Əsas səhifə Biznes İş qadını Rəfiqəsinə ideya axtarırdı, özünə şirkət qurdu

Rəfiqəsinə ideya axtarırdı, özünə şirkət qurdu

“Uğur formulu” rubrikasında həmsöhbətimiz “Surprizim var” şirkətinin direktoru, gənc təşəbbüskar xanım Aytən Əliyevadır.

– Bu biznesə gəlişiniz necə olub?

– 23-24 yaşımadək təxminən 7 müxtəlif şirkətdə işləmişəm. Amma həmişə istəmişəm ki, öz biznesimi qurum. Bir gün özümdə bunu test etmək istədim. Mən bunu bacararam yoxsa yox, bilmirdim. Amma nə edəcəyim barəsində heç bir fikrim yox idi. Bir gün rəfiqəmin məndən ideya istəməsi nəticəsində bu biznesə gəldim. Ona ideya axtararkən öz ideyamı tapdım.

– Öz sahəniz olduğu üçün biznesi sırf bu sahədə, yəni dizayn, dekorasiya sahəsi üzərində qurdunuz?

– Xeyr, mən dizayner deyiləm. Sadəcə təşkilatçıyam. Tədbirləri təşkil edirəm, planlayıram, lazım olduqda idarə edirəm. Məsələn, bizim iri miqyaslı Novruz, Yeni il şənliklərimiz olur və bunlar 10-15 gün davam edir, bu tədbirlərə 30 mindən yuxarı insan qatılır. Bu işlərin təşkili, hazırlanması kifayət qədər məsuliyyət tələb edir.

– Reklamın biznesdə rolunu necə dəyərləndirirsiniz?

– Mən düşünürəm ki, reklam olmasa, biznes getməz. Xüsusən sosial mediadan. Çünki artıq televizorlara baxanların sayı azdır, küçə reklamları isə kifayət qədər xərc tələb edir. Sosial media isə az büdcə ilə çox sayda insana çata biləcəyimiz bir yerdir. Ümumiyyətlə, reklam olmasa, biznesin inkişafını düşünmək mümkünsüzdür.

– Rəqabətin biznesin inkişafında rolunu necə dəyərləndirirsiniz?

– Rəqabətin biznesin inkişafında rolu danılmazdır. Mütləq rəqabətə ehtiyac var. Xüsusən bizim sahədə ölkədə çox sayda şirkətlər var. Məsələn, bizim konseptə uyğun yeni şirkətlər açılanda bizdə daha çox məsuliyyət artır, daha çox işlər görməyə başlayırıq. Çalışırıq ki, daha çox önə keçək. Bu, sırf inkişafa xidmət göstərir. Yaxşı mənada buna paxıllıq da deyə bilərik.

– Bu bazarda kimləri özünüzə rəqib sayırsınız?

– Rəqib hər zaman rəqibdir. İşlərimiz, sektorlarımız oxşar olan istənilən şirkət, istənilən şəxs bizə rəqib sayılır. Əsas rəqib yox, sağlam rəqabətdir.

– Yaxşı işçi anlamına hansı keyfiyyətləri daxil edirsiniz?

– Can yandırmaq. Bir işçidə ən əsas fikir verdiyim xüsusiyyət budur. Can yandıran işçi mənə görə bütün yaxşı keyfiyyətləri özündə cəmləşdirir.

– Dövlət tərəfindən biznesin inkişafı üçün yaradılan hansı innovasiyaları və ya aradan qaldırılan hansı neqativ halları qeyd edə bilərsiniz?

– Bizim sektor sırf xidmət sektoru olduğuna görə burada innovativ vasitələrdən çox istifadə olunmur. Amma sırf kiçik sahibkarlıq üçün dövlət tərəfindən yaxşı dəstək var. Məsələn, verginin az olması bizə əlverişli imkan yaradır. Ümumiyyətlə, düşünürəm ki, bir gəncin rahat öz biznesini qura bilməsi üçün ölkəmizdə uyğun şərait var.

-Bu sahədə kifayət qədər təcrübəyə sahib və tanınan bir brendin yaradıcısı kimi belə bir biznes başlatmaq istəyində olanlara hansı məsləhətlər verərdiniz?

-Mən düşünürəm ki, bu addımda ən əsas özlərini çətinliyə hazırlasınlar, çünki çətinlik hər zaman olacaq.İstənilən işin bəhrəsinə çatmaq üçün müəyyən əziyyət və çətinliklərdən keçmək lazımdır. Biznesə başlayanda da mütləq belə hallar olacaq. Mən ən əsas onu tövsiyə edə bilərəm ki, fikirlərindən heç bir zaman dönməsinlər, həvəsdən düşməsinlər və daim hər nə olursa olsun, məqsədə çatmaq üçün irəli addımlasınlar. Bu zaman uğur özü onları gəlib tapacaq.

finans.az

Rəy bildir

Please enter your comment!
Please enter your name here