişiklikdən sonra isə gəlir vergisi mükəlləfiyyətini seçib. Vergi ödəyicisinin satdığı mallar üzrə qazancı (mənfəəti) 10%-dir.

Belə olan halda vergi ödəyicisi üzrə dəyişiklikdən əvvəlki hesablaması aşağıdakı qaydada idi:

  • Sadələşdirilmiş vergi: 120000,0 (illik gəlir) * 4 % (sadələşdirilmiş vergi dərəcəsi) = 4800,0 manat
  • Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * (500,0 – 173,0 (yaşayış minimumu))* 14 % * 12 ay = 2197,4 manat
  • Cəmi: 4800,0 + 2197,4 = 6997,4 manat

 Dəyişiklikdən sonra hesablama aşağıdakı qaydadadır:

  • Gəlir vergisi: (120000,0 (illik gəlir) – 108000,0 (illik xərc))*20%*25% (mikrosahibkarlara təqdim edilən 75 %-lik güzəşt) = 600,0 manat
  • Əmək haqqından tutulan gəlir vergisi: 4 işçi * 500,0 * 0 % * 12 ay = 0,0 manat
  • Cəmi: 600,0 + 0,0 = 600,0 manat

Beləliklə, sahibkar tərəfindən dəyişiklikdən əvvəl vergi yükü 6997,4 manat idisə, dəyişiklikdən sonra bu yük 600,0 manat olub ki, bu da nəticədə sahibkarın vergi yükünün  6397,4 manat azalması deməkdir.

Beləliklə, göstərilən misallar bir daha təsdiq edir ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərdən sonra vergi ödəyicilərinin, xüsusilə də ticarət sektorunda çalışan sahibkarların vergi yükü əsaslı şəkildə aşağı düşüb. Məsələ yalnız sahibkarların öz uçot sistemini qaydaya salması, mühasibatlığını düzgün aparmağa öyrənməsi, müvafiq olaraq gəlir və xərcləri sənədləşdirməsi, qanuni güzəştlər sistemindən istifadə etməklə vergi öhdəliklərini yerinə yetirməsindən ibarətdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...