Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Fostanpak” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Palata tərtib etdiyi protokolu baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərib.
Məhkəmə şirkəti İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək barəsində 4500 ABŞ dolları (məzənnə üzrə 7650 manat) məbləğində cərimələnməsi haqqında qərar çıxarıb.
Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Fostanpak” MMC Azərbaycan bazarında 1998-ci ildən qablaşdırma və birdəfəlik məhsulların satışını həyata keçirir. “Monopak” və “Dolphin” nişanlı məhsullar bu şirkətə aiddir.