“Peşəkarı olduğunuz işi görün və ya quracağınız işi çox yaxşı öyrənin”

Date:

Paylaş:

Müsahibimiz FİL agentliyinin rəhbəri Aysel Cəbrayılova

  • Aysel xanım, mümkünsə oxucularımız üçün özünüzü qısaca təqdim edərdiniz.

1990-cı il Bakı şəhərində anadan olmuşam. 20 saylı orta məktəbi bitirib, Azərbaycan Dövlət İqtisad Universitetində təhsilimi davam etdirmişəm. Peşəkar karyerama Azərbaycanın aparıcı banklarından biri olan Bank of Baku-da məlumat mərkəzinin operatoru kimi başlamışam. Uzun müddət ictiamiyyətlə əlaqələr və reklam şöbəsində karyeramı davam etdirmişəm.

Hal-hazırda 2016-ci il dekabr ayında yaratdığımız FİL agentliyinə rəhbərlik edirəm.

  • Aysel xanım, stabil və perspektivli işdən ayrılıb öz işini qurmağa çalışmaq qərarı nə qədər çətindir? Bir çoxları bu çətinliyi dəf edə bilmir, sizdə necə alındı?

Qərar vermək ona görə çətindir ki, stabil işində qurulan hazır bir yola görə irəliləyirsən, digərində isə özün yol açırsan, istiqamətləndirirsən. Stabil işində qayğı olmur, öz işində işə keşməkeşli bir tarix yazırsan.

Mənim FİL boyda arzularım olduğu üçün yeni yol yaratmağı seçdim.

İşini mənim qədər çox sevən partnyorumla yola çıxdıq və yaratdıq. Bu yolda çox xoşbəxt, əmin addımlarla irəliləyirəm. Səhvlərim və düzlərim olur, dərs alıram, təcrübəm artır. Hər gün yeni nəsə öyrənirəm.

  • Öz işini qurmaq istəyən xanımlara hansı tövsiyələriniz vardır?

Qadının təbiətində olan emosionallıq və yaratmaq özəlliklərinin biznesə çevrilməsində vacib element cəsarətdir. Ona görə də cəsarətli olun, səbrlə fürsətləri dəyərləndirin. Peşəkarı olduğunuz işi görün və ya quracağınız işi çox yaxşı öyrənin. Qıraqdan baxan nə deyər? – deyə düşünməyin, onların fikrini manipulyasiya edin. Xəyallar qurun, qoy xəyallarınız o qədər böyük olsun ki, ürəyinizi yerindən çıxarsın və edin!

Tək olmayın. Heç kim tək bacarmaz. Komandanız olsun, onları dəstəkləyin, müsbət enerjiylə köklənin. Sevincinizi, uğurunuzu paylaşın. Sevin! Sizdə hər şey alınacaq!

“Unutmayın ki, qadının əli dəyən hər iş gözəl alınır. Yalnız irəli!”

  • FİL Agency, siz ona qoşulana qədər hər hansı bir mərhələ keçmişdi? Ya hər şeyi sıfırdan başladınız?

FİL ilə hər şeyə sıfırdan başlamışıq. İlk olaraq 2016-cı ilin dekabr ayında #filinfili (el arasında məhşur ifadə edən fulunfulu sözündən FİL-ə adaptasiya etmişik) tizeri ilə marketinq mütəxəssislərini təəccübləndirdik. 1 ay ərzində yerli reklam bazarında hər kəs diqqətini çəkməyi bacardıq. 2017-ci ilin Fevral ayının 11-də isə Satış forumunda #filinfili tizerinin FİL marketinq agentliyinə aid olduğunu və komandamızla #filinfili işlər görəcəyimizi açıqladıq.

Aysel_Cəbrayılova

1 yaşımızın tamam olmasına baxmayaraq artıq 30-dan çox şirkətlə işləyirik. Müştərilərimiz arasında yerli şirkətlərimizlə paralel xarici şirkətlər də var. Çalışırıq ki, reklam bazarında yeniliklərimizlə birinci olaq.

  • Nəyə görə FİL? Bir də sizin fikrinizcə naming – yəni ad (hər hansi bir layihə ya şirkət üçün) nə qədər vacibdir?

Əlbəttə, ad bir brendin kommunikasiyasında vacib ünsürlərdən biridir. Uğurlu seçilmiş ad Sizin brendinizi gücləndirər, rəqabətdə Sizi önə çəkər. Təbii ki, sadəcə ad brend yaratmır amma Siz o adla hekayələr yaradıb müştərilərlə dərin bağlar qura bilərsiniz. Ona görə də ad seçimini müzakirələrə, dost-tanışa etibar etmək olmaz. Ad seçimində bu işin peşəkarlarına müraciət etmək lazımdır.

Biz ad seçərkən nəzərə aldıq ki, agentlik olaraq hər bir şirkətə dost olacağıq, daha çox işləyib, böyük işlər görəcəyik, yavaş-yavaş irəliləyəcəyik.. ağır, əmin addımlarla…

Məhz bu özəlliklərinə görə FİL-i seçdik və “Dost agentlik” şüarı ilə yola çıxdıq.

  • Hazırda şirkətdəki işlər nə qədər vaxtınızı alır? Şəxsi həyat və iş balansını qoruya bilirsiniz?

FİL-ə gördüyümüz işlər mənim üçün işdən çox istirahətdir. Hər gün yeni ideyalar doğulur, müzakirələr gedir, irəliləyirik və bu bizi xoşbəxt edir. Arzularımın, xəyallarımın olduğu dünyadayam. Ona görə burada zamanın necə keçdiyini hiss etmirik.

Şəxsi həyatla iş balansını qorumağa çalışıram. Çünki, mən həm də anayam və övladımın xoşbəxt gələcəyinin təməlinin qoyulduğu dövrü yaşayıram hazırda. Birlikdə oxuyuruq, öyrənirik, əylənirik..

  • Aysel xanım hansı ədəbiyyatı oxuyur, hansı dərgiləri izləyir? Ən son oxuduğunuz kitab hansıdır?

Hal-hazırda Mad Men fəlsəfəsi kitabını oxuyuram. Digitalge, Mediacat kimi Türkiyə jurnallarına abunəyik. Paralelində qızımla birlikdə uşaq ədəbiyyatını oxuyuruq ?

  • 2018-ci illə bağlı əsas arzu və hədəfləriniz hansılardır?

2018-ci ildə FİL-in Azərbaycan reklam bazarında gördüyü işlərlə, yeniliklərilə birinci olmasını planlamışıq və bu hədəfə doğru komandamızla birlikdə addımlayırıq.

İlboyunca edəcəyim layihələrimiz çoxdur, çalışacağıq ki, hər biri cəmiyyətimizə faydalı olsun.

Müsahibə üçün təşəkkürlər!

1lady.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...