“Keçən il 140 milyon dollar dəyərində pomidor ixrac edilib. Birinci yerdə pomidor ixracıdır. Bu sahəyə də çox böyük maraq və tələbat var”.
“Report”un məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iclasında məlumat verib.
Onun sözlərinə görə, “ölkədə 400 hektardan böyük bir sahədə yeni istixana komplekslərinin yaradıldığını nəzərə alsaq, təsəvvür etmək olar ki, bizdə tərəvəz ixracı nə qədər artacaq. Çünki biz özümüzü tərəvəzlə çoxdan təmin etmişik”.
Dövlət başçısı öz çıxışında baramaçılıq və tütünçülük sahələrinə də toxunub:
“2015-ci ildə 200 kiloqram, 2016-cı ildə 70 ton, 2017-ci ildə 245 ton barama tədarük edilibdir. Bu da kümçülərin sosial vəziyyətinin yaxşılaşdırılmasına xidmət göstərir. Bu il bu rəqəm 450-500 tona çatmalıdır və biz ipəkçiliyin şöhrətini bərpa edəcəyik”.
Tütünçülüyə göstərilən diqqət öz bəhrəsini verir. Əgər 2016-cı ildə 3500 ton tütün tədarük olunmuşdusa, keçən il bu rəqəm 5200 tona çatıb. Bu il də bir çox önəmli tədbirlər görüləcək, qurutma kameraları alınacaq və fermerlərə əlavə dəstək veriləcək. Biz tütünçülüyün bərpasına çox yaxınıq və gələcəkdə tütünü nəinki xammal kimi, hazır məhsul – siqaret şəklində ixrac etməliyik”.
İlham Əliyev bildirib ki, sitrusçuluq, çayçılıq, çəltikçilik sahələrində də inkişaf var. Onun sözlərinə görə, heyvandarlığa çox böyük diqqət göstərilir və bu il ölkəyə minlərlə baş cins mal-qara gətiriləcək.