O hələ də çamadanda yatdığı günləri xatırlayır – Gennadi  Timçenko

Date:

Paylaş:

O, Rusiya prezidentinin dostu, jurnalistlərin isə düşmənidir. İllərlə mətbuatdan qaçıb və adi bir çilingərin necə beynəlxalq neft treyderi olmasına dair sualları açıq buraxıb. Söhbət “Volga Group” investisiya şirkətinin rəhbəri, Rusiyanın 6-cı varlı şəxsi Gennadi Timçenkodan gedir.

Məşhur milyarder iş adamının həyat hekayəsini təqdim edirik.

Gennadi Timçenko 1952-ci il noyabrın 9-da Ermənistanın Leninakan şəhərində hərbçi ailəsində anadan olub. Altı yaşında ailəsi Almaniyaya köçüb. Gennadinin uşaqlığı Almaniyanın şərqində  keçib. Orta məktəbi Odessa yaxınlığındakı şəhərdə oxuyub. 1971-ci ildə Leninqrad (indiki Peterburq – red.) Hərbi-Mexanika İnstitutuna qəbul olub. 1976-cı ildə təhsil müəssisəsindən elektromexanik-mühəndis ixtisası üzrə məzun olub.  “İjorski” zavodunda çilingər kimi işə başlayıb. 1982-ci ildə Xarici Ticarət Nazirliyində baş mühəndis vəzifəsinə keçib. Bununla da, böyük pullara gedən yolun qapısı üzünə açılıb.

Çilingərlikdən Xarici Ticarət Nazirliyinə 

Gələcəyin iş adamı 1987-ci ildə Dövlət Xarici Ticarət Assosiasiyası “Kirişinefteximeksport”da  direktor müavini vəzifəsində işləyir. 1991-ci ildə Finlandiyaya üz tutur. Orada “Urals Finland Oy” şirkətində rəhbər vəzifədə işləməyə başlayır. 1995-ci ildə “Urals Finland Oy” şirkəti “International Petroleum Products Oy” adlandırılır. Timçenko əvvəlcə şirkətin direktor müavini, daha sonra isə baş direktoru olur. 1997-ci ildə isveçrəli iş adamı Turbernom Tornkvistomla birlikdə neft ticarəti şirkəti “Gunvor”u yaradır. Əlverişli makroiqtisadi şərait və qiymət şərtləri şirkətə beynəlxalq, eləcə də Rusiya  bazarında  paya sahib olmaq imkanı yaradır. “Gunvor” vasitəsiylə həm dövlət, həm də qeyri-dövlət neft məhsullarının satışı həyata keçirilir. Əslində, bu, Timçenkonun iş həyatı ilə bağlı irəli sürülən rəsmi faktlardır. Qeyri-rəsmi xəbərlərə görə isə, Timçenkonun şirkətinin bazarın böyük hissəsinə sahib olmasında prezident Vladimir Putinlə münasibətləri rol oynayır. Onların əlaqəsi isə DTK sıralarından yaranıb. Hətta o da qeyd edilir ki, Timçenko sadəcə Putinin biznesini idarə edir. İş adamının adına çıxılan şirkətlərin, səhmlərin gerçək sahibi əslində Putindir.

Sərvəti

Gennadi Timçenko Rusiyanın 200 varlı iş adamının siyahısında 6-cı sırada yer alır. Onun varidatının həcmi 15 milyard dollar həcmində qiymətləndirilir. Sahib olduğu “Gunvor” bu gün də aparıcı müstəqil enerji treyderi sayılır. Şirkətin müştəriləri beynəlxalq iri neft qaz şirkətləridir. 2010-cu ildə şirkətin dövriyyəsi 71,7 milyard dollar, 2011-ci ildə 87 milyard dollar təşkil edib. Onu da qeyd edək ki, “Gunvor” G.Timçenkonun sahib olduğu yeganə şirkət deyil. O, 2007-ci ildə “Volga Resources” özəl investisiya şirkətini də yaradıb. 2008-ci ildə şirkət Rusiyanın ən böyük müstəqil qaz istehsalçısı olan “Novatek”in səhmlərinin 5%-ni alıb. Bu gün G.Timçenko “Volga Resources” vasitəsilə aşağıdakı şirkətlərdə səhm payını idarə edir:

  • 23 % “Novatek” qaz təhcizatı şirkəti
  • 63 % “Stroytransqaz” tikinti şirkəti
  • 30 % “Kolmar”
  • 89%   “Saxatrans”
  • 50%  “Suxodol”
  • 50 %   “Petromir” qazemalı şirkəti
  • 80 %  “Transoyl” dəmiryolu şirkəti
  • 37,3 %  “Sibur Holdinq”də neft-kimya, qaz emalı şirkəti
  • 12,5 % “SOQAZ”da  sığorta şirkəti
  • 49,1 %  “SOVAG AG” (Almaniya)
  •  8 % “Rosiyya” bankı
  • 30 % “Ruskoe more” balıq məhsulları şirkəti
  • 100 %  “Akvanika” içməli su istehsalı şirkət
  • 25%  ”ARKS” qrupu
  • 25%  “SK Most”

 

Gennadi Timçenkonun əmlakına gəlincə, iş adamı  Cenevrədə 1 hektar torpaq, 341 kvadratmetr yaşayış sahəsinə malik daşınmaz əmlaka sahibdir. Bu əmlak 18,4 milyon frank dəyərində qiymətləndirilir. Milyarder özü  daşınmaz əmlaka 11 milyon dollar ödəyib.

Putinlə münasibətlər: “İdmandan danışırıq”

Timçenkonun milyardları məhz Putinin sayəsində qazanması illərdir müzakirə mövzusudur.

Bu haqda xəbərlər mətbuatda ilk dəfə 2000-ci ildən yer almağa başlayıb. Həmin materiallara görə, məhz Peterburq meriyasında işləyən Putinin sayəsində Gennadinin şirkəti xarici ticarət agenti seçilir. Putin Moskvada işləməyə başlayandan sonra isə G.Timçenko ilə münaisbətlər daha da yaxınlaşır. Düzdür, onlar illərlə dostluqlarını təkzib ediblər. Lakin bu yaxınlarda V.Putin iş adamı ilə dostluq münasibətlərinin olduğunu deyib. Timçenko da bunu təsdiqləyib. Bildirib ki, dövlət başçısı ilə hərdən görüşürlər və idmanla bağlı müzakirələr aparırlar: “Heç vaxt biznesdən danişmırıq. Bizim Putinlə DTK sıralarında tanış olmağımıza gəlincə, bu, tamamilə iftiradır”.

“1990-cı ildə artıq milyarder idim”

Bu arada onu da bildirək ki, Timçenkonu sərvət sahibi edən “Gunvor” şirkəti məhz Putinin dövründə parlamağa başlayıb. Əsas tenderlərin qalibi olub. Məsələn, “Gunvor” 2000-ci ildə  “Rosneft”in ixracatının böyük hissəsini tutub.

Timçenko deyir ki, 1990-cı ildə artıq milyarder idi. 2000-ci ilin sonunda isə Rusiyanın neft və neft məhsulları ticarətini aparan şirkəti “Gunvor” beynəlxalq treyderlər arasında üçüncü yeri tuturdu: “1987-ci ildən neft biznesindəyəm. Necə hesab edirsiniz, o qədər fərasətsizəm ki, ötən 25 ildə nəsə qazana bilməyim?”

“Qızım çemodanda yatırdı“

Mühəndis-elektrikin birdən-birə böyük bir neft treyderinə necə çevrilməsinə gəlincə, o bu suala belə cavab verir: “Mən Peterburqda Hərbi-Mexaniki Univeristeti bitirmişəm. Deyə bilmərəm, xüsusi seçim olub. Sadəcə, atam hərbiçi idi. Buna görə də biz tez-tez yaşadığımız yeri dəyişirdik. 6  yaşımda o məni Ermənistandan Almaniyaya aparıb. Orta məktəbi isə Odessa yaxınlığında kiçik şəhərdə oxumuşam. Universitetdən sonra “İjorski” zavodunda işləməyə başladım. Həmin vaxt Sovet İttifaqında atom stansiyalarının tikintisinə başlanılırdı. Hökümət gənc mütəxəssislərə ikiqat artıq pul verirdi. Mən də çilingər kimi 280 rubl maaş alırdım. Bu o zaman idi ki, universitetdə işləyən professora 300 rubl əməkhaqqı verilirdi. İki il gərgin rejimdə işlədim. Bəzən avtobusda yatırdım. Həyat yoldaşımla Peterburqda birotaqlı mənzil kirayələmişdik. Böyük qızım orada dünyaya gəldi. Yeri gəlmişkən, çarpayı almağa pulumuz olmadığından ilk vaxtlar o, paltar çemodanında yatırdı. Bu gun onun 30 yaşı var, amma o hələ də çemodanda yatdığı günləri xatırlayır”.

İş adamının həyatında “inqilabın”necə baş verməsinə gəlincə, özü belə deyir: “Zavodda çilingər kimi 5 il işlədim. Sonra pul mükafatlarımızı kəsdilər. Bir sinif yoldaşım təsadüfən mənə zavodun xarici əlaqələr söbəsində öz yerini təklif etdi. Uzun müddət zavodda çilingər kimi əl-ayağı yağa bulaşaraq işləyən adam üçün bu iş göydəndüşmə idi. Çox düşünmədim və razılaşdım. Müxtəlif ölkələrə səyahət edir, sərgilərdə iştirak edirdim. Beləcə özümü yetişdirdim. Bu arada məni işə həm də ona görə götürdülər ki, onlara alman dilində danışmağı, tikintini, texnikanı bilən adam lazım idi. Mən hətta bir zamanlar həmin vəzifədə işləmək üçün xarici ticarət əlaqələri akademiyasına qəbul olmaq belə istəmişdim”.

Mahiyyəti, ruhu rusdur

İş adamı 1999-cu ildən Finlandiyada yaşayır. O, həm Rusiya, həm də Finlandiya vətəndaşlığına sahibdir: “Amma həmişə mahiyyət və ruh baxımından Rusiya vətəndaşı olmuşam”.

Onu da bildirək ki, G.Timçenko Finlandiya vətəndaşı olsa da, İşveçrənin vergi ödəyicisidir. Səbəb də birinci ölkədə vergilərin yüksək olmasıdır: “Uzun illər Finlandiyanın vergi ödəyicisi olmuşam. Verginin məbləği Rusiya standartlarına uyğun gəlmirdi. Gəlirlərin təxminən 60 faizini təşkil edirdi. 10 ildən sonra İsveçrəyə köçdüm. Bu, təkcə vergi ilə bağlı olmadı. Həm də oğluma yüksək Avropa təhsili vermək istəyirdim”.

Sonda qeyd edək ki, G.Timçenko üç övlad sahibidir. Xanımı və özü təkcə dollarları ilə deyil, xeyriyyə aksiyaları  ilə də məşhurdular.

©Publika

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...