Rəsminə Qürbətova 1981-ci ildə Bakı şəhərində dünyaya gəlib. 2005-ci ildə Bakı Dövlət Universiteninin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. 10 ilə yaxın bir dövrdə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyasının Bakı nümayəndəliyində çalışaraq daxili və xarici kommunikasiya məsələlərinə və müxtəlif layihələrin icrasına cavabdeh olub. 2012-ci ildə “Rəsm” brendini yaradaraq zinət əşyalarının tərtibatı sahəsində sahibkarlıq fəaliyyətinə başlayıb.
“Rəsm” nədir və dünyaca məşhur Azərbaycan xalılarının ornamentlərini və Azərbaycanın hazırda müəyyən mənada “yaradıcılıq böhranı” keçirən zərgərlik bazarının ənənələrini bir brenddə birləşdirmək necə mümkün olub?
Materialımızda və sahibkar Rəsminə Qürbətova ilə söhbətimizdə bütün bunlar haqqında məlumat ala biləcəksiniz.
“Mən belə məsələlərdə sadəcə rəqəmlərə əsaslanmıram. Sadəcə dörd il keçəndən sonra birdən başa düşdüm ki, nə vaxtsa sadəcə böyük arzu olan şey mənim üçün gündəlik işə çevrilib.
Mənim daimi işimi tərk edib öz biznesimi qurmağım yaxınlarım üçün əsl şok oldu. Elə mən özüm də “Rəsm”in yaranması üzərində işləyərkən bu işin məni özünə belə əsir edəcəyini düşünmürdüm. İndi isə başa düşürəm ki, mənim başqa yolum yox idi.
Amma əsas odur ki, indi – dörd ildən sonra belə mən əsas xüsusiyyəti milli ornament və naxışların istifadə edilməsi olan zərgərlik məmulatları ilə işləməyə başladığım həvəslə işimə davam edirəm. Əsas məqsədim isə mədəni irsimizin təşviq edilməsi və populyarlaşdırılmasıdır”, – Rəsm zərgərlik brendinin əsasını qoymuş Rəsminə Qürbətova 1news.az-la söhbətində dedi.
– Həvəs nəyə görə dəyişməyib: şəxsi işiniz daxili məmnuniyyət gətirdiyinə, yoxsa gəlir gətirməyə başladığına görə?
– Hər iki səbəbdən. Amma mənim üçün əsas stimul məşğul olduğum işdən aldığım emosional həzdir. Əminəm ki, ürəyini və ruhunu qoyduğun hər şey həmişə nəticə verir. Üstəlik, işə belə münasibət hansısa nailiyyəti daxili məcburiyyət hissinə görə deyil, işinizi sevdiyiniz üçün qazanmağınıza təkan verir. Həm də… Mən işimi “100% biznes” adlandırmazdım.
– Bunu necə başa düşək?
– Çox vaxt biznesdə deyirlər ki, “işə özünü tamamilə verib günün 24 saatı işləməlisən. Mən nə əvvəllər, nə də indi belə fikirləşməmişəm. Zamanla başa düşürsən ki, işə belə münasibət göstərmək özünü həlak etməkdir. İşi nə qədər sevirsən-sev, işdə “yaşamaq” olmaz. Yoxsa ya dəli olacaqsan, ya da emosional olaraq tükənəcəksən.
Mən indi “Rəsm”ə yolumun əvvəlində olduğu kimi, sevimli işim kimi, övladım kimi baxıram… Düzdür, o, həm də biznesdir.
Bir az zəhmət versəm, hansısa heyranedici effektə kifayət qədər tez nail ola bilərəm. Amma bu zaman anlasam ki, özümü bu “sıçrayışa” yorğunluq, ilhamın olmaması və ya hər hansı başqa səbəbdən tam həsr edə bilməyəcəyəm, onda bunu etməyəcəyəm. Ona görə ki, məncə, belə hallarda iş mənim çəkdiyim zəhmətə dəymir.
Əlbəttə, şəxsi işinin olması yalnız özünün qarşısında deyil, işin başqa iştirakçıları qarşısında da məsuliyyət daşımaq deməkdir. Buna görə də, mən qərarlarımı mümkün qədər götür-qoy edib verməyə çalışıram. Amma mən yenə də insanam və bəzən uğurlu, bəzən isə yanlış qərarlar qəbul edirəm. Ən əsası odur ki, bu və ya digər müvəffəqiyyətimi təhlil edərkən, onu qazanarkən emosional olaraq böyük məğlubiyyətə uğradığımı başa düşməyim.
Mənim istədiyim “Rəsm”in tədricən, yavaş-yavaş inkişaf etməsidir.
– Bu dörd il ərzində hər şeyi atmaq istədiyiniz olubmu?
– Olub. Bəzən hisslər ağıla üstün gəlir. Onda bir az gözləmək, sakitləşdikdən sonra hər şeyi təhlil edib nə etmək lazım olduğunu, hansı hədəfin doğru olduğunu başa düşmək lazımdır.
– Çoxları hələ də əmindir ki, şəxsi biznes yalnız iki komponentdən ibarətdir: boş vaxtdan, bir də böyük qazancdan. Siz isə, xatırladığım qədəri ilə, özünüz üçün qat-qat daha çox işləmək lazım olduğunu qeyd etdiniz. Bəs indi necə? Vaxtınızın istirahətə də yetməsi üçün hansısa qrafik hazırlaya bilmisiniz?
– Sözsüz ki, zamanla vaxtını daha effektiv şəkildə planlaşdırmağı öyrənirsən. Amma iş günü yenə də standart deyil. Sadəcə prioritetləri əsas tutub hərəkət etmək lazımdır. Bunun üçün isə prioritetləri düzgün qoyulmalıdır. Elə vəzifələr var ki, onlar yalnızca sənə aid olmur, onda şəxsi planlarını unutmalı olursan. Amma məncə, bu, tamamilə normal və düzgündür.
Mən “Rəsm”i əvvəldən nəticələri məndən sonra qalacaq bir iş hesab etmişəm. O, mənim salacağım izdir… Bəlkə də, kimsə bunun həddindən artıq pafoslu səsləndiyini düşünəcək, amma bu, mənim məşğul olduğum işə səmimi münasibətimdir. Həmişə istəmişəm ki, bəzək əşyalarımız nəsildən-nəslə keçsin. Bu isə o deməkdir ki, bu işin banisi kimi mənim də xatirəm yaşayacaq. Məni sevindirən və mənə ilham verən budur.
– Rəsminə, siz mənə sərgidə iştirak etməyinizdən və “Rəsm”i müstəqil brend kimi təqdim etmək arzunuzun yaranmasından bəhs etmişdiniz. Bu istiqamətdə uğur qazanmısınızmı?
– Bu yaxınlarda biz Bazeldə (İsveçrə) qiymətli əşyalar və saatların beynəlxalq sərgisində iştirak etmişdik. Orada “Rəsm”i çox müsbət qiymətləndirmişdilər. Artıq əməkdaşlıqla bağlı bəzi razılaşmalara da nail olmuşuq.
Bu günlərdə biz “Rəsm”i Parisdə “Village d’Azerbaidjan” mədəni tədbirində təmsil etmişik. Sərginin açılışında biz Azərbaycanın Birinci Xanımı Mehriban xanım Əliyevaya və qonaqlara ornament və tarixi abidələrdən ilhamlanmış kolleksiyamla yanaşı, yeni “Azərbaycan Xəritəsi” kolleksiyamı da təqdim etdik. Bu kolleksiyanın Bakıda təqdimatı tezliklə baş tutacaq. Biz bu xəritəyə əsasən sərginin qonaqlarına Azərbaycanın hər regionu haqqında danışdıq.
– İki il əvvəl siz demişdiniz ki, geniş ictimaiyyət üçün münasib olan qiymətdə kolleksiya yaratmaq istəyirsiniz.
– Bəli, o vaxt bu, yalnız arzu idi. Son iki il ərzində biz məhsulların yüksək keyfiyyətini saxlayaraq onların qiymətini daha münasib etmək üzərində işləmişik. Bu “qızıl orta”ya nail olmağımızın nəticələrini ictimaiyyətə tezliklə təqdim edəcəyik. Sadəcə mən əvvəlcə qarşımıza qoyduğumuz məqsədə – bəzək əşyalarını nəsildən-nəslə ötürmək üçün məhsullarımızın əsl qiymətə malik olmasına sadiq qalmaq istəyirəm.
– Siz brendin bütün kolleksiyalarının dizayn müəllifisiniz. Yeni ideyalarınız haradan qaynaqlanır?
– Əslində, onlar həmişə gəlir. Onlar tükənmir, sadəcə şəkil dəyişdirirlər. Həm də, mən özümün mənə bəzən mane olan bir xüsusiyyətimlə mübarizə aparıram. Mən yaratdığım hər şeyi daima daha mükəmməl etməyə çalışıram.
– Rəsminə, siz başqa biznes layihəsinə başlamaq istəmirsiniz?
– Yox, hələ ki belə istəyim yoxdur. Amma sosial layihələrlə daha yaxından məşğul olmaq istəyirəm. Bu yay bir neçə belə layihəni artıq həyata keçirmişik. Bu, “Rəsm”in Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Uşaqlar üçün Rəssamlıq Qalereyasında keçirdiyi mühazirə tsiklidir. Mən uşaqlara milli ornamentlərin tarixi haqqında danışdım, uşaqlar isə bu mövzuda rəsm sərgisində iştirak etdilər. Bu təcrübə mənim çox xoşuma gəlir və bu istiqamətdə işləməyə davam etmək niyyətindəyəm. Brendim üzərində işlədiyim illər ərzində bir çox yeni biliklər əldə etmişəm və onları paylaşmağa artıq səbirsizlənirəm. Yeri gəlmişkən, bu, bizim brendin əsas ideyası ilə, yəni milli mədəniyyət və incəsənətimizin populyarlaşdırılması ilə də səsləşir.
– Bəs siz Azərbaycanda sahibkarlığın hazırkı inkişaf səviyyəsini necə qiymətləndirirsiniz? İndi öz işini açmağın, deyək ki, 2000-ci illərdən daha çətin olmasından şikayətlənənlərlə razısınızmı?
– Mənim üçün bu dövrləri müqayisə etmək çox çətindir, çünki 2000-ci illərdə öz işimi aparmaqdan hələ çox uzaq idim, amma bu söhbətləri mən də eşitmişəm. Məncə, bütün məsələ ondadır ki, ölkənin qanunvericiliyi də indi inkişaf edir, yeni məhdudiyyət və qaydalar yaranır. O vaxt işlərin nisbətən asan getməsinin səbəbi isə məhz qaydaların olmaması idi. Həm də o vaxt bazar da daha azad idi: yəni bazar seqmentlərinin, demək olar ki, heç biri məşğul deyildi, bu da bacarıqlı adamlar üçün sözsüz üstünlükdür. Bununla belə, öz işini aparmaq tam realdır. Asan deyil, amma realdır.
– Rəsminə, bəs Azərbaycanın zərgərlik məmulatları bazarının indiki vəziyyətini necə qiymətləndirirsiniz?
– Bir müddət davam etmiş durğunluqdan sonra Azərbaycanda zərgərlik sektorunun yenidən inkişaf etməyə başladığını görmək mənim üçün xoşdur. Məncə, sektor yaxın gələcəkdə keyfiyyət və yaradıcılıq baxımından inkişaf gedəcək. Ən azından buna ümid edirəm. Ölkəmizdə bu sektorun böyük potensialı var və onun reallaşması zəruridir.
Ümumiyyətlə, Bakı həmişə zərgərləri ilə tanınıb. Sovet dövründə Bakı zərgərlik fabriki istehsal etdiyi bəzək əşyalarının keyfiyyəti və gözəlliyinə görə Sovet İttifaqında ikinci yer tuturdu. Lakin o vaxtlar bəzək əşyalarının dizaynında indiki müxtəliflik yox idi. Modellərin 10-a yaxın növü var idi. Bununla belə, onlar çox məşhur idi.
Zərgərlik məmulatları bazarının əsas fərqi isə alıcıların psixologiyasının dəyişməsindədir. Yəni əvvəllər biz “hamıda olandan” almaq istəyirdik, çünki bu, birincisi baha idi, ikincisi də prestijli.
İndi alıcıların istəkləri başqadır – onlar “yalnız özlərində olan” bəzək əşyası, yəni eksklüziv almaq istəyirlər. Bundan başqa, vacib bir qeyd etməliyəm ki, indi Azərbaycan alıcısı məhz yerli məhsullara üstünlük verir, qiymətli əşyanı alarkən onun yaşadığı müstəqil ölkədə istehsal edilməsindən də qürur duymaq istəyir.
– Başqa hansı çətinliklərlə üzləşmisiniz? Bakıda fərdi qaydada işləyən zərgərlər həmişə olub. Amma bəzi hallarla bağlı bağlanmış fabrik də var. Bu çətinliklər özəl sektorda da özünü göstərməyə bilməzdi.
– Fabrik Sovet İttifaqı dağılanda bağlandı. Ona görə də, onun bağlanması konkret olaraq mənim biznesimə təsir etməyib – mən işimi çox-çox sonralar açmışam. Amma fabrikin bağlanması, şübhəsiz ki, zərgərlik məmulatları bazarındakı vəziyyətə ümumilikdə təsir göstərib. Çünki bundan sonra ölkəyə xaricdən gətirilmiş zərgərlik mallarının böyük axını müşahidə olundu. Yeni gələn məhsullar bazarda o vaxt olan mallardan keyfiyyətcə çox üstün olduğundan bazarda disbalans yarandı. Bir çoxları rəqabətə tab gətirməyib zərgərlik mallarının istehsalından çəkildilər. Bəziləri fəaliyyət sahəsini kökündən dəyişdi, bəziləri isə kiçik “butiklər” açıb xarici məhsulların idxalı ilə məşğul oldu. Tək-tük adam çox vaxt əl ilə işləyərək müstəqil istehsala davam etdi.
Bu yerdə qeyd etməliyəm ki, o vaxtlar xaricdə artıq zərgərlik məmulatlarının istehsalı üçün yeni texnologiyalar istifadə olunurdu və geniş yayılmışdı. Bizim üçün isə bu tam yenilik idi. Lakin tədricən məhsulların burada da istehsal edilməsi üçün avadanlığın Azərbaycana da idxalı başladı. Amma idxal, əlbəttə, Sovet İttifaqı dövründə olduğundan daha kiçik miqyasa malik idi.
Üstəlik, yeni avadanlıq əl əməyindən demək olar imtina edilməsini (işin son mərhələsi istisna olmaqla) tələb edir. Bütün işləri “3-D” printer görür. Bu, zərgərin işini asanlaşdırdığı üçün bir tərəfdən yaxşıdır. Digər tərəfdən də, bazara bir hissəsi xaricdən gətirilən saysız-hesabsız saxta mallar çıxdı. Alıcı bunu başa düşdü və alternativlər axtarmağa başladı.
Dünyanın aparıcı zərgərlik brendlərində olduğu kimi əməyin ixtisaslaşmasına başladıqları üçün bir az qabağa çıxmağa başlayan kiçik bizneslər sonradan yaranmağa başladı.
– Amma istehsal ancaq avadanlıqdan ibarət deyil. Bu, həm də kadrlar, yəni ustalar və xammal deməkdir. İndi deyək ki, xammalın idxalı ilə bağlı hər hansı çətinlik varmı?
– İdxalla bağlı yox. Bu baxımdan nə gömrük, nə də vergi yoxlaması ilə problem yoxdur. Qanunları bilmək və bütün qaydalara riayət etmək kifayətdir. Kadrlarla iş isə bir az çətindir. Bizim xarici istehsalçılardan geri qalmağımızın əsas səbəbi istehsalın dəqiq ixtisaslaşması ilə təşkil edilmiş bizneslərin olmamasıdır.
Bizdəki kiçik müəssisələrdə ya hər kəs bir neçə “vəzifəni” yerinə yetirir, ya da kiçik özəl “zərgər dükanlarında” usta və şagirdi işləyir. Amma yerli istehsaldan olan keyfiyyətli eksklüziv zərgərlik mallarına tələb artıq mövcud olduğu üçün, məncə, bu, tezliklə dəyişəcək və istehsal genişlənəcək.
– Zərgərlik bazarına həsr edilmiş məqalələrdən birində oxumuşdum ki, özünün zərgərlik istehsalını açmaq üçün təxminən 10 min dollar miqdarında ilkin kapital lazımdır. Bu məbləğ doğrudan bəs edir?
– Xeyr. Söhbət istehsaldan gedirsə, bu, çox aşağı salınmış rəqəmdir. Bu vəsait ancaq kiçik mağaza açmağa kifayət edər.
– Rəsminə xanım, bəs məhsullarınızın saxtasının hazırlanması ilə üzləşmisiniz?
– Təəssüf ki, qarşılaşmışam. Bütün məhsullarımız patentləşdirilmiş olsa da, saxtalaşdırma olub, həm də bir dəfə yox. Əlbəttə, mən başa düşürəm ki, bu, “Rəsm” bəzək əşyalarının tanınmasından xəbər verir, amma bu, mənə ağır gəlir. Çünki biz hər məhsula, hər kolleksiyaya böyük zəhmət, hisslər, vaxt sərf edirik, sonra isə kimsə sadəcə onların surətini çıxarır. Saxta məhsulların keyfiyyəti orijinallardan çox-çox geri qalır. Amma, bununla mübarizə aparırıq.
– Əvvəl siz istehsalı yalnız xaricdə həyata keçirirdiniz. Bəs indi?
– İndi biz yerli ustaları da işə cəlb edirik və müvafiq olaraq istehsal burada da aparılır. Hətta məhsullarımızın böyük hissəsini Azərbaycanda istehsal edirik. İşini bilən peşəkarlarımız az deyil, əsas olan, onları tapmaq və işə maraq oyatmaqdır.
©1news.az
Məqalə Aİ – Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq” Proqramı ilə əməkdaşlıq çərçivəsində (və ya dəstəyi ilə/yaxud birlikdə) hazırlanmışdır.