O, Amerikanın gəlmiş-keçmiş ən sirli milyarderi hesab edilir. Biznesindən tutumuş, məşuqələrinə, ölmünə qədər bütün həyatı təzadlarla, müəmmalarla doludur. Söhbət iş adamı, rejissor Hovard Robarda Xyuzdan gedir.
Anası onu çətinliklə dünyaya gətirir
Hovard Robarda Xyuz Texas ştatının kiçik şəhərində anadan olub. Atası iş adamı Hovard Robarda Xyuz, anası evdar qadın Allen Stoun idi. Hovard Robarda Xyuz ailənin yeganə övladı idi. Anası ona belə çətinliklə hamilə qalmışdı, eləcə də dünyaya gətirmişdi. Allen doğum zamanı o qədər qan itirmişdi ki, möcüzə nəticəsində sağ qalmışdı. Doğrusu, həkimlər onu əvvəlcədən xəbərdar ediblərmiş.
Sanninin xəstəliyi
Gələcək milyarderin atası “Hughes Tool Company”nin sahibi idi. Şirkət qazma avadanlığının istehsalıyla məşğuluydu. 20-ci əsrdə yaşanan neft bumu dövründə tez bir zamanda yüksəlməyə başlamışdı. Atası işilə əlaqədar daim məşğul olduğundan Hovard Robarda Xyuzun tərbiyəsi ilə əsasən anası maraqlanırdı. Hovardı Sanni (sonny – oğul) deyə çağıran Allen övladına qarşı həddən artıq həssas idi. Xüsusilə Sanninin gigiyenasına diqqət edərək onu infeksiyalardan və mikroblardan qorumağa çalışırdı. Nəticədə Hovard cəmiyyətdən təcrid edilmiş vəziyyətdə yaşayırdı. Daim bədəni dəqiq müayinədən keçirilirdi. Bununla belə 13 yaşı olanda gözlənilmədən ayaqları tutuldu. Həkimlər güman edirdilər ki, bu poliomielitdir. Amma bir neçə ay sonra naxoşluq qəflətən keçdi.
Uşaqlığı
Hovard uşaqlığında dinməz biri idi və başqa uşaqlarla münasibətdən çəkinirdi. Onun orta məktəbdə yeganə dostu atasının biznes ortağının oğlu Dadli Şarp idi. Buna görə, Hovard kiçik yaşından özünə məşğuliyyət tapmışdı. Belə ki, o, fizikanı, riyaziyyatı öyrənir, ixtiralara çalışırdı. Ciddi şəkildə fotolarla maraqlanırdı. Təhsilə gəlincə, valideynləri oxuduğu məktəbləri tez-tez dəyişdiyindən təhsili yarımçıq qalır. Məsələn, Hovard əvvəlcə elit özəl məktəb sayılan “Prosso Academy”də təhsil alır. Lakin sonra atası oğlunu həyat yoldaşının hədsiz diqqətindən xilas etmək üçün Boston yaxınlığındakı məktəbə göndərir. 14 yaşında isə onu Tetçer məktəbinə transfer edirlər. Amma o, Tetçer məktəbini də yarımçıq buraxır. Vaxtının çoxunu qolf klubunda keçirməyə başlayır. O qədər bu oyuna aludə olur ki, həyatına da təsir edir.
Ata-anası vəfat edir
Hovard valideynlərini gənc yaşda itirir. 1922-ci ildə anası, iki il sonra isə atası vəfat edir. Qohumları və şirkətin səhmdarları onun ailə biznesinin başına keçməyə hazır olmadığını irəli sürürlər. Lakin Hovard xarakter nümayiş etdirir. 1924-cü ildə atasının müəssisəsinin tək sahibi olur. Gündəliyində qarşısına qoyduğu üç məqsədi – Dünyaca məşhur qolf oyunçusu, ən yaxşı pilot və filmlərin prodüseri – deyə qeyd edir.
Onun nə dərəcədə yaxşı qolfçu olduğunu söyləmək çətindir, amma bu oyundan faydalı tanışlıqlar, müxtəlif işgüzar danışıqlar üçün istifadə edə bilir. 1925-ci ildə o, kino sənayesinin fəthinə başlayır. Hollivud sevgisi təkcə filmlə bitmir, bu sırada qadınları unutsaq, insafsızlıq olar. Bu barədə bir qədər sonra…
1932-ci il o, “Hughes Aircraft Corporation” şirkətinin əsasını qoyur. Şirkət təyyarə istehsalı ilə məşğul olur. Bu zaman Hovardın 27 yaşı var idi. Və o, hərbi sənaye sahəsində fəaliyyət göstərən ən gənc iş adamıydı. Hovard Xyuz haqqında “nəyə əlini atır qızıla çevirir” deyə bəhs edirdilər. O, doğrudan da atadan qalmış sərvəti dəfələrlə artırmışdı.
1966-cı ildə isə Las-Veqasa köçən Xyuz burada qumar biznesinə fokuslandı. 1970-ci ildə artıq Las-Veqasın bütün gəlirinin üçdə birinə nəzarət edirdi.
Qadınlar və Hovard
Kifayət qədər yaraşıqlı kişi olan Hovardın məşuqələrinin siyahısına kimlər daxil olmayıb ki… Aktrisa Djin Harlou, Djin Piters, Ceyn Rassel, Ketrin Xepbern, Ava Qardner, hətta Merlin Monoro da daxil olub. Milyarderin zövqü əsasən gənc, tünd saçlı və böyük sinəli aktrisalar idi. Belə xarici görünüşə sahib qadınlarla o, tez müqavilə bağlayır, onlara çoxlu pul xərcləyir, mənzil kirayələyir, şəxsi sürücü ayırırdı.
Yeri gəlmişkən, müqavilədə nə geyinmək, nə yemək lazım olduğu, kimlə görüşməyin mümkünlüyü qeyd edilirdi. Bundan əlavə, qızlar həkim nəzarətindən keçirilirdi. Hovard bunlarla kifayətlənməyib bəzən dedektiv tutur və məşuqələrini izlətdirirdi. O, həmişə eyni zamanda bir neçə məşuqə ilə münasibət saxlayırdı. Bunu sevgililərindən birinin onu bezdirəcəyi, özündən soyudacağı halda başqasının qucağında münasibəti tez unutmaq üçün edirdi. Qadınların diqqətini cəlb etməsinə baxmayaraq, iş adamının sevgi məcaraları uzun müddət davam etmirdi. Bu da əsasən onun vasvası olması ilə bağlı idi. Hovard hətta qadınlara təmizliyə görə qiymət verirdi. Onları 4 qrupa bölürdü -“çirklilər”, “pintilər”, “orta çirklilər”, “orta təmizlər”. Məşuqələrindən biri – Ketrin Xepbern haqqında xatirəsində o, belə deyirdi: “Mən onu çox sevirdim. O, çox təmiz qadın idi: Gündə dörd dəfə vanna qəbul edirdi”. Həqiqətən də, onun ən çox sevdiyi qadın Ketrin idi. Cütlük birlikdə 1 il yaşayır, ayrıldıqdan sonra isə dost kimi münasibətlərini davam etdirirlər.
Hovardın həyatında qadınlar çox olsa da, heç vaxt övladı olmur. Bunun səbəbi qadınların hisslərindən əmin olmayan kişidən uşaq dünyaya gətirmək istəməmələri idi.
O ki qaldı rəsmi nikaha, Hovard 2 dəfə evli olur. Birinci həyat yoldaşı Ellu Raysla onu heç bir hiss bağlamır. Həyat yoldaşı ilə adam içinə belə çıxmayan Hovard 1929-cu ildə onu boşayır.
İş adamının ikinci həyat yoldaşı Djin Piters olur. Ər-arvad anlaşa bilmirdilər. Bundan əlavə, istər birinci, istərsə də ikinci evliliyində Hovard həyat yoldaşlarına xəyanət edirdi. Ümumiyyətlə o, sədaqət anlayışının nə olduğunu bilmirdi.
Sevgilisi onu öldürmək istəyir
Hovard üçün ən yaddaqalan münasibət Ava Qardnerlə yaşadığı sevgi olur. 1943-cü ildə tanış olan cütlük münasibətlərinin sadəcə əyləncə olduğunu qəbul edirlər. Ancaq bir müddət sonra Ava Qardner öyrənir ki, evində dinləmə qurğuları var. Dəliyə dönən Ava sevgilsinin başına tunc heykəl atır. Nəticədə Hovardın üzü paralanır, dişləri qırılır. Təmizlikçinin mübahisəyə qarışması nəticəsində Hovard sevgilsinin əlindən sağ çıxa bilir. Huşunu itirmiş Hovar xəstəxanaya yerləşdirilir. Ava isə vida məktubu belə qoymadan onu tərk edir.
Təyyarə qəzaları
Bütün səylərinə, özünü qorumasına baxmayaraq, 30-cu illərin sonunda siflisə yoluxur. Ancaq yaxşı müalicə sayəsində xəstəliyi dəf edə bilir. 1928-ci ci ildə film çəklişi zamanı idarə etdiyi təyyarə qəzaya uğrayır. Birinci dərəcəli kəllə beyin travması alır. Bundan sonra o bir neçə dəfə qəzaya uğrayır. 1940-cı ildə onun psixoloji problemləri yaranır. Belə ki, Hovard həftələrlə yoxa çıxır, avara həyat tərzi keçirir, bir müddətdən sonra normal həyata qayıdırdı. 1950-ci illərin ortalarında Hovard rahiblər kimi həyat tərzi keçirməyə başlayır. Belə ki, aylarla evdən çıxmır, əlləri qanayana qədər salfetlə təmizləyirdi. Xidmət personalını dini cəryan – mormorların arasından seçirdi. Düşünürdü ki, onlar “təmiz” olurlar. Başqa tərəfdən milyarderin yeməyin hazırlanması ilə bağlı tələbləri var idi. Məsələn, ət və tərəvəzlərin eyni şəkildə tikələrə ayrılmasını istəyirdi. Xüsusi çəngəllə ölçülərini yoxlayırdı. Onun keşiyini bir batalyon mühafizəçi çəkirdi. İşçiləri ilə məktub vasitəsilə ünsiyyət yaradırdı. Onlar bosslarının üzünü aylarla görmürdülər.
Müəmmalı ölüm
1976-ci ildə onun vəziyyəti qəflətən pisləşir. Yerli həkimlər təcili ABŞ-a getməyi məsləhət görürlər. 1976-cı ilin aprel ayının 5-də Hovard Hyustona yola düşür. Aeroportda təyyarəni FTB nümayəndələri qarşılayırlar. Ancaq bu zaman o, sağ deyildi. Amerikalı pleybol uçuş zamanı ölmüşdü.
Bu arada onun cəsədi tanınmaz halda olduğundan şəxsiyyətini dəqiqləşdirmək üçün barmaq izləri götürülür. Belə ki, Hovard dəhşətli şəkildə çəki itirmişdi. Həkimlər onun böyrəklərinin funksiyasını itirdiyini irəli sürdülər. Müayinə və rentgenoqram venadaxili inyeksiyaların çoxsaylı izlərini və dərinin altında qalmış iynə qırıntılarını göstərdi. Bu səbəbdən sui-qəsd versiyası gündəmə gəlir. Başlıca olaraq xidmətçilərdən şübhələnilir. Versiyalara əsasən, mormonlar bütün informasiya axınlarına nəzarət edir və milyarderə yüksək dozada narkotik preparatlar verirlərmiş.
Nəticədə onun orqanları funksiyasını itirmişdi.
Mirası
Ölümdən sonra milyarderin vəsiyyəti ilə bağlı axtarışlar başlayır. Lakin “Romain street 7000″dəki ofisində biznesmenin şəxsi seyfini boş tapırlar.
Xyuz həyatda olarkən qohumlarını yaxına buraxmasa da, təsdiq edilmiş son iradə olmadığından mirası qohumları arasında bölünməli idi. Bu zaman qohumları arasında mübarizə başlayır. Onu da bildirək ki, öldüyü zaman milyarderin 1,4 milyard dollar sərvəti var idi.
Siyasi maraqları
Sahibkar həmişə siyasətlə fəal maraqlanır və siyasi oyunlara qarışmaqdan çəkinmirdi. O, açıq antikommunist idi. Xyuz vəzifəli şəxslərə rüşvət verməkdən çəkinmirdi. Xüsusilə siyasətçilərə onun biznes maraqlarına lobbiçilik etmələri üçün rüşvət verirdi.
Xüsusi xidmət orqanlarına işləyirmiş
Sahibkarın hərbi sənaye kompleksinin ən böyük təchizatçılarından biri olması onun Amerikanın xüsusi xidmət orqanlarıyla sıx əməkdaşlıq etməsinə dair versiyalara səbəb olub. O, MKİ-nin, MKİ isə onun maraqlarını təmin edirdi. Bu səbəbdən də heç vaxt şirkətlərində audit aparılmamışdı. Digər tərəfdən 1930-cu ildən başlayaraq FTB iş adamını daim izləyirdi.
©publika