Biz artıq xəbər vermişdik ki, Redmi brendinin yeni K20 smartfon seriyası Avropada Xiaomi Mi 9T adı ilə satışa çıxacaq. İndi isə həmin smartfonun Avropada hansı qiymətə satılacağı barəsində məlumat ortaya çıxıb. Belə ki, İtaliyanın Grossoshop adlı online mağazasında K20 (Mi 9T) smartfon modelinin üç versiysı aşkar edilib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 360 avroya, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model 380 avroya, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib model isə 500 avroya satılacaq.
Nəzərə alsaq ki, K20 modeli Snapdragon 730 prosessoru ilə təchiz olunub, bu cür qiymət göstəricisi yaxşıdır. Avropa bazarında Xiaomi Mi 9T Pro (K20 Pro) modelinin hansı qiymətə satılacağı barəsində bir məlumat yoxdur. Sadəcə olaraq güman etmək olar ki, onun qiyməti adi Xiaomi Mi 9-un qiyməti səviyyəsində olacaq. Qeyd etmək lazımdır ki, Xiaomi Mi 9T modeli Full HD+ keyfiyyətli 6.4 düym OLED ekran, 20 MP-lik ön kamera, 48 MP + 12 MP + 8 MP üçlü arxa kamera və 17 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.