Kanadalı peşəkar poker oyunçusu Skott Vellenbax xeyirxah iş görüb. O, yarışda qazandığı 671 min dolları imkansız adamlara paylamaq qərarına gəlib.
Vellenbax Baham adalarında keçirilən PokerStars Caribbean Adventure turnirində üçüncü yeri tutub. Skott buddistdir və hesab edir ki, məhz bu dini inancı ona uğur qazanmağa kömək edir. 67 yaşlı poker oyunçusu buddizmin ona emosiyalarını cilovlamağa, ən kritik məqamlarda düzgün qərar verməyə yardımçı olduğunu düşünür: “Səninlə nə baş verdiyini anlayanda emosiyaların təsirinə düşmürsən, stolun üzərindəki hadisələri də diqqətlə izləyə bilirsən”.
Skottun dini inancı deyir ki, o, maksimum yaxşılıq etməlidir. O, poker oynamağı yaxşı əməl saymır, amma kasıblara kömək etməklə günahını yuduğunu düşünür: “Düzdür, pulların çoxunu oyun asılılığından əziyyət çəkən adamlardan udmuşam. Amma onlar mazoxistdirlər, buna görə də yaxşı oynaya bilmirlər”.
Vellenbax asudə vaxtlarında dini mətnlərin tərcüməsi ilə məşğul olur. Poker oyunçusu buna görə zəhməthaqqı almır.