“Azərbaycanlı iş adamlarının yol verdiyi səhvlər bir çox biznesmenlər üçün xarakterikdir. Biz bir çox fikirləri bir araya gətirir və biznes anlayışına ayrılıqda nəzər yetirə bilmirik”. Bu fikirləri Azərbaycan Françayzinq Assosiasiyasının rəhbəri Elşən Musayev məsələ ilə bağlı verdiyi açıqlamasında səsləndirib. O, ən geniş yayılmış maliyyə səhvlərindən ibarət siyahı təqdim edən “Bankier.pl” portalının məlumatına da aydınlıq gətirib.
Heç bir iş adamı maliyyə səhvlərindən sığortalanmayıb. Həmin səhvlərdən bəziləri kiçik olmaqla yanaşı, həmçinin uzunmüddətli xarakter daşımayan səhvlər olur – məsələn, biz əlverişli investisiya mühitindən yararlanmaq imkanını əldən veririk. Digər səhvlər isə çox ciddi xarakter daşıyır, çoxsaylı problemlərin meydana gəlməsi ilə nəticələnir və insan həyatını dözülməz həddə çatdırırlar.
“Bankier.pl” portalının oxucuları məsləhət üçün tez-tez redaksiyaya müraciət edirlər. Onların müraciətlərində, əsasən, şəxsi faciələri, bu yolda qarşılaşdıqları çıxılmaz vəziyyətlər təsvir olunur. Belə vəziyyətlərdə borc əsas problem kimi qiymətləndirilir.
Polşa nəşri ən ciddi maliyyə problemlərinin əsasında duran səbəbləri və əksər biznesmenlər tərəfindən təkrarlanan sxemləri bir araya toplayıb:
1. Biznesin ailə büdcəsi ilə qarışdırılması.
2. Borcun borcla ödənilməsi, yəni yanğının benzinlə söndürülməsi.
3. Maliyyə çətinliklərinin öhdəsindən gəlmək üçün tətbiq olunacaq ən pis və qeyri-effektiv strategiya passivlik nümayiş etdirməkdir.
4. Heç bir maliyyə ehtiyatının olmaması.
5. Nikbin münasibət həyatda bir çox çətinliklərin öhdəsindən gəlməkdə insana kömək edir. Lakin ciddi maliyyə çətinlikləri ilə üzləşdiyiniz zaman həyata “çəhrayı eynək”lə baxmamağa çalışın. Unutmayın ki, şəxsi imkanlarınızın (məsələn, kredit əldə edən zaman) və ya potensial mənfəətinizin (məsələn, investisiya seçən zaman) həddindən artıq yüksək şəkildə qiymətləndirilməsi ciddi maliyyə probleminin başlıca səbəbi ola bilər.
Ekspert onu da qeyd edib ki, istənilən normal cəmiyyətdə biznes, əsasən, biznes-plan əsasında qurulur. “Bu plan ilk öncə insanın beynində formalaşır, sonra kağıza köçürülür. Lazım olan krediti əldə etmək üçün məhz bu plana ehtiyac duyulur. Çünki biznes-planda sərf olunacaq məbləğ, əldə olunacaq gəlir, investisiyanın qaytarılması və fors-major hallar barədə detallı şəkildə məlumat verilir.
Bizim ölkəmizdə isə bu tipli biznes-planlar olmadığına və insanların onu yalnız kredit almaq üçün tərtib etdiyinə görə, kritik vəziyyətlər gözlənilməz anlarda yaşanır və ciddi çətinliklər yaradır. Belə bir vəziyyətdə insan qısa zaman ərzində bu problemdən canını qurtarmağa çalışır. Əslində isə o, problemin yaranma səbəbini – kökünü müəyyən etməli və problemin həllinə məhz bu hissədən başlamalıdır”.
Sərmayəsiz şəxsi biznesə başlamaq
©banco.az