Rəngkarlıq sənətində qazandığı uğurlar onu biznes qurmağa həvəsləndirib

0
1572
Ülviyyə Xeyrullazadə

“ABAD”ın dəstək göstərdiyi Bakı şəhər sakini Ülviyyə Xeyrullazadə rəngkarlıq sənəti ilə məşğuldur. Sənətkarın sözlərinə görə, təhsilini fərqli istiqamətdə alsa da, daim dekorativ-tətbiqi sənətkarlığa meyl göstərib.

Bu sənətin sirlərini öyrənmək üçün Ülviyyə xanım mütəxəssislərə müraciət edib və onlardan dərs alıb. O, özünü dekorativ-tətbiqi sənətkarlığın müxtəlif istiqamətlərində axtarsa da, sonda ürəyinə daha yaxın olan rəngkarlıq sənətini seçib.

Ülviyyə Xeyrullazadə xüsusi boyalarla şüşə qablar, stəkan və nəlbəkilər, eləcə də, şüşə lövhələr üzərində müxtəlif naxışlar çəkir.

Əvvəllər əl işlərini yaxınlarına hədiyyə məqsədi ilə hazırlayan Ülviyyə xanım peşəkarlığını artırdıqca, xüsusi sifarişlər əsasında da işləməyə başlayır.

Hazırladığı əşyalarda əsasən Azərbaycan mədəniyyətini əks etdirən milli ornamentlərinə üstünlük verən Ülviyyə xanım deyir ki, bu vasitə ilə o, həm də Azərbaycan mədəniyyətinin təbliğinə töhfə vermiş olur.

Sənətkar öz əl işlərində həmçinin milli xalçalarımızın çeşnilərini də əks etdirir, bu məqsədlə xalçaçılıq sənətinin sirlərini araşdırır, müxtəlif xalçaçı ekspertlərdən tövsiyələr alır.

Son 4 ildə rəngkarlıq sənətində qazandığı böyük uğurlardan ruhlanan Ülviyyə xanım bu sahəni öz ailə biznesi kimi inkişaf etdirməyə qərar verib.

Bu məqsədlə “ABAD”a müraciət edən sənətkar hazırda “ABAD”ın təqdim etdiyi satışın təşkili, marketinq, brendinq və dizayn kimi xidmətlərdən yararlanır.

Ülviyyə Xeyrullazadənin gözoxşayan zərif əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində satışa çıxarılıb. “ABAD” həmçinin sənətkarın satışlarını genişləndirmək üçün ona korporativ sifarişlərin hazırlanması istiqamətində də dəstək göstərir.

Ülviyyə Xeyrullazadənin sözlərinə görə, hazırladığı əl işlərinə artan tələbat, ailə biznesinin genişlənməsi onu bu sahəyə yeni şəxsləri cəlb etməyə, sənətin sirlərini onlara da öyrətməyə həvəsləndirir.