Əsas səhifə Biznes Sahibkar üçün 12 vacib bacarıq

Sahibkar üçün 12 vacib bacarıq

501

Sahibkar olmaq, şəxsi biznes qurmaq istəyirsən, amma hardan başlayıb, hara və necə gedəcəyini bilmirsən? Bu yazımda istənilən biznesi qurmadan öncə sahibkarın bilməli olduğu 12 ən vacib bacarığı diqqətinə ərz etmək istəyirəm.

1. Bazarı tanımaq

Biznes quran biznesin bazarını tanımalıdır. Nə inki indiki, gələcək bazarını, bazarın trendlərini izləməli və hər bir təlatümdən xəbərdar olmalıdır. Bazarda kim var, hansı işi necə görür? Potensial müştərisi kimdir, kim alır, niyə alır və niyə almır. Müştəri qazanmaq üçün nələri necə etmək lazımdır? Bazardakı boşluqlar hardadır? Daha çox qazanmaq üçün nə etmək mümkündür? Bütün bu suallara ancaq bazarı tanımaqla, analiz etməklə və düzgün nəticə çıxartmaqla cavab vermək mümkündür.

2. Rəqibləri tanımaq

Rəqibini tanımayan özünü tanımır. Rəqibi tanımaq, onun güclü və zəif yerlərini, bacarıq və üstün olduğu cəhətləri bilmək hər bir sahibkar üçün çox vacibdir. Səbəb? Rəqabətə tab gətirmək üçün. Rəqibi üstələyib daha çox satmaq, daha çox müştəri qazanmaq, daha imkanlı müştəriləri özünə çəkmək üçün.

3. Bazara çıxmaq

Satdığın məhsul dünyanın ən qabaqcıl, ən keyfiyyətlisi, ən gözəli ola bilər. Amma bazara çıxa bilməsə, lazımi yerlərdə olmasa heç kimə fayda verməz. Sahibkarın əsas məqsədlərindən biri məhsulunu düzgün bazara, uyğun qiymətə, tələb olunan keyfiyyətdə çıxarıb öz müştərisinə sata bilməkdir.

4. Satışa nəzarət etmək

Satış satıcılara etibar olunacaq qədər az əhəmiyyətli məsələ deyil. Sahibkar satışın başında, içində, önündə, arxasında olmalıdır. Satışın düzgün qurulması, satıcıların lazımi treyninq görməsi, malın anbardan çıxışı və mağazalara çatdırılması, məhsulun rəflərdə düzülüşü kimi amillərə birbaşa sahibkar cavabdehdir. İnternet satışda da həmçinin, saytın hər bir bölməsi, sayt ziyarətçisinin saytdan istifadə təcrübəsi, saytın iş qaydası belə sahibkarın maraq dairəsində olmalıdır.

5. Məhsulu mövqeləndirmək

Məhsulu bazara çıxartmaq heç işin yarısı belə deyil. Məhsulu müştəriyə düzgün şəkildə təqdim etmək lazımdır. Bu təqdimat üçün məhsulun mövqeləndirilməsi olmalıdır. Mövqeləndirmə hansı məhsulu, kimə və nə üçün satacağımızı müəyyən edir. Mövqeləndirmə məhsulun müştəri üçün dəyərini ortaya qoyur. Müştəri niyə məhz sizin məhsulu almalıdır? Məhsulunuzu alıb hansı ehtiyacını, problemini həll edəcək, hansı istəyini reallaşdıracaqdır? Bu suallara cavab verməsəniz alverçi olaraq qalacaqsınız. Sahibkar olmaq üçün isə bu və növbəti bacarıqlara da sahib olmaq lazımdır.

6. Qiymət qoymaq

Qiymət məhsulun bir növü geyimidir. İnsanları geyimə görə qarşıladığımız kimi, məhsulu da ilk olaraq qiymətinə görə qarşılayır, onun haqqında ilk təəssüratımızı qiymətinə görə müəyyən edirik. Qiymətin nazı il oynamaq olmaz, kefimizə görə təyin edib dəyişmək heç olmaz. Qiymətqoyma marketinqin digər elementləri ilə həmahəng olmalı, mövqeləndirməni və məhsulun dəyərini əks etdirməlidir.

7. Promouşn etmək

Promouşn məhsulu müştəriyə tanıtmaq, aldırmaq, sevdirmək və vəkilinə çevirmək deməkdir. Promouşnda məqsəd müştərini bu 4 mərhələdən keçirib son məntəqədə qalmasını təmin etməkdir. Müştəri malı alandan qabaq onu tanımalıdır, mövqeləndirməsi sayəsində məhsulun onun üçün dəyərini anlamalıdır. Alandan sonra isə razı qalmalı, təkrar almalı və ətrafdakılarına bu məhsulu tövsiyə etməlidir.

8. Xidmət göstərmək

Biznesin məqsədi mal və ya xidmət satmaq deyil. Biznesin məqsədi müştəriyə, onun arzuladığından da üstün xidmət göstərməkdir. Biznesi xidmət olaraq görmək sahibkarın başlıca vəzifəsi olmalıdır. Müştərinin istəyi, ehtiyacı, arzusu və nazı sahibkar üçün əsas olmalıdır. Sizə pul qazandırdığı müddətcə müştəri hər zaman haqqlıdır. Pul qazandırmayanmüştəri sizin müştəriniz deyil, olmamalıdır. Məhsulu satarkən, satışdan sonrakı xidməti göstərərkən müştərinizin yanında olun, onun problemini həll etməyə, onu məmnun etməyə çalışın. Uğurlu biznes müştərisi məmnun olan biznesdir.

9. Maliyyələşdirmək

Biznes üçün maliyyə yatırımı tələb olunur. Biznesi işlək halda saxlamaq üçün maliyyə axımı lazımdır. Maaşları vermək, reklam etmək, gündəlik xərcləri ödəmək üçün pul lazımdır. Sahibkar pulunu düzgün idarə etməyi bacarmalıdır. Bir çox biznesin uğur qazanmaq şansı olsa da, pulunu düzgün idarə edə bilmədiyinə görə batdı. 20 mln dollara zavod tikib, reklam üçün 100 min ayırmayan şirkətlər diblərdə çürüdülər. Peşəkar işçi cəlb etmək üçün maaş vermək istəməyənlər isə işi aparmağın qaydasını bahalı səhvlər edərək öyrəndilər. Maliyyəni boşuna olaraq insan bədənindəki qana bənzətmirlər. Qansız insan nə qədər yaşaya bilər? Hər bədən üzvünə lazımi qədər qan ayırmayan bədən xəstəliyə düçar olar.

10. Strateji düşünmək

Sahibkarın alverçidən əsas fərqi strateji düşünmək bacarığıdır. Biznesinin sabahını görmək. sabah atılacaq addımları bilmək biznesin davamlı olması üçün çox vacibdir. Bazar necə olacaq? Rəqiblər hansı sürpriz yaşadacaq? Texnoloji inkişaf bizə hansı təhlükə və ya fürsət verəcək? Müştərinin istəyi hansı səmtə dəyişəcək?  Bəli məhz dəyişəcək, dəyişə bilər yox. Bazar inkişaf edir, bu inkişafdan geri qalmamaq üçün isə strateji düşünməyi bacarmaq lazımdır.

11. İdarə etmək

Hər bir sahibkar eyni zamanda idarəçidir. Tabeçiliyində olanların rəhbəri və lideridir. Hər sahibkar idarə etməyi bacarmır. İşçiləri tərbiyyə etməyi, qarşısına məqsəd qoymağı, səlahiyyət verib tələb etməyi, mükafatlandırma və cəzalandırmanı düzgün şəkildə edən sahibkar uğur qazanacaqdır. Bütün qərarları özündən asılı vəziyyətə salan biznes sahibi isə ancaq eşşəklik edəcək, öz yükü altında əziləcəkdir.

12. İnformasiya əldə etmək

Biznes başdan-aşağı informasiya yığınıdır. Satış rəqəmləri, anbar hərəkətləri, marketinq və reklam işləri, maliyyə hesabatları, işçilərin problemləri və sair və ilaxır. Bu informasiyanı düzgün idarə etmək, ancaq vacib informasiyanı öz səviyyəsinə çıxartmaq, qalanlarını isə orta səviyyə menecerlərin öhdəsinə buraxmaq biznesin normal işləməsi üçün çox vacibdir. Sahibkar biznesin effektivliyi, gələcəyi və mənfəətliliyi baxımdan vacib olan bütün informasiyaya sahib olmalıdır, həmin informasiyanın ona çatdırılması kanallarını açıq tutmalıdır, davamlı olaraq biznesin içində, müştəri ilə ünsiyyətdə ön cəbhədə, dünya trendlərindən məlumatlılıqda öncü olmalıdır. Ancaq tam və qərəzsiz informasiyaya sahib olan sahibkar düzgün qərarlar verib biznesini uğura doğru apacaqdır.

Biznes qurmaq asan deyil. Uğurlu biznes qurmaq isə həddsiz dərəcədə çətindir. Bu yazıda diqqətinizə təqdim etdiyim 12 bacarıq biznesinizi irəli aparmağa kömək edəcək, sahibkar olaraq işinizi asanlaşdıracaq və effektivliyini artıracaqdır.