Xarici ölkələrə səfər edən zaman etdiyimiz ilk işlərdən biri də həmin ölkənin yaxud şəhərin ən məşhur yeməklərini, milli mətbəxini dadmaqdır. Lakin bu yeməklərin hansılar olduğunu təyin etmək biraz çətin məsələdir. Ya gərək yerli insanlardan soruşasan, ya da restoran personallarından. Belə olan halda da lazım olan çeşidi tapmaq çətin olur. İnternetdə isə axtarış edəndə 100-lərlə məlumatın içində itib batırıq.
Sırf bu problemi nəzərə alan yerli təşəbbükar Farid Mövsumov Türkiyə mərkəzli maraqlı bir startap yaradıb. Foodie Advice adlanan platforma sırf müxtəlif ölkə və şəhərlərin ən məşhur, seçilən yeməklərini istifadəçilərə ödəniş almadan tövsiyyə edir. Platformada hesab açan istifadəçilər bəyəndikləri yeməkləri seçib, listlərinə əlavə edə bilirlər. Sayta daxil olan kimi sizi dünyanın bir çox şəhərlərinin yer aldığı ana səhifə qarşılayır. Bu səhifədən olduğunuz yaxud səfər edəcəyiniz şəhəri seçməklə, həmin ərazidə məşhur olan yeməklərlə tanış ola, həmin yeməklər haqqında qısa təsvirdən məlumat ala bilərsiniz.
Farid Mövsümov və Zeynəb Mövsümov tərəfindən hazırlanan bu layihə Product Hunt üzərində yerləşdirildikdən sonra çox böyük marağa səbəb olaraq, günü 3-cü yerdə başa vurub. Hal-hazırda platforma Rus, Türk, İngilis və İspan dillərini dəstəkləməkdədir. Platformanın gəlir modeli reklamlar üzərindən qurulub və istifadə təmamilə ödənişsizdir.
Əlavə olaraq layihənin Android platfoması üçün tətbiqi də mövcuddur.