2020-ci ilədək “ABAD” xidmətləri vasitəsilə Şəki-Zaqatala iqtisadi regionunda 30-dək ailə təsərrüfatlarına dəstək göstəriləcək. Bununla da bu insanlar faktiki olaraq sahibkarlıq subyektlərinə çevriləcək və Azərbaycan iqtisadiyyatına töhfə verəcəklər. Kiçik ailə bizneslərinin inkişafına lazımi dəstəyin verilməsi ilə bağlı yeni layihə çərçivəsində ailələrin brendləri yaradılacaq, məhsulları istehsal olunacaq və satışa çıxarılacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev deyib.
“ABAD”ın direktoru bildirib ki, hazırda sıralarımızda 170 “ABAD”çı var, onlardan 25-i kənd təsərrüfatı istehsalı ilə məşğul olur. Digər mütləq əksəriyyət sənətkarlıqla məşğul olan “ABAD”çılardır. Bundan başqa, 5 sərgi-satış mərkəzlərindən əlavə “Bravo” mağazalar şəbəkəsində də bizim “ABAD”çıların məhsullarının satışı həyata keçirilir. Ötən müddət ərzində bütün məhsulların satış dövriyyəsi 320 min manata çatıb. Bu məbləğin 230 min manata qədəri “ABAD”çıların bank hesabına köçürülüb.
Hələlik iki istiqamət üzrə – kənd təsərrüfatı və dekorativ-tətbiqi xalq sənətkarlığı layihələrinə dəstək göstərdiklərini qeyd edən Rüfət Elçiyev deyib: “Biz yalnız kənd təsərrüfatı, sənətkarlıq deyil digər sahələri də dəstəkləməyə hazırıq. Əsas odur ki, maraqlı ideya, biznes plan olsun”, – deyə R.Elçiyev əlavə edib.