“Öz işimi qurmaq üçün mənə pul lazım olmadı”

Date:

Paylaş:

Dediyinə görə öz işini qurmaq üçün ona pul lazım olmayıb. Müsahibimiz “Toxucu” brendinin yaradıcısı Əsli Musayevadır.

Qeyd edək ki, Ə.Musayeva 1996-cı ildə Qazaxda anadan olub. Bakı Dövlət Universitetinin hüquq ixtisasını bitirib. Universitetdə oxuyarkən, 2016-cı ildə “Toxucu” brendini yaradıb. “Uşaqlar üçün toxu” layihəsinin ideya müəllifidir. Toxucu xanımlarla birgə Azərbaycanda toxuculuğu brendləşdirmək və qadınların əl işlərindən pul qazanmasını aktuallaşdırmaq üçün çalışır.

– Toxuculuğa son illər yaşlı insanların, evdar xanımların bir məşğuliyyəti kimi baxılırdı. Gənc tələbə bir xanımın bu sahəyə meyllənməsi necə oldu?

– Üçüncü sinifdə oxuyan vaxtlarda toxuculuğu öyrənməyə başladım. Məktəb vaxtı da məşğul idim, universitetdə oxuyanda da. Tələbə vaxtı qışda öz toxuduqlarımı geyinib dərsə gedirdim. Qızlar “nə qəşəngdir” deyirdilər, mən də özüm toxuduğumu bildirirdim. Niyə toxuyub satmadığımı soruşurdular. Sonra düşündüm ki, niyə də olmasın? “Bacardığım bir işlə boş vaxtlarımda məşğul olaram”d eyib işə başladım. Təzə-təzə bu işə başlayanda “toxucu” deyə zarafat edirdilər, söz atırdılar. Toxuma işi elədir ki, biz onu nənələrdə, yaşlı adamlara görmüşük. Amma onu dəyişib, müasir dövrümüzə uyğunlaşdırıb nəsə ortaya qoyanda heç də köhnəlmiş kimi görünmür, əksinə, çox adam öyrənmək istəyir.

– Toxumaq bacarığı çox adamda ola bilər, amma iş qurmaq bir məsuliyyətdir. Bəs işi qurmaq qərarını verməyinizə nə səbəb oldu?

– Mən həmişə insanın həyatında baş verən hər bir şeyin səbəbsiz olmadığını düşünmüşəm. Üçüncü kursda səhər növbəsində oxuyurdum, dərslərim tez bitirdi deyə, gün ərzində boş vaxtım çox olurdu. Vaxtımı dəyərləndirmək üçün yarımştat işləmək qərarına gəldim. O vaxt bir şirkətdə marketinq şöbəsində çalışdım. Orada elə bir mühit yaradılmışdı ki, hər kəsin bir startapı vardı, yaxud öz işlərini qurmuşdular. Onların belə ruhda olması məni də öz işimi qurmağa təşəbbüs göstərməyə həvəsləndirdi. Məşğul olduğum, yaxşı bacardığım, həvəsim olan bir sahədə iş qurmağı düşündüm. Bu isə toxuculuq idi. Azərbaycanda belə bir şey olmadığı üçün düşündüm ki, maraqlı qarşılanacaq. Hər zaman bacım və yaxın dostlar “sənin yerində olsaq,  bunu bir iş kimi qurarıq” deyirdilər. Nəsə cəhd etməmişdim. Amma ordakı mühit mənə bu işə başlamağa güc verdi. Mühitin rolu da çoxdur. Həmişə deyirəm ki, nə yaxşı orda işləmişəm.

– Nə qədər maliyyə ilə başladınız?

– Bu işi qurmaq üçün mənə pul lazım olmadı. Onsuz da bu işlə məşğul olurdum, evdə sap əlindən yer yoxdur. Təzə vaxtlar çox toxuyurdum, düşünürdüm ki, hamısı satılar, amma onların heç biri satılmadı. Hətta ilk satışımızdan olan gəlirimiz gülməli idi. Xərcindən də aşağı qiymətə satmışdım.

– İlk vaxtlarla müqayisə edəndə gəliriniz zamanla necə dəyişdi?

– İlk iki ay heç bir sifarişimiz olmamışdı. Mən elə nəsə toxuyub hazırlayırdım, paylaşırdım, rəy olaraq gözəl sözlər yazırdılar, bəyənilirdi, amma almırdılar. İşə yayda başlamışdım, evdəkilər təsəlli verirdilər ki, mövsümü deyil, filan. Lakin sonra sifarişlər çoxaldı. Əvvəlcə təkcə özüm sifarişləri qəbul edirdim. Sonra artmağa başladı və tək çatdıra bilmədim, məcbur olub geri çevirirdim. Sonra bu işlə məşğul olan digər xanımları da cəlb etmək qərarına gəldim. İki xanım mənə qoşuldu, sonra sifariş artanda daha iki xanım da cəlb etdik. Artıq müəyyən qədər “Toxucu” tanınır, sifarişlərimiz yaxşıdır. Ehtiyac olduqca bu işi bacaran digər xanımları da cəlb edəcəyik.

– Biznesə başlamaqla yanaşı, davamını gətirmək də lazımdır. Heç uzaqlaşmaq istədiyiniz olub? 

– Bəzən ruh düşkünlüyüm olub, düşünmüşəm ki, bu şans idi, bir anlıq tanındı, bəsdir, yəqin ki, davam etməyəcəyəm. Amma həmin an sosial şəbəkədə qarşıma “Toxucu” ilə bağlı müsbət yazılmış bir fikir çıxırdı və mənə davam etmək gücü verirdi.

– Hüquq təhsili alan bir tələbənin toxuculuq sahəsinə meyllənməyinə reaksiya necə oldu?

– Valideynlər, yaxınlar deyirdilər ki, gül kimi ixtisasın var, toxuculuq niyə? Valideynlərim əvvəlcə bu işimi dəstəkləmirdilər, amma müəyyən zaman keçdikcə, hansısa bir xırda uğurum olduğunu görəndə sevinirdilər. Atam yenə də deyir ki, öz sahən var. Mən ixtisasımı atmıram, kənar bir fəaliyyətin olmasının nəyi pisdir ki?

– “Toxucu”nun səhifəsində “Sevginizi toxuyun” yazılıb. Bundan danışaq bəlkə bir az da…

– Robot kimi yox, sevgi  ilə işləməyin tərəfdarıyam. Toxuyarkən ora sevgi qatanda,  gözəl iş alınır. Məsələn, atama bir şərf toxuyanda artıq işi görə-görə fikirləşirsən ki, taxacaq, onu isti tutacaq, bunu mən toxumuşam. Bu kimi düşüncə ilə işləyəndə istər-istəməz sevgi ilə  toxuyursunuz. Hərə sevgisini bir cür göstərir, biz də belə.

– Sizi fərqləndirən nədir?

– Mən toxuculuğa sırf iş qurum, biznesim olsun, gəlir əldə edim kimi yanaşmamışam. Sevdiyim işlə məşğul olmağın xoşbəxtliyi hamısını əvəz edir. Sevdiyin işin bəyənilməsi sənə ayrı bir motivasiya verir. Özünü daha da inkişaf etdirmək, yeni-yeni nələrsə ortaya çıxarmaq istəyirsən. Məcburiyyətdən görülən iş gözəl ola bilməz.

– Gəlir düşünmədiyinizi dediniz. Bəs gəlirsiz nə qədər davam etmək olar?

– Belə bir söz var ki, ən böyük motivasiya puldur. Bu da düzdür. Gəlir olmalıdır, amma işi görərkən sırf pulu düşünmək bir az doğru deyil. Sevgi ilə gözəl iş ortaya çıxanda zamanla gəlir də olur. Məsələn, “Sevgililər günü” ərəfəsində bizə kimsə sevdiyi üçün nəsə toxumağı sifariş verir. Biz pulu düşünüb həmin şəxsə maksimum bir qiymət demirik. Pul mənim üçün ön planda olmayıb. Bizim xanımlar özləri toxuya bilməsələr də, sevdiklərinə özəl nə isə hədiyyə etmək istəyirlər. Biz də özümüzü həmin şəxsin yerinə qoyub öz doğmamıza toxuyurmuş kimi sevgi ilə çalışırıq. Gəlirimiz olur, amma məqsəd sırf pul qazanmaq deyil. Məqsəd sevdiyim bir işi hamıya sevdirmək idi, buna az da olsa nail olduğumu deyə bilərəm.

– Hüquqşünas, yoxsa toxucu?

– Təzə başlayanda evdəkilər mənimlə “toxucu-hüquqşünas” deyə zarafat edirdilər. Hüquqşünaslığı təsadüfən seçməmişəm, qarşıma hədəf qoyub bu sahəyə qəbul olmuşam. Ona görə paralel davam etdirmək istəyirəm. Ali təhsil aldığım sahə çətin də olsa, maraqlıdır. Mən gəlirimi sırf toxuculuğa bağlamaq istəmirəm.

– Bu, ancaq sifariş əsasıda olacaq? Öz məhsullarınızı hazırlayıb bu cür satış həyata keçirmək planınız yoxdur?

– “Toxucu”nu onlayn sifariş kimi yaratmaqla bu işin gələcəyi üçün müəyyən bir investisiya etməyi düşünürdüm. Heç kimdən maliyyə dəstəyi almadan, işi genişləndirmək üçün özün müəyyən bir maliyyə qazanmalısan. Sifarişlə işləmək yaxşıdır, gəlirlidir, amma bir yerə qədər… Sifariş zamanı ancaq bizdən tələb olunanları toxuyuruq. Lakin yaradıcı adamın ağlında fərqli ideyalar çox olur, onları da işləmək istəyirsən. Özün dizayn edib hazırladıqlarını başqalarında görmək daha da xoş olar. Ona görə, gələcəkdə sifarişlə işləməyi dayandırıb, ancaq kolleksiya formasında davam etmək istəyirik.

– Öz işini qurmağın üstünlüyü nədir?

– Bu, insanda nəyisə bacara biləcəyinə inam yaradır. Bəzən deyirlər ki, öz işini quranların çoxu işinin ağası olmaq istəyənlərdir. Amma mən bu cür yanaşmıram. Məqsədim sevdiyim məşğuliyyətimi bir iş halına gətirib, digərlərinə də sevdirmək idi və ona da nail oldum. Bu hiss mənə görə daha gözəldir.

– “Facebook” profilinizdə “toxucu” sözünün yanında bir də “oxucu” yazıbsınız. Oxumağı da sevirsiniz deyəsən…

– Mütaliəni sevirəm. “Toxucu”dan əlavə, özümün bloqum var. Oxuduğum kitabların təhlilini, öz təəssüratlarımı paylaşıram. Ona görə, ikisini də yazmışam. Sevimli iki məşğuliyyət var: oxumaq və toxumaq.

– Toxuculuq kursunda müəllim olacağınızı oxudum. Həm də öyrədirsiniz? 

– Mən əvvəllər fərqli kurslarda toxuculuq dərsi vermişəm. İndi isə başqa bir kursda toxuma öyrədəcəyəm. Mənə toxumaqdan çox, öyrətmək maraqlı gəlir. Əgər bildiyin bir şeyi paylaşırsansa, bilik çoxalır.

– Öz işini quran gənclərə nə demək istəyərdiniz?

– “Azərbaycanda iş qurmaq mümkün deyil”, “Bizdə hansısa biznesi qurmaq üçün gərək adamın olsun” tipli fikirləri öz işini qurmaq istəyənlərə çox deyirlər, mənə də həmçinin… Amma bunları fikirləşməsinlər. Əvvəldən iş üçün böyük məbləğ tələb olunacağını düşünüb, reallaşdırmaqdan çəkinməsinlər. Mən işə başlamamış bir emalatxanam olmasını istəsəydim,  həvəsdən düşəcəkdim. Fikirləşməkdənsə, işə başlamaq lazımdır. İşə başlayanda problemlər zamanla öz-özünə həll olunur. Başlayanda davamı mütləq gəlir. Bəzi şeyləri sonra da etmək olar. Başqalarına sübut etmək üçün yox, özləri üçün etsinlər.

© Kaspi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...