Youtube-da Azərbaycan kanalları arasında maraqlı və maarifləndiri bir kanal var. How To Dev adlı kanal əsasən proqramlaşdırma və dizayn sahəsinə marağı olan və online şəkildə öyrənmək istəyən insanlar üçün nəzərdə tutulub.
Kanalın rəhbəri Lətif Kərim kanalın yaranması haqqında danışıb:
“Bir neçə il öncə proqramlaşdırma haqqında internetdə azərbaycanca məlumat axtararkən yetərli qədər məlumat tapa bilmədiyim üçün məcbur ingilis dilli mənbələrə müraciət etdim. Lakin, xarici dil biliyi zəif olan gənclər üçün azərbaycanca yeni bir platforma lazım idi. Bu sahəyə maraqlı gənclərin ilk üz tutduğu platformanın Youtube olduğunu nəzərə alaraq fəaliyyətə Youtube üzərindən başladıq. 2016-cı ilin fevral ayından etibarən videolar hazırlayıb paylaşmağa başladıq. İlk videolardan sonra komandaya 10 nəfərdən çox gənc qoşulmaq üçün müraciət etdi. Əvvəlcə “How To Azerbaijan” olaraq yola başlayan komanda sonra, “How To DEV” adı aldında davam etdi. Kanalda HTML, CSS, Javascript, C++, C# və dizayn videoları paylaşıldı. Layihə qısa zamanda gənclər arasında rəğbətlə qarşılandı. Bir neçə dəfə layihənin biznes planı hazırlanması və kommersiya məqsədli istifadə olunması üçün təkliflər alsaq da, layihənin gənclər üçün pulsuz xidmət göstərməsini üstün tutduq. Digərlərindən fərqli olaraq, Step IT Akademiyasından aldığımız təklif layihənin daha da inkişaf etməsinə zəmin yaratdı. Artıq daha professional videolar hazırlamağa başladıq.
Bizdən pdf formatlı kitab bazası tələb edən izləyicilərimiz üçün DEV Book layihəsini təqdim etdik. Layihə bədii və elmi mövzulu kitablar paylaşmaqla izləyicilərə video mənbələrlə yanaşı yazılı məlumat da təqdim etdi. Yeni platforma – devbook.howtodev.az’ın günlük istifadəçi kütləsi hədəflədiyimizin çox üzərində nəticə göstərdi.
Turqay Əliyevin biznes layihəsi Modern DEV Studio da öz xidmət sahələrini elan edəndə komanda üzvlərinin sayı artıq 15 nəfərdən çox idi. Komanda developer, koder və dizaynerlərdən ibarət idi. Sifarişini aldığımız bir çox müəssisənin logo və digər dizayn işlərini müştərilərin zövqünə uyğun yerinə yetirdik və indi də xidmət sahəmizi genişləndirməyə davam edirik.
6 aylıq bir müddətdə “How To DEV”, “DEV Book” və “Modern DEV Studio” DEV komandası tərəfindən idarə olunurdu. Bütün layihələr haqqında məlumatları www.devdid.it veb saytında yerləşdirib onların izləyici kütlələrini birləşdirdik.
Qısa zamanda istifadəyə verəcəyimiz və şərti olaraq DEV Story adlandırdığımız növbəti proyekt Azərbaycanı dünya miqyasında tanıdacaq bir layihə olacaqdır. Bunu hədəfə alaraq platforma üzərində ciddi şəkildə işləyirik.
Hal-hazırda dizaynerlərin marağına səbəb olacaq THİNKİNG layihəsi tamamlanma mərhələsindədir. Əl qabiliyyətinə inanan və bunu pula çevirmək istəyən gənclər üçün yararlı bir platforma olacağına inanırıq. Layihə haqqında ətraflı məlumat DEV facebook səhifəsində (@devcontact) elan olunacaqdır.”