Vençur investisiyaları üzrə Rusiya fondlarından biri Azərbaycanın Navigator.az adlı biznes-portalı ilə investisiya yatırmaq üçün danışıqlar aparır.
Tərəflər Navigator.az-ın fəaliyyət göstərdiyi Azərbaycan və Gürcüstanda servis və xidmətlərin genişləndirilməsi üçün resursun maliyyələşmə imkanını müzakirə edirlər.
İnvestisiyalar portalın təşviqinə də istiqamətləndirilə bilər – ilkin mərhələdə Azərbaycanda, daha sonra isə Gürcüstanda. Əldə olunmuş məlumata əsasən, Rusiya fondu layihədə minoritar pay sahibinə çevrilmək niyyətindədir.
O da məlumdur ki, Navigator.az yaxınlarda “Forbes” jurnalı tərəfindən 200 milyon ABŞ dollar həcmində qiymətləndirilən Rusiyanın “2ГИС” geo-lokasiya servisi ilə də davamlı danışıqlar aparır. Qeyd etmək lazımdır ki, hazırda “2ГИС” 9 ölkədə fəaliyyət göstərir və onun xidmətindən istifadə edənlərin sayı təxminən 30 milyon nəfər təşkil edir.
Navigator.az-da Rusiyanın vençur fondu ilə danışıqlar faktını etiraf etsələr də, kommersiya sirri səbəbilə həmin fondun adını açıqlamadılar. Resurs tərəfindən danışıqların təfərrüatlarını da açıqlamadı, və sadəcə onu qeyd etdilər ki, “söhbət portalın nəinki Azərbaycanda, həm də Gürcüstandakı mövqelərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsi üçün investisiyaların cəlb edilməsindən gedir”.
“2ГИС” ilə əməkdaşlığa gəldikdə isə Navigator.az-da qeyd etdilər ki, “həmin xidmət Azərbaycan bazarında çox maraqlıdır, və hazırkı mərhələdə iki təşkilat arasındakı əməkdaşlığın formatı müzakirə edilir”.
© Managers.az