“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİ), İsveçrə Əməkdaşlıq Təşkilatının Gürcüstanda yerləşən Nümayəndəliyi Tovuzda 32, Oğuzda 2, Gədəbəydə 3 qadın sahibkarlar tərəfindən yaradılmış şirkətlərin açılmasına dəstək göstərib”.
Bizplus.az xəbər verir ki, bunu AQSİ-nin İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
S.Babayeva həmin müəssisələrin açılışının martın əvvəllərinə təsadüf edəcəyini bildirib: “Bu tipli müəssisələrə dəstək verməkdə məqsədimiz bölgələrdə yaşayan qadınların rifahını artırmaqdır”.
Onun sözlərinə görə, yeni şirkətlərin fəaliyyəti ümumilikdə kənd təsərrüfatının müxtəlif sahələrinə və xidmət sektoruna aid olan sahələri əhatə edir: “Müəssisələr arasında çörək emalı, şirniyyat sahəsi üzrə fəaliyyət göstərəcək kiçik müəssisələr, həmçinin kiçik həcmli restoran, qadınlar üçün fitnes klub və digərləridir. Bununla yanaşı, layihə çərçivəsində bir sıra qadınlara dərzilik kursları da keçirilib və həmin qadınlara tikiş avadanlığı paylanılıb”.
Qeyd edək ki, Azərbaycanda qeydiyyatdan keçmiş fərdi sahibkarların, təxminən, 20 faizini qadınlar təşkil edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 2019-cu ildə bildirmişdi ki, Azərbaycanda son 16 ildə 4327 qadın sahibkara 79,1 milyon manat kredit verilib. Qadın sahibkarlara verilmiş güzəştli kreditlər hesabına 6 797 yeni iş yeri açılıb.