Maliyyə Bazarlarına Nəzarət Palatası “BayGroup” Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati qaydada cərimələnməsi barədə protokol tərtib edib.
“Bizplus.az” xəbər verir ki, Nərimanov Rayon Məhkəməsi protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin 20%-ndən 30%-nədək məbləğdə cərimə edilir.
Məhkəmə qərarından MMC-nin direktoru tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “BayGroup” Azərbaycanda “United Colors of Benetton”, “Fossil”, “Emporio Armani”, “DKNY”, “Diesel”, “Adidas”, “Police”, “Skagen”, “Tommy Hilfiger”, “Lacoste”, “Pierre Cardin” və digər məşhur brendlərin rəsmi distributoru və nümayəndəsidir. Şirkət brend saatlar, zinət əşyaları, çanta, və s. məhsulların satışını təşkil edir.