Şahdağ: Turisti bol, qiyməti “od tutan” turizm mərkəzi niyə hələ də büdcədən asılıdır?

Date:

Paylaş:

Yol boyu qar olmasa da, Şahdağa yaxınlaşdıqca, bəzi yüksək yerlərdə qar görünür. Bakıdan gələn avtobusdakı məktəblilər sevinir, “Qara bax!” deyə bir-birlərini səsləyirlər.

Avtobusdan düşən uşaqlar bir neçə günün qarıyla qartopu oynayıb “qurdlarını öldürəndən” sonra kanatla dağa qalxmaq üçün kassa qabağına tələsirlər.

Səhər saatları olsa da, Bakıdan 230 kilometr şimalda yerləşən Qusardakı Şahdağ Turizm Mərkəzində kassaların qarşısında adam əlindən tərpənmək mümkün deyil. Uzun növbəyə durmaq cansıxıcı olsa da, kanatla dağa qalxmaq üçün bilet almağa məcbursan.

Növbənin çatması təxminən 1 saat çəkir. Uşaq üçün 10, böyüklər üçün 15 manat olan biletin yeganə zövqü xizək sürməyənlər üçün kanatla qalxıb-düşmək, bir də dağın başında qartopu oynamaqdır.

Kanata ağır çantayla, su dolu plastik qablarla çıxanlar gözə dəyir. Dağın başında kafe olsa da, çoxu özüylə yemək götürüb.

“Bakıda 2-3 manata satılan hamburqeri 12 manata aldıq”, Şahdağ Turizm Mərkəzinə istirahətə gəlmiş Tamilla Qafarova deyir.

O, xidmətlərin qiymətindən narazıdır, kanatdan sonra uşaqları üçün xizək dəsti götürüb və bir cütünə və sahədə sürmək üçün 55 manat ödəyib.

“Xizəyi alırsan 30 manata, onu sahədə sürmək üçün də əlavə 25 manat ödəməlisən. Anlamıram, xizəyi alıb foyedə sürəsi deyiləm ki? Hələ xizək sürmək üçün lazım olan dəstə də 50 manat xərcləməlisən”. Yanvarın əvvəllərində Şahdağda ailəsi ilə dincəlmiş Cəmilə Hüseynova 3 günlük istirahətin ailə büdcəsini “əməllicə silkələdiyini” deyir.

“30 qəpiklik su 4 manata satılır”, o şikayətlənir, əlavə edir ki, Şahdağ Turizm Mərkəzi daha çox imkanlı turistlərə cəlbedici görünə bilər, amma orta gəlirli azərbaycanlı bu mərkəzin xidmətlərindən bir-iki gün istifadə etmək üçün nələrəsə qənaət etməlidir.

Əsası 2009-cu ildə dövlət büdcəsi hesabına qoyularaq, 2011-ci ildən sonra istifadəyə verilmiş “Şahdağ Turizm Mərkəzi” QSC hələ də büdcədən dotasiya alır.

Bizplus.az bbc.com/azeri-yı istinadən xəbər verir ki, antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin reyestrindəki məlumatlara əsasən, bu il Şahdağ Qış-Yay Turizm Mərkəzinə 356 min manat maliyyə vəsaiti ayrılıb.

Qurumun müdiriyyəti Mədəniyyət Nazirliyinə, mərkəz özü isə Dövlət Turizm Agentliyinə tabedir.

Şahdağ Turizm Mərkəzinin marketinq departamentinin rəhbəri Rauf Jahangirov BBC News Azərbaycancaya bildirib ki, 2018-19-cu il qış mövsümü üçün təqribən 100.000-150.000 arası ziyarətçi qəbul etməyi hədəfləyib.

Burada təklif edilən məhsul və xidmətlərin qiyməti isə “rəqabətlilik və bazar tələblərinə əsasən” müəyyənləşib, o bildirib.

Rauf Cahangirovun sözlərinə görə, kompleks ərazisində olan 4 otel və restoranlar müxtəlif kateqoriyalı müştəri seqmentlərinə xitab edir. “Ən əlçatan otel olan Zirve Hotel dörd ulduzlu, digərləri isə beş ulduzludur”.

Zirvə otelində bir gecənin qiyməti həftəiçi 125, həftəsonu üçün 155 manatdır. Bu məbləğə yalnız səhər yeməyi daxildir, 35 manata nahar, 45 manata isə şam edə bilərsiz.

Yəni, Şahdağda bir günlük istirahətin minimum xərci bir adam üçün 300 manatdan çox vəsait tələb edir.

Turizm Mərkəzi kompleksin illik gəliri barədə BBC News Azərbaycancanın suallarını cavablandırmayıb.

Kompleksin tabe olduğu Dövlət Turizm Agentliyinin (DTA) sözçüsü Kənan Quluzadə bildirib ki, onlar qiymət siyasətinə qarışmırlar, “yalnız turizm strategiyasının təşkilinə” cavabdehdirlər.

“Biz mərkəzdə turizm pontensialının təbliğatı, kollektivlə iş və təlimlər keçirilməsinə yardımçı oluruq. Geri qalan bütün biznes işlərini, o cümlədən, qiymətləri qurum və burada fəaliyyət göstərən özəl strukturlar bəlirləyib, həyata keçirirlər”, cənab Quluzadə deyib.

Şahdağ “özəl bisnesin əlində olsaydı..”

“Turan” İnformasiya Agentliyinin əməkdaşı, büdcə vəsaitləri üzrə araşdırmaçı jurnalist Hafiz Babalı dövlətin indiyə kimi bu kompleksə “bu qədər vəsait yatırmasına rəğmən buradakı otellərin yalnız imkanlı şəxslər üçün nəzərdə tutulduğunu” deyir.

Onun sözlərinə görə, günlük xərclər ölkədə mövcud olan bir aylıq minimum istehlak səbətinə yaxındır.

“Bu, əhalinin aztəminatlı təbəqəsini bu cür istirahətdən məhrum edir. Daha azulduzlu və daha əlçatımlı xidmətlər təklif olunmalı idi ki, aztəminatlı təbəqə buradakı xidmətlərdən istifadə edə bilsin”, Hafiz Babalı əlavə edir.

Hər il ayrılan vəsaitdən əlavə dotasiyaların verilməsi və bu qurumdan heç bir qazancın əldə olunmaması həmin kompleksin lazımlılığını “sual altına” qoyur.

“Quruma xərclənən vəsaitin əvəzində heç bir gəlir əldə olunmursa və kompleks orada olan özəl şirkətlərin gəlir əldə etməsinə xidmət edirsə bu quruma büdcədən bu qədər vəsait ayırmaq vacibdirmi, ümumiyyətlə, belə olan halda bu qurum bizə lazımdırmı?”

Hafiz Babalı deyir ki, kompleksin ərazisində fəaliyyət göstərən otellər kompleksin bütün infrastrukturundan heç bir əlavə ödəniş etmədən istifadə edirlər.

Jurnalist həmin otellərin “böyük ehtimalla, gəlir də əldə etdiklərini” deyir.

Cənab Babalı düşünür ki, bu, rentabelli biznesdir və Şahdağda idarəetmə dövlətin əlində olmayıb, özəl bisnezin əlində olsaydı, vəziyyət fərqli ola bilərdi”.

“Biz ora yatırılmış vəsaitlərin geri qayıtmasını gözləyirik, amma kompleks elə bərbad idarə olunur ki, nəinki qoyulan investisiyanı geri qaytarır, üstəlik, dövlət büdcəsinin asılılığından da azad olmur”.

Dövlətin bir quruma dəstək olmaq üçün subsidiya verməsini qanunamüvafiq sayan Hafiz Babalı burada yanlışı “hesabatlılığın yoxluğu”nda görür.

“2017-ci ilin maliyyə hesabatını yayımlamadılar. 2016-cı ilin hesabatı isə yarımçıq qoyulmuşdu. Bu pullar bizim pullarımızdır və bizə heasabat verilməlidir ki, bu qurum əldə etdiyi maliyyə nə dərəcədə doğru-düzgün istifadə olunur. Verilən subsidiya təyinatı üzrəmi verilir?”

Cənab Babalı deyir ki, “dövlət tikibsə belə, bu kimi işlərdə icraçı olmamalı, hərrac keçirilməli, qurum London və ya Türkiyə birjasına çıxarılıb, ayrı-ayrı səhm hissələrilə satılmalıdır”.

Buradakı digər bir problemin idarəetmə və maliyyə vəsaitlərinin istifadəsi ilə bağlı olduğunu dilə gətirən Hafiz Babalı xarici idarəçilərin də cəlb olunması ilə külli-miqdarda pul xərclənməsini satınalma zəncirinin təşkili, otellərin təchizatı, təmir-bərpa işləri ilə bağlı idarəetmə ilə əlaqələndirir.

Bir-iki ilə “heç bir maliyyə yardımı olmayacaq”

“Bu kompleks Azərbaycanda təzə yaradılır, bura axın da çoxdur. Ancaq orada hər şey normal təşkil olsa, özü-özünü dolandıra bilər”, Milli Məclisin üzvü Vahid Əhmədov deyir.

Deputat hesab edir ki, bu turizm mərkəzi “bir-iki ildən sonra” özü-özünü maliyyələşdirə biləcək.

“Ora maraq həddindən artıq çoxdur. Mən özüm də bir neçə dəfə orda olmuşam. Otellərdə bir çox hallarda boş yer olmur. Bu da ora olan marağı göstərir.

Qanunla Şahdağ Qış-Yay Turizm Mərkəzi təsərrüfat obyekti kimi özü-özünü maliyyələşdirməlidir, düşünürəm ki, bir-iki ilə artıq ora dövlət tərəfindən “heç bir maliyyə yardımı olmayacaq”, deputat deyir.

“Ancaq təzə təşkil olunmasını, turistlər tərəfindən ora olan marağı, yol-körpü çəkilişini, həmçinin, yeni otellərin tikintisini də nəzərə alaraq, Azərbaycan dövləti hələlik quruma yardım edir. Bir-iki ilə Şahdağ özü-özünü dolandıracaq”, cənab Əhmədov əlavə edir.

Qonşu Gürcüstanda xizək kefi

Bəzi Azərbaycan vətəndaşları xizək sürmək zövqünü yaşamaq üçün Şahdağa, Qəbələdəki Tufandağa yox, qonşu Gürcüstana gedirlər. Onlar bunu qiymətlərin daha ucuz olması ilə izah edirlər.

Yeni ili keçirmək üçün Bakurianiyə getmiş Nicat Quluzadə deyir ki, qonşu ölkədə 3 gecə 4 günlük istirahət onlara yol pulu ilə birgə 900 manata başa gəlib.

“Məsələn, Bakurianidə xizəklərin saatı 1 nəfər üçün 8 lari, bizim pulla 5 manat idi.

Otelin qiymətlərinə gəlincə, booking vasitəsi ilə təkcə istirahət etmək üçün 3 gecə 4 günə 4 ulduz otelə 600 manat ödəniş etdim. Buna bütün gün ərzində 3 dəfə qidalanma da daxildir. 200 manat bütün səfər boyu nəqliyyata xərclədim, taksi, avtobus, Bakıdan Tiflisə, Tiflisdən Bakurianiyə, oradan da geri qayıtma. Bir də yeməyə əlavə 50-60 manat xərcim çıxdı”, Nicat Quluzadə deyir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...