Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün müraciətləri sürətlə artır

Sahibkarların elektrik şəbəkəsinə qoşulmaq üçün müraciətləri sürətlə artır

134
Paylaş

Bu ilin əvvəlindən 1 300-dən artıq sahibkar elektrik şəbəkəsinə qoşulmaqla bağlı “Azərişıq” ASC-yə müraciət edib.

Bu barədə qurumun Perspektiv İnkişaf və “ASAN xidmətlə” İş İdarəsinin rəisi Elsevər Rüstəmli məlumat verib.

“Ölkə prezidentinin “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” fərmanına uyğun olaraq həyata keçirilən islahatlar nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi, həmçinin fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində (KOB), “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb”, – o qeyd edib.

Bundan başqa, “Azərişıq” rəsmisinin sözlərinə görə, elektron müraciətlərin sayının artırılması məqsədilə müraciətlərin idarə olunması sistemi daha da təkmilləşdirib və əlçatanlıq təmin edilib, son nəticədə məmur-vətəndaş təması minimuma endirilib: “Elektron müraciətlərin idarə olunması sisteminin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir. Sahibkar Elektron Hökumət Portalı üzərindən elektron və yaxud “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN-ni və yaxud FİN nömrəsini daxil etdikdə ona məxsus məlumatları avtomatik əldə edir. Elektron müraciətlərin sənəd dövriyyəsi sistemi artıq “ASAN Kommunal”da qərarlaşan Texniki Şuranın da işinə inteqrasiya edilib. Bu isə işi təkmilləşdirməklə yanaşı həm də asanlaşdırıb”.