“Azərbaycanda demək olarki bütün bizneslərdən pul qazanmaq mümkündür”

Date:

Paylaş:

Müsahibimiz sağlam sneklərin istehsalı ilə məşğul olan FitDiet şirkətinin yaradıcılarından biri Aydın Xəlilzadədir.

  • Aydın bəy, zəhmət olmasa özünüz haqqında qısaca informasiya verərdiniz. Bu biznesə gəlməmişdən öncə nə işlə məşğul idiniz və buna qədər bizneslə məşğul olmuşdunuzmu?

Fitdiet-i yaratmamışdan öncə mən fərqli sahələrdə çalışmışam. Dövlət sektoru, konsaltinq, bank sektoru və sair. Bundan öncə 2 xırda biznesimiz olub, biri veb studiya digəri isə indi də fəaliyyət göstərən www.gojob.az vakansiya elanları saytıdır. İlk biznesimi daimi iş fəaliyyətimlə əlaqədar saxlamalı olmuşdum, Gojob.az saytı isə hazırda uğurla fəaliyyət göstərir və onunla bağlı partnyorumuzla müəyyən yeniliklər planlaşdırmışıq.

  • Fitdiet yaratmaq ideyası necə yarandı?

İdeya bizə tədricən gəlib. Mən hələ Moskvada təhsil alan zaman orada bu tip məhsulların geniş yayıldığını müşahidə etmişdim. Lakin Vətənə qayıtdıqdan sonra işləyən zaman ofisdə əsas yeməklər aralığında ac olanda yüngül və faydalı bir məhsul tapıb yeməkdə çətinlik çəkirdim. Həyat yoldaşımla fikirləşdik ki, Azərbaycan orqanik məhsullarla bol olan ölkədir, necə bir məhsul fikirləşmək olar ki, insanı nisbətən doydursun və həmçinin onun sağlamlığına fayda versin. Bu məqsədlə kimyəvi qatqısız, sağlam qidalar haqqında araşdırma aparmağa başladıq. Araşdırmamız əsasən yaxın ölkələr – Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Gürcüstan və s. əhatə edirdi. Biz bilmək istəyirdik ki, qonşu ölkələrdə bu tələbat hansı formada və hansı məhsullar hesabına ödənilir. Bu fikir üzərində bir müddət düşündük, onu daha da təkmilləşdirdik. Yekunda həyat yoldaşımla hazırda bildiyiniz FitDiet sneklərini istehsal etmək qərarına gəldik.

  • Qeyd etdiniz ki biznesi tək yaratmamısınız. Ümumiyyətlə biznesi tək və ya partyorla yaratmağa necə baxırsınız?

Fikrimcə biznesə tək başlamaq olduqca risklidir. Bu səbəbdən demək olarki bu vaxta qədər başladığım hətta kiçik işlərdə belə hər zaman biznes partnyorum olub.  Bu prinsip Fitdiet üçün də keçərli idi. Düşünürəm partnyor həm biznes risklərini bölüşdürməyə, həm motivasiya, həmdə maddi baxımdan biznesə  kömək olur.

  • İdeya olandan sonra atdığınız növbəti addım nə oldu?

Təbii ki, ilk addımlardan biri biznesin qeydiyyatı və sənədləşdirməsi və bu kimi təşkilati məsələlər oldu.

  • Fitdiet yaradılmasına nə qədər pul xərcləmisiniz və bu biznes üçün vəsait haradan tapdınız – bu sizin öz büdcəniz hesabına formalaşıb ya kənardan vəsait cəlb etmisiniz?

Biznesi yaradan zaman böyük bir investisiya qoymamışıq. Öz vəsaitimizdən təxminən 5 000 manata qədər vəsait xərclənib. Bu əsasən məhsulun istehsalına (həmçinin bişirilməsinə) lazım olan avadanlıqların ən vaciblərinin, məhsulun qablaşdırılması üçün istifadə edilən məmulatların alınmasına , onların ilkin dizaynına və s. xərclənib. Əgər özümüz bu işə bu qədər vaxt və enerji sərf etməsəydik, bu xərc dəfələrcə çox olacaqdı. Lakin bu xərc biznesin lap ilkin mərhələsində tələb olunan idi. Növbəti mərhələlərdə biznesə əlavə investisiyanın cəlb edilməsini planlaşdırırıq.

  • Hər biznesin yaradılması zamanı müəyyən çətinliklər, baryerlər olur. Sizin qarşınıza çıxan ilk maneələr nələr olub?

Təbii ki, bütün bizneslərdə olduğu kimi bizdə də ətrafdakıların ideyanın işləməyəcəyini bildirmələri müəyyən baryerlər yaradır. Bizə inanmayan insanlar indinin özündə də vardır. Lakin öz ideyana inanırsansa eşitidklərindən dərs çıxarıb, ideyanı daha da təkmilləşdirib öz yolunu davam edə bilərsən. O zaman belə çətinliklər səni demotivə etmiş deyil, əksinə kömək etmiş olur.

Əsas çətinliklərdən biri də ilkin mərhələdə məhsulun istehsalı ilə bağlı idi. Biz həyat yoldaşımla birlikdə reseptləri formalaşdıran zaman müəyyən təcrübələrdən sonra hansı məhsulları istehsal edəcəyimizi qərara almışdıq. Lakin bu məhsulların evdə test şəklində hazırlanması başqa, onun kütləvi biznes şəklində istehsalı isə tamamilə başqa idi. Məhsulun hazırlanmasına həddindən artıq çox vaxt və resurs tələb olunurdu. Biz bu prosesi avtomatlaşdırmaqda çətinlik çəkirdik. Odur ki bu işi bilən texnoloq axtarışına başladıq. Tanışlar, dostlar belə ekspertin axtarışında bizə məsləhətəri ilə kömək edirdilər və sonda bizim aparıcı otellərin baş texnoloq və aşbazları ilə belə görüşlər keçirmək imkanımız oldu, onlardan məlumat və məsləhətlər ala bildik. Bununla da bizim qarşılaşdığımız ən çətin problemlərdən birini lap ilkin etapda rahat atlata bildik. Odurki biznes başlayan gənclərə məsləhətim budur:

Ətrafınızdakı insanlardan məsləhət almağa çəkinməyin. Əsas siz doğru həlli axtarın, seçimlər mütləq hər hansı şəkildə qarşınıza çıxacaqdır.

Bir qədər öncə qeyd etmişdiniz ki,  Fitdiet yaradılma mərhələsində siz həmçinin banklardan birində çalışmısınız. O işinizdən ayrılmaq qərarı sizin üçün çətin olmadı?

Açığı desəm müəyyən çətinliklər oldu. Stabil gəliri olan işi buraxaraq qeyri müəyyənliyə baş vurmaq hər kəs üçün hər zaman asan qərar olmaya bilər. Lakin fikrimcə, bu məhz biznesin növündən asılıdır. Elə bir start-up ola bilər ki vizyon təsisçidın asılı deyil və o rahatca idarəetməni digər şəxsə və ya komandaya həvalə edə bilər. Mənim vəziyyətimdə bu bir az fərqlidir – hələki hərşey məndən və həyat yoldaşımın vizyonundan çox asılıdır. O durki, hələki bu etapda ilk addımlarını atan start-up-a yaxından və çox diqqət lazımdır. Odurki işdən ayrılmaq qərarı verdim və hələki peşiman deyiləm.

  • Hazırda Fitdiet hansı mərhələdədir və onun yaxın dövrdə inkişafını necə görürsünüz?

Şirkətimiz bu ilin fevralından fəaliyyətə başlamasına baxmayaraq artıq müəyyən uğurlar əldə edə bilmişik. Bizim məhsullar Bakının böyük hotellərində, şirkətlərində təqdim olunur. Yaxın dövrdə planlarımız daha geniş müştəri bazasına çıxmaqdır. Bununla bağlı artıq istehsal gücümüzü test edirik. Proses uğurla bitdikdən sonra, korporativ müştəri bazamızı daha da artırmaq fikrimiz var.

  • Yeni biznes yaratmaq istəyən şəxslərə nələri məsləhət bilərdiniz?

Zənnimcə biznesmenlər qeyri-müəyyənlik şəraitində faəliyyət göstərməyi bacarmalıdırlar. Və elə bu əlamət onları fərqləndirən ən əsas cəhətdir. Buna görə də sabah nə baş verəcəyi barədə əminliyi olmasa belə o bu gün rahat yatmağı bacarmalıdır.

Biznesdən uzaq olan bir çox kəs  düşünür ki, bizneslə məşğul olmaq istrahət etməkdir. Mən bunun tam əksini düşünürəm – bizneslə məşğul olan adam daima hərəkətdə, inkişafdadır.. Daima görüşlər keçirir, məhsulun üzərində işləyərək onu təkmilləşdirir. İş adamının boş vaxtı olmur. Bu tempdə işləmək üçün, isə işini sevmək şərtdir. Əks halda həvəsdən düşəcəksən, işi yarımçıq buraxacaqsan.

Digər məsləhətim isə hazırki bazar şəraiti ilə bağlıdır. Mənim fikrimcə Azərbaycanda biznes qurmaq çox rahatdır və bütün bizneslərdən demək olarki gəlir əldə etmək mümkündür. Bütün sahələr üzrə ödənilməmiş tələbatlar vardır. Sadəcə bunu görüb onu ödəmək istiqamətində işlər görmək lazımdır. Nəticə özünü çox gözlətməyəcək.

Kitab məsləhət verə bilərsiniz?

Əlbətdə. Ən əsas məsləhət verə biləcəyim kitablar strategiya haqqındadır və bir qədər çətin oxunur. Amma biznes üçün böyük köməyi olan kitablardır.

  1. Otuz altı stratagema – qədim Çinə aid hərbi traktat
  2. Sıfırdan birə – Piter Til (startapların yaradılması və dünya bazarı haqqında).
  3. Özün özünə MBA – Coş Kaufman (biznesin idarə edilməsi haqqında təhsil)

 


Şirkət haqqında ətraflı məlumat:

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...