Rusiyada telekommunikasiyalara nəzarət edən dövlət qurumu internetdə virtual şəxsi şəbəkə – VPN saytlarına girişi bloklayacağı ilə hədələyib. Adı ingiliscə “virtual private network” ifadəsindən qısaldılmış VPN saytları istifadəçilərə Moskva tərəfindən bloklanmış internet saytlarına giriş verir.
Rusiyanın sərt internet qanunları axtarış mühərriklərindən bəzi nəticələri silməyi, mesajlaşma xidmətlərinin şifrə açarlarını hüquq-mühafizə orqanları ilə paylaşmasını və sosial media şəbəkələrini istifadəçilərin şəxsi məlumatlarını Rusiya daxilindəlki serverlərdə saxlamasını tələb edir.
VPN istifadəçilərə hakimiyyətin nəzarəti olmadan internet bağlantısı qurmaq, habelə bloklanmış saytlara daxil olmaq imkanı verir.
Rusiyanın telekommunikasiyalar nəzarətçisi – Roskomnadzor martın 28-də 10 VPN xidmətindən dövlət informasiya texnologiyası sisteminə qoşulmalarını tələb edib. Bu sistem eyni zamanda qadağan olunmuş saytların reyestridir.
Əgər sözü gedən VPN xidmətləri bu sistemə qoşulmağa razılıq verməsələr, onda istifadəçilər qadağan olunmuş və ya bloklanmış saytlara girə bilməyəcək, habelə yasaq olunmuş Telegram mesaj sistemindən istifadədən məhrum olacaqlar.
Roskomnadzor bildirib ki, bu barədə xüsusi xəbərdarlıqlar NordVPN, Hide My Ass!, Hola VPN, Openvpn, VyprVPN, ExpressVPN, TorGuard, IPVanish, Kaspersky Secure Connection və VPN Unlimited xidmətlərinə göndərilib.
Bu xidmətlərə cavab üçün bir ay vaxt verilib. Roskomnadzor bildirir ki, bu xidmətlərdən bir ay ərzində cavab alınmazsa VPN xidmətlərinə blok qoyula bilər.