Əksəriyyətimizin sevimli brendləri var, lakin çox vaxt biz onların necə inkişaf etdiyini və bu və ya digər brendin populyarlığının arxasında hansı keçmişin dayandığını bilmirik. “Business Insider”in mütəxəssisləri müxtəlif şirkətlər və onların tarixi haqqında məlumatlar toplayaraq, “qaranlıq” və ziddiyyətli keçmişi olan brendlərin siyahısını hazırlayıblar.
Onlar şərh almaq üçün şirkətlərin özlərinə də sorğu yollayıblar, lakin heç də bütün şirkətlər cavab verməyiblər.
Beləliklə, “qaranlıq” keçmişi olan brendlərin siyahısını təqdim edirik:
“Hugo Boss”
Moda dizayneri Hugo Boss İkinci Dünya müharibəsi zamanı Nasist Partiyasının fəal üzvü idi.
Buna görə də təəccüblü deyil ki, onun şirkəti SS və “Hitlerügend” qüvvələri üçün uniformaların yaradılması ilə məşğul olurdu, bunun üçün isə çox vaxt Fransa və Polşadan olan məhbusların məcburi əməyindən istifadə edirdi.
Bir qədər sonra şirkət müharibə zamanı məcburi işləyənlərə təzminat ödəyən “Remembrance, Responsibility and Future Foundation” təşkilatına pul ianə edib.
“L’Oréal”
“L’Oréal”ın təsisçisi Ejen Şuller “La Cagoule” təşkilatının üzvü idi.
Bu, İkinci Dünya müharibəsinə qədər Fransanın demokratik hökumətini devirməyə çalışan gizli faşist cəmiyyəti idi.
“Koch”
Fred Kox-ata 1925-ci ildəmüasir “Koch Industries”in sələfi olan “Winkler-Koch Engineering Company” şirkətini təsis edib.
Ceyn Mayer “Dark Money” kitabında yazır ki, “Winkler-Koch” nasist Almaniyasında neft emalı zavodları tikməyə hazırlaşırdı.
“Koch Industries” şirkətinin nümayəndələri “Business Insider”in sorğusuna cavab veriblər və bildiriblər ki, Ed Kox Hamburq şəhərində neft emalı zavodunda işləməyə Almaniyanın Polşanı işğal etməsindən altı il öncə razılıq vermişdi.
Onların sözlərinə əsasən, Hitler rejiminin tiran xarakteri daşıdığını başa düşən kimi, sahibkar dərhal Almaniyanı tərk edib.
“IBM”
Edvin Blek 2001-ci ildə dərc etdirdiyi “IBM və Holokost” kitabında IBM-in 12 il ərzində nasist Almaniyasına bahalı texnoloji dəstək verməsi ilə bağlı fikir irəli sürüb. Bu ehtimal arxiv sənədləri əsasında edilmişdi.
IBM nümayəndəsi Blekin işinin bir neçə alim tərəfindən təkzib olunduğunu bildirib və əlavə edib ki, bundan əlavə, IBM və şirkətin bütün dünya üzrə işçiləri nasist rejimi zamanı törədilmiş cinayətləri yolverilməz hesab edirlər.
“Chanel”
Koko Şanelin “Sleeping with the Enemy: Coco Chanel’s Secret War” və “Coco Chanel: An Intimate Life” kimi iki bioqrafiyasında məşhur dizaynerin İkinci Dünya müharibəsi zamanı münasibətdə olduğu alman kəşfiyyatının zabiti Baron Hans Günter fon Dinkleycin gizli agenti olduğu fərz edilir.
“Volkswagen”, “Porsche” və “Audi”
Hazırda “Volkswagen”, “Porsche” və “Audi” avtomobil brendləri “Volkswagen Group”a məxsusdur. Bu brendlərin də kökü İkinci Dünya müharibəsinə gedib çıxan “qaranlıq” keçmişi var.
Ferdinand Porş məşhur alman mühəndisi və Nasist Partiyasının üzvü idi. Məhz onun şirkəti Hitlerin sifarişi ilə bütün dünyada məşhur olan “Volkswagen Juk” avtomobilini yaradıb.
“Audi”nin sələfi isə “Auto Union” idi. Bu şirkət də müharibə zamanı məcburi əməkdən istifadə edirdi.
“Adidas” və “Puma”
“Adidas” və “Puma” ayaqqabı brendlərinin təsisçiləri təkcə qardaş deyildilər. Adolf və Rudolf Dassler İkinci Dünya müharibəsi zamanı Nasist Partiyasının üzvləri idilər. İlk vaxtlar Dassler qardaşları bir işləyirdilər, lakin sonradan nədənsə aralı dəyib.
Adof “Adidas”ın, Rudolf isə “Puma”nın əsasını qoyub. Lakin qardaşların heç biri nasizmin həqiqətən də qatı tərəfdaşı deyildi.
Siyasi inancları “Adidas”ın qurucusuna afroamerika idmançısı Cessi Ouensin 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunları zamanı sponsorluğuna mane olmamışdı. Ouens həmin yarışlarda dörd qızıl medal qazanmışdı.
“Adidas”ın nümayəndəsi “Business Insider”ə bildirib ki, Adolf Dassler üçün idmançıların yeni zirvələrə çatmalarına kömək etmək siyasi baxışlarından daha vacibdir və şirkət Dasslerin alman tarixinin ən qaranlıq və ağır dövründə cəsarət nümayiş etdirməsindən qürur hissi duyur.
“Ford”
Henri Ford amerikalı biznesmen-innovator idi, lakin az adam bilir ki, o, XX əsrin əvvəllərində antisemit baxışlarını yayırdı.
Ford “The Dearborn Independent” qəzetini satın alıb və orada Amerikaya qarşı yəhudi sui-qəsdi haqqında iddia etdiyi bir sıra məqalələrini dərc edib.
“BMW”
Uzun müddət BMV-nin səhmlərinin ən böyük payına malik olan Kvandt ailəsi İkinci Dünya müharibəsi zamanı yəhudi sahibkarlarının əmlakını zorla əlindən alırdı.
Şirkət 2016-cı ildə qul əməyindən istifadə etməli və Nasist Partiyasını təyyarə və motosikletlərin istehsalı ilə dəstəkləməli olmağı ilə bağlı “dərin təəssüf” hissi keçirdiyini bildirib.