Rusiyanın tanınmış karyera bələdçisi, eksponentlər üçün ixtisaslaşmış tədris vəsaitlərinin müəllifi Nikolay Karasev bu il sentyabrın 7-də Bakıya gələrək “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilati dəstəyi ilə “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli?” mövzusunda seminar keçirəcək. N.Karasev uzun illərdir ki, müxtəlif tədbir təşkilatçılarına konsaltinq (məsləhət) xidmətləri təklif edir və “Sərgi biznesində satış və marketinq. Sərgi tədbirinin iştirakçı və ziyarətçilərini necə cəlb etməli və qorumalı?” adlı kitabın və “Sərgilərdən necə maksimum faydalanmalı?” adlı praktiki tədris vəsaitinin müəllifidir. Nikolay Karasev seminar ərəfəsində Azərtac-ın suallarını cavablandırıb.
– Xahiş edirik özünüz barədə məlumat verəsiniz. Necə oldu ki, siz sərgi sənayesinə gəldiniz və neçə ildir seminarlar təşkil edirsiniz?
– Sərgi sənayesinə gəlişim təbii olub, belə ki, hələ universitetin dördüncü-beşinci kurslarında oxuyarkən, mən əlavə qazanc yeri kimi sərgilərdə vaxtaşırı tərcüməçi işləyirdim. 1999-cu ildə təhsilimi bitirdikdən dərhal sonra sərgi şirkətinə gəldim və 2006-cı ilə qədər təşkilatçılar ilə birlikdə sərgilərlə məşğul olmağa başladım. Bu gözəl təcrübə idi – mən satış üzrə menecerdən tutmuş marketinq üzrə direktora qədər ən müxtəlif vəzifələrdə çalışmışam.
Daha sonra mən “EkspoEffekt” adlı öz sərgi konsaltinq agentliyimi yaratmaq qərarına gəldim və artıq 11 ildən artıqdır ki, eksponentlərin sərgilərdə ən yüksək nəticələrə nail olmalarına kömək edirəm. Mən Rusiyanın 50-dən çox şəhərində və dünyanın 9 ölkəsində açıq və korporativ formatlı praktiki seminar və vebinarlar (onlayn seminarlar), eləcə də treninqlər keçirirəm. Bu illər ərzində tərəfimdən təşkil olunan tədbirlərə 12 000 nəfərdən artıq iştirakçı cəlb olunub.
– Son illər sərgi sənayesində baş verən dəyişikliklər barədə məlumat verəsiniz. Siz rəqəmsal avadanlıqların sərgi sənayesinə təsiri barədə nə düşünürsünüz?
– Mən Bakıya sonuncu dəfə 3 il bundan əvvəl gəlmişəm və 3 il çox qısa müddət olsa da, bu vaxt ərzində bir sıra müsbət dəyişikliklər baş verib. İndi təşkilatçı və eksponentlər təşkilatçılıq proseslərini həm sadələşdirən, həm də asanlaşdıran və sərgilərə daha çox hədəf ziyarətçini cəlb etməyə, eləcə də onlarla sərgiyə qədər, sərgi ərzində və sərgidən sonra daha səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə imkan verən bir sıra rəqəmsal həll variantı və xidmətlərindən istifadə edə bilərlər.
Biz seminarda iştirakçıların sərgi əsnasında işgüzar tapşırıqların həlli ilə yanaşı, vaxt və resurslara qənaət etmələri və iştirakın səmərəliliyini artırmaları üçün istifadə edə biləcəkləri yeni rəqəmsal alət və texnologiyaları diqqətlə nəzərdən keçiririk.
– Sizin seminar və treninqləri unikal edən nədir və sizin auditoriyanıza kimlər daxildir?
– Seminar yalnız tətbiqi xarakter daşıyır. Bu isə o deməkdir ki, tədbirdə cansıxıcı nəzəriyyə və məzmunsuz “boş” danışıqların əvəzinə sadə dildə izah, maksimum faydalı və əyani məlumatlar, eləcə də sərgilərdə uğurlu iştirak ilə bağlı real həyatdan götürülmüş misallarla müşayiət olunan praktiki təcrübə üstünlük təşkil edəcək. Seminar şirkət rəhbərləri, direktorlar və marketinq, reklam, təşviqat və satış üzrə menecerlər, eləcə də sərgidə iştiraka görə cavabdeh olan şirkət əməkdaşları üçün tövsiyə olunur. Treninq sərgilərdə uğur qazanmağın yollarını öyrənməyə və bu məlumatları həm Bakıda, xaricdə keçirilən sərgilərdə tətbiq etməyə kömək edir.
– Tezlikdə Azərbaycanda payız sərgi mövsümü start götürəcək. Hazırda biznesin təşkili və inkişafı üçün sərgilər nə dərəcədə əhəmiyyətlidir?
– Sərgilər satış, reklam, marketinq, birbaşa kommunikasiya, sağlam rəqabətli mübarizə və biznesin inkişafı üçün əla vasitədir. Sadəcə sərgi resurslarından düzgün istifadə etməyi bacarmaq lazımdır.
Texnologiyalar şəxsi ünsiyyəti heç vaxt əvəz edə bilməyəcək. İri sənaye tədbirlərində iştirak “networking”, yəni şəxsi ünsiyyət və əlaqələrin qurulması adlanır.
Sərgilərdə, xüsusən də yaxşı tanınan və eksponentlərin etimadını qazanmış sərgilərdə iştirak şirkətin bazardakı sabit mövqeyinin göstəricisidir. İqtisadi reallıqların bəzən ildırım sürəti ilə dəyişdiyi böhranlı dövrlərdə satıcı ilə alıcı arasındakı səmərəli kommunikasiyaya olan tələbat artır. Belə vəziyyətdə sərgilərdə iştirak əvəzedilməzdir, çünki məhz potensial və mövcud tərəfdaşlarla canlı ünsiyyət biznes proseslərinin bütün iştirakçılarında əminlik hissi yaradır. Elə məsələlər var ki, onları adətən yalnız şəxsi ünsiyyət zamanı müzakirə etmək olar və aydındır ki, kəskin şəkildə dəyişən bazar şəraitində belə mövzuların sayı daha da artır.
– Sərgilərdə iştirak etmək qərarına gəlmiş şirkətlərə nə tövsiyə edərdiniz?
– Birincisi sərgi fəaliyyəti ilə bağlı 3 mərhələdə – sərgidən əvvəl, sərgi zamanı və sərgidən sonra sistemli yanaşma tətbiq etsinlər. Sərgiyə ilin üç-dörd günü yox, üç-dörd ay davam edən tədbir kimi baxsınlar.
Bundan başqa, stenddə görmək istədikləri hədəf ziyarətçi auditoriyasını dəqiq müəyyən etsinlər. Sərgidən əvvəl reklam kampaniyası keçirsinlər və sərgidə iştirakı bütün mövcud kanallar vasitəsilə fəal şəkildə elan etsinlər.
Həmçinin sərgidə hədəf auditoriyanı ən çox maraqlandıran məhsul və həll variantlarını seçsinlər. Sərgiyə ən yaxşı əməkdaşlarını göndərsinlər və onlara sərgidə səmərəli iş üzrə treninq keçsinlər.
Digər faydalı məsləhət və tövsiyələr üçün sentyabrın 7-də “Hyatt Regency” otelinin İclas və Konfrans Mərkəzində “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli?” mövzusunda keçirəcəyim seminarda iştirak edə bilərsiniz. Daha ətraflı məlumatı www.ceo.az veb-saytından əldə etmək mümkündür.