Əsas səhifə Biznes Biznes məqalələri PROPEL modeli

PROPEL modeli

101
işgzüar görüş
işgzüar görüş

PROPEL sözü ingilis dilindən tərcümədə “hərəkətə gətirmək, irəli aparmaq, həvəsləndirmək” deməkdir. Bu termini daha yaxşı yadda saxlamaq üçün propeller sözünü xatırlayın – propeller təyarəni qabağa çəkdiyi kimi bu yazıda təqdim edəcəyim PROPEL modeli sizin marketinqi və biznesi irəli çəkməyə kömək edir. Necə? Bloq yazısını sona qədər oxuyun.

PROPEL modeli marketinq prosesini düzgün idarə etmək üçün lazımdır. PROPEL əslində bir abreviaturadır. Bloqumun sadiq oxuyucuları bu cümləni oxuyub bir anlıq “Yenə abreviatura? Nə qədər olar? Bunların həyatda bir faydası varmı? Yoxsa bu modellərin özləri də marketinq hiyləsidir?” deyə düşünməyə başladı. Nə deyim? Amerikanların abreviatura sevgisi bütün dünyaya bəllidir (adamlar ölkələrin adını belə USA qoyublar). Bu “xəstəlik” müəyyən qədər bizə də keçib – 4 hərfli dövlət idarə və layihələri şəklində. Nə isə qayıdaq PROPEL sözünə. Bu sözü təşkil edən hərflər və verdiyi mənaları ayrılıqda izah edib PROPEL modelinin marketinqdə tətbiqini sizlərə nümayiş etdirəcəm.

Plan – Planlama

Hər bir proses planlamadan başlayır. Bu mövzuya aid ayrıca bir yazımız var, keçid alıb daha ətraflı oxuya bilərsiz. Bizim modeldə planlama daha çox tələb olunan resursları müəyyən etmək üçün lazımdır. Qarşıya qoyduğumuz məqsədlərə nail olmaq üçün neçə işçiyə, hansı bacarıqlı işçilərə, nə qədər büdcəyə və vaxta ehtiyacımız var? Planlama mərhələsində sahib olacağımız resursları müəyyən edib növbəti addımlarda onlara əsasən hərəkət edəcəyik. Misal üçün, öz fotoqrafımız yoxdursa, kənardan fotoqraf cəlb etməli olacağıq. Və ya marketinq büdcəmiz 50 min manatdırsa, ayağımızı bu yorğana görə uzadacağıq.

Research – Araşdırma

İlk mərhələdə hazırladığımız planın nə qədər real olduğunu bilmək üçün müəyyən araşdırmalar etməliyik. Misal üçün, Turizm agentliyi sezon ərzində Antalyaya 500 tur-paket satmaq istəyir. Bunun nə qədər real olduğunu bilmək üçün bazarın həcmini, rəqibləri və rəqib təkliflərini araşdırmaq tələb olunur. Daha sonra bu tur-paketlərini satmaq istədiyimiz müştəriləriaraşdırıb onlara necə satış edəcəyimizi öyrənməliyik. Yaxşı olardı ki, araşdırma mərhələsində bir neçə mümkün ssenari hazırlansın: optimist, pessimit ssenarilər kimi. Bazara təsir gücü olan bütün iştirakçılar araşdırılsın, mümkün qədər bütün amillər hesaba alınsın. Bu məlumatlar bizə növbəti mərhələlərdə daha effektiv iş görməyə kömək edəcək.

Objective – Hədəflərin müəyyən olunması

Araşdırma mərhələsində məqsədlərimizin nə qədər real olduğunu biləndən sonra növbə hədəfləri müəyyən etməyə gəlir. Hədəflər SMART prinsiplərinə uyğunlaşdırılan məqsədlərdir. Misal üçün, məqsədimiz yataq döşəyi bazarında ilk 3 brenddən biri olmaqdır. Bazar araşdırması göstərdi ki, bazarın həcmi 100 mln manatdır. Bazarda ilk 3 istehsalçı toplamda 50 mln bazar payına sahibdir (müvafiq olaraq 30, 15 və 5 mln). Bu bazara yeni daxil olan yataq döşəyi brendi olaraq biz ilkin olaraq liderlərin hesabına böyüməyi planlaşdırırıq. Bunun üçün bizim keyfiyyət liderlərdən daha yaxşı və qiymətimiz 10% daha aşağı qiymətə olmalıdır. Deməli hədəfimiz bir ilin sonunda 6 mln satış etmək olacaq. Bazara daxil olmaq strategiyamız bizim qarşımıza 3 əsas hədəf qoydu: daha yüksək keyfiyyət, 10% aşağı qiymət və 6 mln satış.

Prepare – Hazırlıq

Hazırlıq mərhələsində marketinq kommunikasiya planıhazırlanır, marketinq büdcəsi və marketinq fəaliyyətləri planı tərtib olunur. Bu mərhələdə marketinq strategiyaları vücud tapır, sümüklərin ətlə örtülməsi kimi. Daxili və xarici resurslar ayrılır – şirkətin marketinq şöbəsi bəzi işləri kənara sifariş verir. Misal üçün reklam kampaniyası üçün kreativ ideyanın hazırlanması kimi. Hazırlıq mərhələsində strateji hədəflərə müəyyən dəyişikliklər də etmək tələb oluna bilər. Misal üçün rəqiblər sizin aktivliyinizdən xəbər tutub əks-tədbirlər atarsa. Marketerlər mümkün qədər hazırlıq mərhələsindəki işləri gizli tutmalı və ən qısa zamanda icra mərhələsinə keçirməlidir.

iclas
iclas

Execute – İcra

PROPEL modelinin icra mərhələsində marketerlərdən cəmi 3 amilə riayyət etmək tələb olunur:

1. Planı olduğu kimi vaxtında və məqsədyönlü şəkildə icra etmək

Marketerlərin əksər səhvləri məhz bu mərhələdə üzə çıxır. Səbirsiz marketerlər reklam kampaniyasının ilk günlərində xəyal etdiyi “alqışları” almadıqda panikaya düşür və hər bir şeyi dəyişməyə başlayır. Marketinq isə panikə sevmir – məqsəd və taktika düzgün seçilibsə marketinqin təsirini görmək üçün müəyyən bir zaman lazımdır. Marketinqdə reklam mesajının davamlığı uğurun əsas şərtidir.

2. KPİ-lara riayyət etmək

KPİ-lara riayyət etmək nə üçün vacibdir? Misal üçün Facebookda yerləşdirdiyiniz video reklamın izlənmə nisbəti qarşınıza qoyduğunuz 10 san səviyyəsindən qat-qat aşağı çıxdı. Bu cür davam etsə ümumi kampaniyanın effektivlik göstəriciləri aşağı düşə bilər. Marketer YouTube-un daha effektiv kanal olduğunu görüb Facebook reklam büdcəsini YouTube-a yönəldə bilər. Nəticədə isə hədəflənəndən daha yaxşı nəticələr əldə olunacaq.

3. İnteqrə marketinq effektinə nail olmaq

Effektiv marketinq inteqrə olunmuş şəkildə icra olunan marketinqdir. Eyni məzmunda reklam mesajını izləyici istifadə etdiyi bütün media kanallarında görsə onun təsir gücü daha güclü olacaq.

Learn – Öyrənmək

Ən yaxşı marketer bilirsiz kimdir? Özü öz fəaliyyətini analiz edib nəticələr çıxaran marketer. Təkçə uğursuzluqlarından deyil, uğurlarından da nəticə çıxarmaq lazımdır. Analitik hesabatlar marketinqin ayrılmaz hissəsidir – icra mərhələsində hər növbəti addıma keçəndən öncə əvvəlki addımlar analiz olunmalı, səhv və düzgün işlər üzə çıxarılmalıdır. Misal üçün sosial media marketinq – keçən ay ərzində hansı kontent daha çox ünsiyyət yaradıbsa, hansı mövzuda daha çox sual gəlibsə növbəti ayda həmin istiqamət üzrə kontenti artırmaq lazımdır. Breynstorminq formatında müzakirələr də marketinq heyətinin işinin effektivliyini artırır, yeni kreativ ideyaların ortaya çıxmasına imkan verir.

PROPEL modeli unikal bir model deyil – istifadə etdiyi prinsiplər demək olar ki gündəlik rəhbər tutduğumuz qaydalar ilə eynidir. “Təkrar biliyin anasıdır” deyimini rəhbər tutub hər bir marketer üçün vacib olan marketinq prosesinə bir də bu bucaqdan baxmaq istədik. Ümid edirəm bloq yazısı sahib olduğunuz biliyi daha yaxşı yadda mənimsəməyə kömək etdi. İşiniz irəli!

Rəy bildir

Please enter your comment!
Please enter your name here