Reklam mesajının inandırıcı olması üçün 20 üsul

Date:

Paylaş:

İnsanlar artıq reklama inanmır. Daha doğrusu əvvəlki qədər inanmır. Təkçə ona görə yox ki, reklamların bir hissəsi yalan və uydurma olub. İnsanlar reklam verənin reklam vasitəsilə malını satmaq istədiyini bilir və malını satmaq üçün nələrə hazır olduğunu da təxmin edir. Amma bu o demək deyil ki reklamdakı mesaj yalan olmalıdır – azca şişirtmə, daha gözəl tərzdə göstərmə ola bilər. Amma heç bir halda insanları yanıldan və səhv düşüncə yaradan olmamalıdır. “Reklam mesajının inandırıcılığı üçün nələr etməliyəm?” sualına cavab axtarırsınızsa bloq yazısını sona qədər oxuyun.

Reklam mesajını seçəndə nəyə diqqət etmək lazımdır? Reklamdakı mesaj bu reklamı izləyən potensial müştəridə əlavə maraq və onu almaq həvəsi yaratmalıdır. Reklamda maldan istifadə qayda və şərtləri, malın xüsusiyyətləri və faydası haqqında məlumat potensial müştəridə şübhə yox, etibar yaratmaqlıdır. Bunun üçün reklam mesajının ilk növbədə inandırıcı olmalıdır.

Reklam mesajının inandırıcı olması üçün aşağıdakı 20 üsuldan istifadə edə bilərsiz:

1. Reklam mesajı üçün ideya axtararkən müştərinin özü ilə söhbət edin. Onun dərdlərini və istəklərini dinləyin. Onu danışdığı dili, işlətdiyi ifadələri yadda saxlayın. Əldə etdiyiniz bu informasiyanın hazırlayacağınız reklam mesajında istifadə olunması oxşar müştərilərdə “ürəyimdən oxudu”, “mənim dərdimi (istəyimi) nə qədər də yaxşı bilir” düşüncəsini yaradacaq.

2. Müştərinin yaşadığı problemi reklam mesajında ona sual olaraq verin. Bu sual potensial müştərinin diqqətini çəkəcək, onu reklamı sona qədər izləməyə vadar edəcək və təqdim etdiyiniz həlli çarə kimi qəbul etməyə təkan verəcəkdir.

3. Reklam mesajında özünüzü insanlardan azca daha məlumatlı, azca bacarıqlı və azca uğurlu kimi göstərin. Heç kim özündən razı insanları bəyənmir – reklamda bu cür insanların göstərilməsi isə reklam olunan brendə qarşı da oxşar emosiyalar yaradır. Özünüzü dost olaraq təqdim edin, reklam mesajının ton və tərzini dost söhbəti kimi ifadə edin.

4. Reklam mesajınızda ilk olduğunuzu qeyd edin. Nədəsə pioner olanlar, bir işi ilk görənlər daha təcrübəli görsənir, daha inandırıcı olur.

5. Reklam mesajınızı emosional edin. İnsanın müxtəlif emosiyalarına xitab edən mesajlar daha səmimi və deməli daha inandırıcı olur.

6. Reklam mesajında müştəriyə tanış olan məkanlar göstərin. İnsanlar tanıdıqları mesajda özlərini daha rahat hiss edir və deyilənə inanmağa meyilli olur.

7. Reklam mesajınızı şəxsiləşdirin – insanlar gördüyü və tanıdığı şəxslərə daha çox etibar edir. Reklam mesajını çatdıran məşhur da insanların sevdiyi və etibar etdiyi şəxs olmalıdır.

8. Reklam mesajdakı səslənən fikri valideyn və ya müəllimin dilindən səsləndiyi tərzdə deyin. Valideyn və müəllimlər avtoritet sahibidir və onların dedikləri də şübhə doğurmur.

9. Reklam mesajında düşmən obrazı yaradarkən müştərinin yanında olduğunuzu göstərin. Amerika filmlərində “Pis polis, yaxşı polis” oyununu xatırlayın: pis polis təqsirləndirilən şəxsə hücum edir, yaxşı polis isə həmin şəxsin etibarını qazanmaq üçün bu hücumların “qarşısını almağa” çalışır.

10. Reklam mesajının əsas fikrini müştərinin özünün dilindən səsləndirin. İnsanlar onlara yaxın olanların dediklərinə daha asan inanır. Müştəriyə verdiyiniz faydanı onun kimi real müştəri deyəndə bu mesaj daha inandırıcı olur.

11. İnandırıcı eklam mesajını hazırlamaqda çətinlik çəkirsinizsə müştərinizdən yardım alın. Bir növü müştərinizi öz vəkilinizə çevirin. Misal üçün sosial mediada sizə qarşı hücumlar olarsa sadiq müştərilərinizin yazdığı şərhlər digər insanlara daha real görsənəcək.

12. Reklam mesajınızda “belə düşünürəm, belə deyirlər” kimi ifadələrdən çəkinin, deyilən mesajı müştərinin qabağına fakt kimi qoyun. İnsanlar özünə əmin olan, əminliklə danışan insanlara daha çox inanırlar.

13. Reklam mesajında çatdırmaq istədiyiniz əsas fikri bir neçə dəfə təkrar edin. Müştəriniz ikinci-üçüncü dəfə deyilən fikri sanki daha əvvəl eşitmiş kimi qəbul edib, inanmağa meyilli olacaq.

14. Reklam mesajını müsbət bir emosiya ilə əhatə edin. Müştəri hər dəfə sizin reklam mesajını görəndə yaşadığı müsbət emosiya ona mesajı daha yaxşı yadda saxlatdıracaq və inandırıcığını artıracaq. Hər dəfə də həmin emosiyanı yaşayanda sizin məhsul yadına düşəcək.

https://www.youtube.com/watch?v=c3_O_nm1ZLs

15. Reklam mesajında rəqəmlərdən istifadə etməlisinizsə yuvarlaqlaşdırmayın. 14,2% insanlara 15%-dan daha çox inandırıcı səslənəcək.

16. Reklam etdiyiniz məhsulun bazarda ən yaxşısı olduğunuzu deməyin. Nədəsə ən yaxşısı ola bilərsiz, amma heç kim hər şeydə yaxşı ola bilməz. Volvo maşınları ən təhlükəsiz maşımlar hesab olunur, amma heç də ən yaxşı maşın deyil. Ən azından əksər insanlar üçün :).

17. Reklam mesajınız yadda qalan olmalıdır. Yadda qalmayan, tez unudulan informasiya insanlara lazımsız və hardasa az inandırıcı kimi gəlir. Yaddaşına həqq olunan məlumat isə zamanla insanın beynində mütləq həqiqət olur.

18. Reklam mesajında çalışın birbaşa şəxsə müraciət edin. İnsanların üzünə deyəndə onlar həm daha çox diqqət edir, həm də verilən mesajı şəxsi qəbul edərək bu barədə düşünməyə başlayır. Beyin isə elə qurulub ki, bir informasiyanı düşünməyə başlayanda nəticədə lazımlı və həqiqi olduğuna qərar versə insan onun həqiqət olduğuna inanacaq.

19. Reklam mesajında mötəbər qurumlardan istifadə edin. Qida istehsalçıların aldığı sertifikatlar, tətbiq etdiyi standartlar, brendlərin aldığı mükafatlar, mütəxəssislərin sahib olduğu diplomlar kimi.

20. Reklam mesajınızda sabit olun. Zaman keçdikdə reklam mesajınızı dəyişirsizsə potensial müştərinizi çaşdıracaqsınız. Amma illər boyu eyni mesajı deyirsinizsə potensial müştəriniz ona inanmağa başlayacaq.

İşləyən reklam inandırıcı reklam mesajına sahibdir. Yayımladığınız reklamın sizə müştəri və satış qazandırmasını istəyirsinizsə reklam mesajınızı inandırıcı edin. İnanıram ki, bloq yazısında qeyd etdiyim 20 üsul bu işdə köməyinizə gələcəkdir.

mktg.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...