“Qaçqınkom” ölmüş adama müavinət yazıb – Ötən illərin hesabatı

Date:

Paylaş:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində ciddi maliyyə pozuntuları və cinayət tərkibli əməllər aşkarlanıb. Bununla bağlı materiallar Baş Prokurorluğa göndərilib.

“Bizplus.az”  “Oxu.Az”- istinadla  xəbər verir ki, audit 1 aprel 2016 – 1 aprel 2018-ci illəri əhatə edib və Komitədə onun tabeliyində olan qurumlara dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsinə dair yoxlamalar aparılıb.

Audit 2016-2017-ci illər və 2018-ci ilin birinci rübü üzrə ümumilikdə 515 030,8 min manat vəsaiti əhatə edib.

Məlum olub ki, komitə və onun tabeliyində olan qurumların bəzi əməkdaşlarının dövlət qulluğuna qəbulu və onlara ödənilən əmək haqqı xərcləri qanunvericiliyin tələblərini pozub. Aparat işçilərinin ezamiyyə və nəqliyyat vasitələrinin yanacaq xərclərində artıq ödənişlərə yol verilib.

Azərbaycan prezidentinin 2017-ci il 23 yanvar tarixli, 1206 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərmanına əsasən, 01.01.2017-ci il tarixdən məcburi köçkünlərin yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə ödənişlər əvəzinə vahid aylıq müavinət müəyyən edilməsi təsbit edilsə də, müavinət almaq hüququ olmayan şəxslər üzrə də kommunal xidmət haqları ödənilib.

Yemək xərci üçün müavinət alan məcburi köçkünlərin adlı siyahıları ilə əraziləri işğal olunan rayonlar üzrə vəfat etmiş şəxslərin adlı siyahılarının üzləşdirilməsi zamanı müəyyən edilib ki, bir sıra hallarda məcburi köçkünün vəfat etdiyi tarixdən sonra müavinət ödənişləri davam etdirilib, nəticədə, dövlət büdcəsindən artıq müavinət ödənişinə yol verilib. Həmin vəsait müvafiq qaydada Komitə tərəfindən dövlət büdcəsinə bərpa edilib.

Eləcə də, kommunal xidmətlər üzrə adlı siyahılarda məcburi köçkünlərin ad, soyad və ata adları düzgün göstərilməyib, eyni şəxslərin adları dəfələrlə təkrarlanıb, vəfat etmiş, hərbi xidmətə çağırılmış, uzun müddət ərzində xarici ölkələrə getmiş və güzəştli kommunal xidmət hüququnu itirmiş məcburi köçkünlərin adları da siyahılardan tam çıxarılmayıb. Qanunvericilikdə tələb olunmasına baxmayaraq, adlı siyahıların dəqiqləşdirilməsi müntəzəm olaraq həyata keçirilməyib.

Seçmə qaydada yeddi ali təhsil müəssisəsi üzrə təhsil haqqından azad olmaq üçün təqdim edilmiş məcburi köçkün vəsiqələri barədə məlumatlar Komitənin müvafiq elektron məlumat bazası ilə üzləşdirilərkən 15 tələbənin ad, soyad və ata adları bazada aşkar edilməyib, Komitə tərəfindən təsdiq edilmiş müvafiq protokollarda isə həmin tələbələrə verilmiş məcburi köçkünlüyü müəyyən edən vəsiqənin daha əvvəl başqa şəxslərə verildiyi öz əksini tapıb.

Hesablama Palatasının Kollegiyası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və tabeliyində olan qurumlar tərəfindən artıqödəmələrin audit dövründə bərpasının nəzərə alınması və yol verilmiş nöqsanların qısa müddətdə aradan qaldırılması, o cümlədən dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinata uyğun xərclənməsinə və kommunal xidmət haqlarının yalnız qanunvericiliklə şamil edilən kontingent üzrə müvafiq normalar həddində ödənilməsinə ciddi nəzarətin təmin edilməsi tələb edib.

Məcburi köçkünlərin adlı siyahılarının dəqiqləşdirilməsi, təkrarlanmaların qarşısının alınması, eləcə də, dövlət vəsaiti hesabına kommunal xidmət göstərilən kontingentin dəqiq uçotunun aparılması məqsədi ilə vahid informasiya şəbəkəsinin yaradılması, Komitənin strukturuna daxil olan qurumların işçi və texniki ehtiyatları mövcud olduğu halda fiziki və hüquqi şəxslərlə müqavilələr bağlanılması hallarının aradan qaldırılmasını istəyib.

Tələb olunub ki, dövlət büdcəsindən ayrılan vəsaitlər məqsədyönlü və qənaətli istifadə edilsin, həmçinin, nöqsanlara yol vermiş vəzifəli şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilsin.

Hesablama Palatası verilmiş məcburi köçkün vəsiqələri barədə faktlar üzrə müəyyən edilmiş hüquq pozuntularının ciddiliyini nəzərə alaraq müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...