Azərbaycanın 16 sahibkar və gənc menecerindən ibarət qrup bu il noyabrın 13-dən dekabrın 8-dək Almaniyanın Drezden şəhərində tədris və təcrübə keçəcək.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Bakı Biznes Tədris Mərkəzində “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarlar və gənc menecerlər üçün beynəlxalq seminar təşkil olunub.
İxtisasartırma kurslarının səmərəliliyinin qiymətləndirilməsinə həsr edilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin, Almaniyanın ölkəmizdəki səfirliyinin, Almaniya Sənaye və Ticarət Palatasının Azərbaycan nümayəndəliyinin, Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) və müvafiq tədris mərkəzlərinin nümayəndələri, eləcə də 2016-cı ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə ixtisasartırma kursu keçmiş 40-dan çox sahibkar və gənc menecer iştirak edib.
İqtisadiyyat Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov, Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab, Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, GİZ-in layihələr üzrə baş meneceri Lyudmila Metzdorf, eləcə də Almaniya tədris mərkəzlərinin nümayəndələri “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” barədə məlumat veriblər. Qeyd edilib ki, proqramın icra olunduğu 9 il ərzində Azərbaycandan olan 320 sahibkar və gənc menecer Almaniyanın Karl Dyusberq, Baden-Vüttenberq və digər tədris mərkəzlərində ixtisasartırma kursu keçib, Berlin, Bonn, Hamburq və s. şəhərlərdəki müəssisələrdə qabaqcıl təcrübə ilə tanış olub, bu ölkənin şirkətləri ilə işgüzar əlaqələr yaradıblar.
Tədbirdə ixtisasartırma kursunda iştirak etmiş menecerlər təqdimatla çıxış edərək, proqram çərçivəsində əldə etdikləri uğurlu nəticələr, Almaniyanın müvafiq şirkətləri ilə qurulmuş işgüzar əlaqələr və imzalanmış biznes müqavilələri barədə iştirakçılara məlumat veriblər.