Öz brendini yaradan sahibkar qadın

Date:

Paylaş:

“Vəfa collection” sərgi-satış mərkəzinin rəhbəri Vəfa Muradzadə işindən zövq alan sahibkarlardandır

Ondan müsahibə almaq üçün bir neçə dəfə əlaqə saxlamalı olduq. Hər dəfə «Sifarişlərim çoxdur», «İşlə bağlı xaricə səfərim var» kimi cavablara qane olmayıb, israrlı zənglərimizdən sonra nəhayət, “Vəfa collection” sərgi-satış mərkəzinin rəhbəri, iş qadını Vəfa Muradzadənin vaxtından vaxt oğurlayıb “Kaspi”nin redaksiyasına dəvət edə bildik.

Üzündən nur tökülən, mehriban, fikirləri məntiqli, özü daim hərəkətdə olan bu işgüzar xanımla siz də yaxından tanış olun: Vəfa Muradzadə. Bakı şəhərində anadan olub. 7 saylı orta məktəbdə oxuyub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat, daha sonra hüquq fakültəsini qırmızı diplomla bitirib. M.Ə.Sabir adına Pedaqoji kollecdə dərs deyib, daha sonra hüquqşünas kimi fəaliyyət göstərib. Ancaq qəlbində hər hansı bir istehsal sahəsi yaratmaqla bağlı arzuları ona ideyalarını gerçəkləşdirməyə səsləyib. Nə az, nə çox – düz 15 il bu arzunu ürəyində daşıyıb. Ta o vaxta qədər ki, 2006-cı ildə Ev tekstili üzrə istehsala başlayıb. Üzərinə «Azərbaycan məhsulu» yazılan ilk tekstil məhsullarının istehsalı ilə məqsədinə nail olub.

Azərbaycanda istehsalın bu sahəsi varsa… 

«2004-cü ildə yorğanlı dəstlər dəbdə idi. Ev üçün almaqdan ötrü mağazaya yollandım. Kataloqda gözəl təqdimatları görsəm də, alacağım məhsulun keyfiyyəti məni qane etmədi. Demək olar ki, çeşid yox idi. Evə qayıdandan sonra: «Nə üçün bunu özümüz etməyək?» – deyə düşünməyə başladım». Bütün bunları xatırlada-xatırlada Vəfa xanım onu iş adamına çevirən illərə qayıdır: “Azərbaycanda tikişi bacaran peşəkar ustalarımız var”- deyə düşündüm. Bunu necə edəcəyimlə bağlı araşdırmalar apardım. Bacarıqlı bir dərzi ilə fabrik üçün avadanlıq seçməyə gedərkən hava limanında Amerika yazıçısı Sidni Şeldonun bir kitabını aldım. Bu kitab mənim işimin açarı oldu. Kitab vaxtında əlimə çatdı”. Yazıçının çətinliklərə sinə gərən qadın qəhrəmanları asan olmayan yolun başlanğıcında gələcək sahibkar qadın üçün stimula çevrilib”.

Ev tekstilinin fərqli istehsal sahəsi olduğuna əmin olan V.Muradzadə 2004-2006-cı illərdə «tekstil hansı ölkələrdə daha keyfiyyətlidir», «Hansı materialı haradan almaq olar” – suallarına cavab tapmaq üçün Hindistan, Çin, Almaniya, Türkiyə və s. ölkələri gəzib. Biznes planının sxemini qurandan sonra 29 gün ərzində fabrik açmağa müvəffəq olub: “Artıq hər şey planlaşdırılmışdı. Bacarıqlı qadınları işə cəlb etdim. Düşünülmüş şəkildə yeni bir Azərbaycan brendi yaratdıq”, – deyə Vəfa xanım danışır: “İstehsala başladıqdan il yarım keçməmiş ölkə prezidenti İlham Əliyev Azərbaycanda indiyə qədər olmayan istehsal sahəsini görmək istəyini bildirdi. Sərgi zamanı bizim stendlə tanış olan prezident məhsullarımızı çox bəyəndi. «Əgər Azərbaycanda istehsalın bu sahəsi də varsa, demək, iqtisadiyyatımız hərtərəfli inkişaf edib. Əvvəllər belə məhsullar yalnız xaricdən gələrdi. İndi buna ehtiyac yoxdur, özümüzdə daha gözəl məhsullar istehsal olunur», – deyə prezident qeyd etdi. Ölkə başçısının sözləri bizə sanki qanad verdi”.

Sahibkar qadının xarici ölkələrdə keçirilən sərgilərə yolu da o vaxtdan başlayıb. Məhsulların çeşidini artıraraq 57-dən 700-ə çatdırmağa müvəffəq olub. Özünün fərqli dizaynı, qablaşdırılması ilə seçilən məhsulların keyfiyyətinə də tam təminat verilib. Müştərinin razılığı istehsalçıların əsas şüarına çevrilib: “Artıq 11 ildir ki, gündən-günə genişləndirdiyimiz istehsalat sahəsi müştərilərini özünün keyfiyyəti ilə təmin edir. Müştəri məmnuniyyəti bizim üçün çox önəmlidir», – deyə Vəfa xanım bu illər ərzində uğur qazanmalarının səbəbini izah edir: «Basqısını, toxunuşunu görmədiyim heç bir parçanı almamışam. Hətta, Əskişəhərdən, Bursadan parçanı alsam belə, onu elə orada yuyub, qurulayıb toxunuşunu, çəkilməsini, rənginin qarışmasını və s. diqqətlə yoxlayıram. Fabrikə əvvəlcə parçanın nümunələri gəlir və hər bir materialı əvvəlcə özümüz işlədirik. Materiala inanandan, bizi qane edəndən sonra parçanın özünü gətizdiririk. Keyfiyyətinə əmin olduğumuz fabriklərlə çalışırıq. Bu, bizim ən böyük avantajımızdır”. Fabrikin digər bir avantajı müştərilərində etibarlılığı təmin etməkdir: «Bütün müştərilərimizə «Məhsulu aparıb yuyun, ütüləyin, əgər xoşunuza gəlməsə gətirin» – deyirik”.

İş qadını Türkiyə iş adamlarını nümunə kimi götürdüyünü gizlətmir: «Bu illər ərzində türk iş adamı Cemalettin Sararla işbirliyində çalışmışam. Cemalettin bəyin işinə münasibəti mənim üçün örnəkdir. Onunla sərgidə rastlaşsanız elə bir nüfuzlu iş adamının müştərilərinə necə parçalar nümayiş etdirdiyinin şahidi olarsınız. Bu, onun işinə sevgisidir. Mən də öz işimə elə sevgi ilə yanaşıram. Mağazadakı bütün parçaları gecələr yatmayıb özüm kəsmişəm. Parça kəsəndə özümü rahat hiss edirəm».

Ev tekstili sahəsində rəqabətin o qədər böyük olmadığını deyən Vəfa xanım Azərbaycan brendi olaraq üzərinə «Azərbaycan məhsulu» yazılan məhsulların ilk dəfə rəhbərlik etdiyi fabrikdə istehsal olunduğundan qürurla danışır: “Daha sonra «Gilan» tekstil parkında yataq dəstləri istehsal etməyə başladılar. Mənə elə gəlir ki, yataq dəsti sahəsində elə bir rəqabət yoxdur. Pərdə çeşidlərində və digər məhsullar üzrə isə rəqabət var. Bu da zövq işidir. Hər kəs öz zövqünə, büdcəsinə uyğun seçib, bəyənir. Pərdəçi çoxdur. Elə pərdə mağazalarımız var ki, qiymətlərinə baxıb təəccüblənirəm. Onlar bahalı müştərilər üçündür. Bizim fabrikin məhsullarının üzərində yazılan qiymət bütün sosial təbəqələr üçün eynidir. Biz bir alıcıdan böyük bir alıcı kütləsinə açılmaq niyyətindəyik. Bu isə bir dəfə işləməklə olmur”. Çalışdığı istehsal sahəsini daha da genişləndirməyi nəzərdə tutan iş qadını ölkə başçısının sahibkarlıq üçün yaratdığı geniş imkanları, maddi-mənəvi köməyi yüksək dəyərləndirir: “Prezidentin sahibkarlarla bağlı keçirdiyi bütün toplantılarında iştirak edirəm. Qeyri-neft sektorunun inkişafı üçün ölkə başçısı əlindən gələn hər şeyi edir, iş adamları üçün hər cür şərait yaratmağa çalışır. Xarici valyutadan asılılığı aradan qaldırmaq, yerli istehsalata önəm vermək üçün addımlar atılır. İnsanların yerli istehsala alışmaları üçün bir qədər zamana da ehtiyac var. Bəlkə bunun üçün bəzi insanların şüurunda inqilabi dəyişiklik də lazımdır. Ancaq deyərdim ki, biz bu dəyişikliyi etmişik”.

Müştəri məmnuniyyəti

Sərgi-satış fabrikinin istehsal etdiyi çeşidlər təkcə keyfiyyət baxımından deyil, həm də rəngarəngliyi, dizaynı ilə diqqət çəkir. Fabrikdə yataq dəsti, döşək və yorğan qoruyucular, yorğanlar, yastıqlar, yataq örtükləri, dəsmallar, süfrələr, hamam dəsgahları, müxtəlif çeşidli pərdələr istehsal olunur. Qiymətlər də müştəriyə uyğundur. «Əvvəllər 25 mağazamız var idi. Həmin mağazaların 16-ı rayonlarda, 9-u Bakı şəhərində idi. Biz pərdə sektoruna keçəndən, həm də böyük otellərlə işləməyə başlayandan sonra bu mağazaları bağladıq və 1000 kv. metrlik şourum – sərgi-satış mərkəzi açdıq. Bu mərkəzin açılışında 1500-ə yaxın qonaq, o cümlədən ölkənin ən ünlü insanları iştirak etdi. Mağazaları bağlamağımıza səbəb artıq böyük otellər və şirkətlərlə işləyərkən bütün çeşidləri sərgiləmək istəyimiz idi. Ölkə üzrə ən böyük pərdə çeşidi bizdə olduğundan bu məhsulların vitrinini genişləndirmək istədik. Çünki belə olanda müştəri daha rahat gəzə və məhsulları görə bilir. Sərgi-satış mərkəzinin böyük bir bölümü otellərlə bağlıdır. İşlədiyimiz bütün otellərin loqosunu, dəsmallarını, xalatlarını həmin bölümdə yerləşdirmişik”. Artıq sərgi-satış fabrikinin ucuzundan tutmuş, ən bahalı mebellər istehsal edən sexləri də fəaliyyətdədir: “Həmin mebelləri alanlar xaricdə aldıqları məhsullara xərclənən əlavə xərclərdən azad olduqlarına görə sevinirlər. Parçada necə müştəriyə yüksək təminat veririksə, eləcə də mebelin istehsalında keyfiyyət, uzun ömürlülüyə təminatımız var. Müştərinin üzündə məmnunluğu görmək bizim zəhmətimizdən aldığımız zövqdür”.

Yaxşı sahibkar olmağın sirri

Peşəkar sahibkar olmağın sirri V.Muradzadə üçün ilk növbədə ətrafında işləyən işçilərdən başlayır: «İşçilərin sayı sifarişə uyğun olaraq 50-200 arası dəyişir. İşçiləri işdən çıxarmaq ən axırıncı istədiyim şeydir. Ən çətin durumda belə, işçi ilə vidalaşmağa ürəyim gəlməz. İşçinin məsuliyyətsizliyinə və ya xoşa gəlməyən davranışına görə onu işdən kənarlaşdıra bilərəm, ancaq böhranla, maddi çətinliklə üzləşdikdə onu çıxarmaq mənimçün çox çətindir. İşçiləri yola vermək, onlarla dil tapmaq, səbirli olmaq, problemləri ilə maraqlanmaq, lazım gələndə kömək əlini uzatmaq mənim əsas iş prinsiplərimdən biridir”.

V.Muradzadə iş adamı kimi bəzən biznes mühitinin əngəlləri ilə də qarşılaşır. Xüsusən süni maneələri görüncə, «Yoluma daş düzənlərə minnətdaram. Mən o daşları üst-üstə qoyub bir pilləkən düzəltdim və yuxarı qalxdım» – deyir. Danışır ki, iflasa uğradığı vaxtlar da olub. Ən böyük maneələri elə onda görüb: “Elə bil ki, daha dərinə düşməyim üçün quyunu dərinləşdirənlər çox oldu. Mən o insanlara rəğmən ayaqda qaldım. «Mən varam, olacağam» dedim. Digər tərəfdən, geriyə yolun da olmur. İstər-istəməz «Haqqımda danışanlar özləri bu ölkə üçün nə edib?» – deyə düşünərək, yolumu davam etdim. Digər tərəfdən, “nə qədər insan bu istehsal müəssisəsindən evinə çörək aparır. Bu da ölkə üçün iş yerləridir. Bu insanlar gözlərini sənə dikiblər, sənə ümid edirlər. Sən geri çəkilsən onların taleyi necə olacaq?” –deyə düşünürsən.

Yeni ideyaların yaranmasını isə sahibkar qadın “Tanrının vergisi” adlandırır: “Bu da vergi kimidir. Beş şəklə baxanda onların içərisindən yeni bir ideya ağlıma gəlir. Sadəcə, çalışmaq, özünü bu işə həsr etmək, axtarışda olmaq və ən əsası dayanmamaq lazımdır. «Mən işimi qurmuşam, deyə oturmaq olmaz. Həm öz üzərində, həm də işinin üzərində işləmək lazımdır. Hərdən mənə tənə ilə «Niyə hər şeyin dalınca özün gedirsən?» – deyirlər. Hər gün başa düşürəm ki, insan beş dəqiqə işindən əlini çəksə, o iş artıq onun deyil. Dünyanın harasında oluramsa olum, telefonum bir dəqiqə də sönmür”.

V.Muradzadə həmçinin dövlət tədbirlərində, ölkə başçısının sahibkarlarla görüşlərində, işgüzar forumlarda, xaricdən gələn prezidentlərlə, iş adamları ilə görüşlərdə müntəzəm iştirak edir. Ölkəmizi xaricdə keçirilən tədbirlərdə təmsil edir. Çıxışları və işi ilə ölkəmizdə sahibkarlığa, xüsusən qadınların bu sahədə fəaliyyətinə yaranan şəraitlə onları tanış edir.

Hazırda isə iş qadını mayın 16-dan 20-dək Türkiyədə keçiriləcək Ev tekstili sərgisində iştirak etmək üçün qardaş ölkəyə yola düşüb: «Artıq 12 ildir ki, bu sərgi keçirilir. Bu sərgini qaçırmaq bir illik çeşid qaçırmaq deməkdir. Bilirsiniz, İstanbulun özündə belə istehsal sahəsi yoxdur. Dənizli, Kayseri, Bursanı, Əskişəhəri qapı-qapı gəzənə qədər, onların materiallarının hamısını sərgidə görürsən. Bu, istehsalı genişləndirmək, iqtisadiyyata yeni töhfələr vermək üçün fürsətdir”.

«Sahibkar qadın olmaq çətindirmi?» sualına Vəfa Muradzadə tərəddüdsüz cavab verir: «Çətindir» – deyir. «O zaman asanlaşır ki, işini sevəsən. Mənim belə bir sözüm var: «Bir həyat yoldaşını, bir də işini özün seçməlisən. Əgər bunlar ürəyincə olmasa, 60 yaşında olsan belə, həyatında boşluq olacaq. Əgər yenidən işə başlasaydım, yenə də bu seçimi edərdim. İşindən zövq almaq ən gözəl hissdir…”.

©kaspi

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...