Elçin Rüstəmov: “İdarəetmədə müvəffəqiyyətin əsas sirri sistemə bağlı insanlar yaratmaqdır, insana bağlı sistemlər yox”
“Pul kölgə kimi bir şeydir, arxasınca qaçsanız, ömür boyu ona çata bilməyəcəksiniz. Amma işi qurub irəli getsəniz, o özü sizin ardınızca gələcək. Öz işini professional formada gördükdə, pul istər-istəməz gəlir. Üç-beş ay gəlməyə bilər, amma əgər sistem uğurludursa, səhvləri araşdırıb düzəldirsinizsə, mütləq gələcək” – deyir və çalışdığı sahədə də bu prinsipi tətbiq edir. Bu prinsiplə, illərdir qarşıya qoyduğu planları reallaşdıran müsahibimiz “New ERA Travel” turizm agentliyinin rəhbəri Elçin Rüstəmovdur.
– Karyera yolunda atdığınız ilk addımlardan başlayaq.
– Ekologiya üzrə təhsil almışam, amma özümü turizm, biznes sahəsində gördüyüm üçün o sahəyə yönəlməyə çalışdım. “Jumeirah Bilgah Beach” otelində ofisiant olaraq işə başladım. 6 ay sonra qrup rəhbəri çıxdı və onun işlərini görməyə başladım, 9 ayın tamamında isə artıq qrup rəhbəri kimi təsdiq olundum. Qida-içki departamentinin rəhbərinin dediyinə görə, mənim kimi az təcrübəli birinin qrup rəhbəri təyin olunması rekord göstərici idi. Otel Bakıda açılışı olandan sonra işə başlamışdım. Amma açılışdan əvvəl otel fəaliyyət göstərirdi, məndən əvvəl orda çalışanlar və hətta bir neçə il digər otellərdə təcrübəsi olanlar vardı ki, onları yox, məni seçdilər. Mənim isə ilk iş təcrübəm orda idi.
– Sizcə, niyə daha çox təcrübəliləri deyil, sizi seçdilər?
– Rəhbərlik hər zaman işçinin gördüyü işin keyfiyyətinə, vaxtında yerinə yetirilməsinə fikir verir. Düzdür, təcrübə yox idi, ancaq onlar üçün daha vacib olan işin keyfiyyətidir. Hazırda bir çox adam iş tapmamağına səbəb olaraq hər yerdə təcrübə tələb olunduğunu əsas gətirir. Amma təcrübəsi olmadığı halda, çox adamı indiyə qədər çalışdığımız yerlərdə işə götürmüşük. Mən özüm də təcrübəsiz olduğum halda işə qəbul olunmuşdum. Rəhbərlik tapşırılan işin tam və yüksək səviyyədə icra edilməsini görməlidir. Bir növ qabiliyyətinizi qısa zamanda onların görmələrinə çalışmalısınız. İşə başlayandan 4-5 ay sonra rəhbərlik biləndə ki, Elçin filan işin üstündədir, arxayın olurdular. Otelin əsas restoranında işləyirdim, bəzən eyni anda 200-250 nəfər qonaq gəlirdi, bunu idarə etmək elə də asan deyildi. Bir də işə şəxsi məsələləri qatmamaq önəmlidir. Evdə kefsizsənsə, bunu işinə sirayət etdirməməlisən. Xəstən, başqa bir problemin varsa, icazə almaq olar, amma işdə kefsiz, əsəbi olub, bunu ətrafa ötürmək düzgün deyil. Mənim standart psixologiyam budur: ya işi keyfiyyətli gör, ya da uzaq dur.
– Maraqlıdır, qısa zamanda işi necə mənimsədiniz?
– Həyatda nəyəsə nail olmaq üçün öz üzərində çalışmaq və qarşına məqsəd qoymaq vacibdir. Oteldə vəzifə alanda da bilirdim ki, bir müddət sonra bu sahədə olmayacağam. Çünki otelin başqa departamentinə keçməyi hədəfləmişdim. İki-üç ay öncə – qida və içki bölməsində çalışarkən – satış və marketinq departamentinin rəhbərinə bildirmişdim ki, ora keçəcəyəm. Vəzifəm vardı, gəlirim də yaxşı idi, amma öz yerimdə olmadığımı bilirdim. Və öz yerimi tapmaq üçün irəli getməliydim, buna görə də qarşıma çıxan fürsətləri dəyərləndirib pillə-pillə qalxmalı idim. Öz yerimdə olmadığımı bilsəm də, işimi ən yüksək səviyyədə icra etməyə çalışırdım.
– İşləyə-işləyə öyrəndiniz?
– Bəli, elə də demək olar. İşə başlayandan 6 ay sonra qrup rəhbəri işdən çıxdı, onun işlərinin icrasını mənə tapşırdılar. Qrup rəhbəri Dmitri adlı bir Rusiya vətəndaşı idi, Azərbaycanda və eləcə də Rusiyada onlarla oteldə çalışmışdı. Düzdür, mənim ilk işim idi, ancaq zənnimcə, bacarıqlarım gözlərinə görünüb ki, o yerə təyin ediblər. Amma o adamın qida və içki sahəsindəki illərini müqayisə edəndə, mənim təcrübəm az idi. O, iş keyfiyyətini təcrübədən mənimsəmişdi, mən isə kitablardan oxuyurdum. Ancaq 6 ay oxumaqla, onun keçdiyi təcrübəni keçə bilməzdim. Qida sahəsində hər bir işi detallarına qədər bilirdi, mən isə oxumaqla sadəcə, ana sütunu öyrənmişdim. Qrup rəhbəri təyin edilən zaman belə, otel rəhbərliyinə dedim ki, Dmitrinin bildiyinin onda birini bilmirəm və onun təcrübəsinə sahib deyiləm. Onu deməsəydim, sonra mənim bilmədiyim şeyləri də tələb edə bilərdilər.
– Bir də rəhbər vəzifəyə təyin olunmaq üçün idarəetmə bacarığı olmalıdır…
– Məndə isə bu var idi. Zənnimcə, vəzifəyə təyin olunmağıma səbəb olan əsas üstünlüklərimdən biri də məhz bu idi. Bilirdim ki, hansı əməkdaş hansı vəzifədə özünü daha yaxşı doğruldar. Bütün ofisiantlar qrup rəhbərinə tabe olduğu üçün onları yönəltməyi bacarmaq lazımdır. Mən bunu bildiyim üçün tez bir zamanda irəliləməyi bacarırdım. Gördülər ki, sistemi qura bilirəm, bütün ofisiantlar mənə qulaq asır, bir sözlə, bu iş məndə alınır. İdarəetmədə müvəffəqiyyətin əsas sirri sistemə bağlı insanlar yaratmaqdır, insana bağlı sistemlər yox. Davamlı inkişafın səbəblərindən biri budur.
– Hansı pillələri keçdiniz, necə irəliləyirdiniz?
– Ofisiant olaraq başladım, sonra qrup rəhbəri oldum, ardınca qida və içki departamentinin menecerinin köməkçisi vəzifəsinə əsas namizəd göstərildim. Bir müddət sonra bu vəzifədən də artım olacağını bilirdim. Bir il sonra vəzifədə qalxacaqdım, amma o mərhələni gözləmədim. Keçdim rezervasiya və satış bölməsinə və orda çalışdım. Sonra “Divan” oteldə daha yüksək vəzifə təklif olundu, təklifi qəbul etdim. Ən sonda “Selective Hotels Swiss” qrup otelləri şəbəkəsində satış və marketinq direktoru vəzifəsindən ayrılaraq, şəxsi biznesimə başladım. Qısa müddətdə otel sahəsində ofisiantdan satış direktoru vəzifəsinə qədər bir yol keçdim.
– İş vardı və irəli gedirdiniz. Maraqlıdır, bəs öz işinizi qurmaq fikri necə yarandı?
– Mənim üçün həyatı planlı şəkildə yaşamaq vacibdir və o plana uyğun həyatımı istiqamətləndirməyə çalışıram. Qurduğunuz planı isə yazaraq onu məqsədə və ya hədəfə çevirirsiniz. Biri var qeyd olunmayan yerə atəş açasınız, biri də var ki, artıq hədəf bəllidir və siz atəşi hara açacağınızı bilirsiniz. Mən hətta bundan sonrakı 50 il üçün də planımı yazıb, hədəflərimi müəyyən etmişəm. Hər ilə görə öz planım var. Artıq yeni il gələndə, o illə bağlı planımı aylara bölüb, hər ay hansı işlər görülməlidirsə, icrasına başlayıram. Oteldə qida bölməsində vəzifəm və gəlirim yaxşı olduğu halda, satış bölməsinə ona görə keçdim ki, müəyyən müddət sonra işimi qurmaq planımda var idi. Yəhudilər deyirlər ki, əgər ağıllı insansansa, niyə başqası üçün işləyirsən? Burda söhbət mənim başqası üçün işləməyimdən getmir, sadəcə, bu bacarığımı öz işimi qurmaq üçün istifadə edə bilərəm. Hədəf olanda həyat da maraqlı olur. “Hər gün işə gedib-gəlim, maaşımı alıb yaşayım” psixologiyasını qəbul edə bilmirəm. Qətiyyən rahat olmaram və belə həyatı istəmərəm də. Ona görə də, hələ oteldə satış direktoru olanda, öz işimi qurmaq istiqamətində işlərə başladım, oradakı işimlə yanaşı, öz işimi də idarə edirdim.
– Ölkəyə gələn turistlərin sayı artdıqca, turizm agentliklərinin də sayı çoxalıb. Sizin agentlik nə ilə fərqlənir?
– İlkin mərhələ olaraq qurmaq istədiyim iş, xaricdən ölkəyə gələn turistlərin artırılmasıdır. Turizmlə bağlı başqa sahələr də xidmətimizə daxildir, amma əsas xaricdən turist cəlb olunmasıdır. Çünki qonağın gəlişi ölkəyə maliyyə axını deməkdir. Təbii ki, xarici turistləri cəlb etmək də ayrı bir bacarıq tələb edir. Agentliklərin bir çoxunun illərdir ki, turistlərə təklif etdikləri ölkələr var. Onları bizim ölkəyə də gəlməyə inandırmaq üçün gərək peşəkar iş görəsən. Turist niyə Avropanın tanınan ölkəsini qoyub, bizi seçməlidir? Bunu mən onlara təqdim etməliyəm. Quru-quru “bizdə filan şey var, bizə gəlin” deməklə olmur. Tələb və təklifin düzgün müəyyən olunması biznesin əsas hərəkətverici qüvvəsidir.
– Bəs gəlir necədir? Davam etməklə bağlı nə deyir?
– Deyir ki, davam elə, yaxşı olacaq (gülür).
– Hər il üçün öz planınız olduğunu dediniz. Qarşıdakı ildə nələr var?
– Qurduğumuz işi davam və inkişaf etdirmək fikrim var. Amma tək bununla da kifayətlənməyəcəyəm, turizm və biznes sahəsində digər işlərdə çalışmaq fikrim var.
©kaspi qəzeti