Müəllif: Rafiq Hunaltay
Networking – haqqında qısa deməli olsaq, o əlaqələri dəyərə çevirmək alətidir. Networking əlaqələrdən formalaşan çevrənizdir. Ona görə də elə Networking sözünü kobud mənada çevrə sözü ilə əvəz edə bilərik. Bu yazıda Azərbaycanda Networking üsulları, onu uğurlu və uğursuz yollarından, abırlı və abırsız formada tətbiq edənlərdən və parallel olaraq da onu edib kimsənin hiss etmədiyini düşünənlərdən yazacam.
Siz özünüz də bir zamanlar cızdığınız çevrənin nəticəsisiniz
Bəli, hər kəs öz çevrəsini özü cızır. Əslində bizim bugünümüz daha əvvəldən şüurlu və ya təsadüfi yolla cızdığımız çevrəmizin nəticəsidir. Özümüz də bilmədən hansısa mühitdə hansısa insanlarla qarşılaşmışıq və onların bizim gələcəyimizi cızmaqda böyük rolları olub. Şəxsən mən indi oturub təhlil edəndə 2 şeydə “bəxtimin” gətirdiyini düşünürəm. Məktəb vaxtı akademiyadan məktəbimizə gəlmiş müəllimlərin Networking-inə daxil olmağım və universitet vaxtı yazarlıq karyeram və marketinqi mənə sevdirən 2 şəxs. Bu səbəbdən artıq universiteti bitirəndə 3 fərqli istiqamətdə çevrəm var idi – 1) Millətçi, vətənpərvər və çox savadlı müəllimlər 2) Qəzetlərdə yazarkən tanış olduğum dəyərli insanlar 3) marketinqlə bağlı yaranan çevrəm. Bir-birindən fərqli bu 3 çevrə mənə həyatı daha əyləncəli, bəzən daha gərgin və daha prinsipial edirdi. Diqqətlə təhlil edəndə görürəm ki, bugün də əslində o 3 istiqaməti dərinləşdirməklə məşğulam. Tariximizə, kimliyimizə aid davamlı araşdırmalar edir, oxuyur və bu istiqamətdə nələrsə etmək üçün əlimdən gələni edirəm, yeni insanlarla tanış oluram və bu mənə mənəvi zövq verir. Marketinq və bizneslə bağlı işlərimdə 2006-cı ildən bu yana formalaşmış minlərlə insandan ibarət çevrə – forumlar, sayt, bloqerlik, ən böyük qapalı marketinq qrupu və s. Bu da öz növbəsində mənə əlavə həyəcan qatır. 3-cü də yazarlıqdır ki, bu mənə oxuma alışqanlığı verib. Şükürlər olsun ki, son illər davamlı şəkildə kitabxanamı zənginləşdirir, bir gün belə ən az 30 səhifə oxumadan yatmıram. Bu mənim mənəvi qidamdır, kitab səhifəsinin ətri məni valeh edir.
Bunları oxuduqca yəqin Siz də öz çevrənizi təhlil etməyə başladınız. Bəlkə də təhlil edə-edə bir çox şeyə ilk dəfə belə diqqət yetirdiyinizin fərqinə vardınız. İnsanın əlaqələri onun sahib olduğu ən böyük sərvətdir. Amma bu əlaqələri biznes nöqteyi-nəzərdən necə dəyərləndirməliyik? Uzun girişimin məqsədi bu suala cavab tapmaqdır. Elə isə başlayaq…
Networkünüz yekcins olmamalıdır
Əks-halda Siz mənfəətcil biri kimi tanınacaqsınız. Məsələn, baxırsan ki, biri bankda işləyir, bütün həyatı və çevrəsi bankdır. Dostları ancaq bankirlər, əsasən də öz işlədiyi yer, sosial həyatının ortasında da bank var. Hətta hobbiləri belə bankla əlaqəlidir. Bu səmimi gəlmir, səmimi ola da bilməz. Ətraf üçün də xoş təsir bağışlamır. Bu durum kobud desək, sevdiyi adama xoş gəlmək məqsədilə O, rokçudursa rokçu, dindardısa dindar olmağa çalışan, elə görünməyə can atan sevgililərə bənzəyir. Ayrılan kimi də tam əksi hərəkətlər. Bu tip çevrəsini təbii olaraq cızanlar belə bir müddət sonra bu durumdan ciddi narahat olur, sıxılırlar. Həmişə sərbəst və özü kimi ola bilməmək yorur. Odur ki, çalışın fərqli sahələrdən formalaşdırın çevrənizi. Bu Sizə bir işin stressini o biri məşğuliyyətinizlə atmağa imkan verəcək və sizi daha çox rahatladacaq.
Networking təkcə faydalanmaq deyil, həm də fayda verməkdir
Bəli, başqa sözlə desək, həmişə alməmməd olmaq olmaz, heç olmasa, arada verməmməd də olmalısınız. Verən əliniz olmalıdır. Ancaq mənfəət güddüyünüz adamlarla kontaktda olmaq, ancaq işiniz düşəndə birbaşa və dolayı yolla bunu hiss etdirməməlisiniz. Əmin olun ki, ancaq işiniz düşəndə yadınıza düşən adamlar özləri də Sizin bu durumunuzu əla bilir və bir müddət sonra tədricən öz çevrəsindən kənarlaşdırır. Nəinki Networking qaydası kimi, ümumiyyətlə həyat prinsipi olaraq həmişə kimin üçünsə heç bir təmənna güdmədən əziyyət çəkməkdə, yardım etməkdə, onun işi aşsın deyə dəstək olub kiməsə ağız açmaqda çəkinməmək lazımdır. Bugün imkanınız varsa, edin. Sabah da Sizə edəcəklər. İlahi ədalət var və o nə zaman təcəlli edəcək, kimin vasitəsilə edəcək onu heç bilmək olmaz. Hər-bir insanın şəxsi arealına girməyə icazə verdiyi dostları və iş dostları var. Azərbaycanda bu ikisini qarışdıran xeyli sayda insan var. Şəxsi dost kimi görünüb ancaq iş, karyera mənafeyi güdənlərdən tutmuş, iş əsnasında tanış olub şəxsi dostluğa doğru sürətlə gedənlər də var. Şəxsən mənim üçün ancaq işi düşəndə və ya nəsə lazım olanda “çoxdandı danışmırıq, görüşmürük, biz ümumiyyətlə niyə əlaqə saxlamırıq” kimi vid verən adamların sadəcə ötəri tanış qədər dəyəri var. Amma bir daha qeyd edim ki, şəxsi zəmində səmimi, dost kimi görünmək istəyib bundan sui-istifadə edənləri nəzərdə tuturam. Amma belə ümumən iş mühitində yaranmış çevrələrdən o cür səmimiyyət gözləmək özü düz deyil, o cür adamların da Sizi ancaq işlə bağlı narahat etməsi çox təbiidir. Mən birincilərə qıcığam 🙂 Odur ki, düşünün, ən son kimə təmənna güdmədən imkanınız daxilində maksimum fayda vermisiniz? Çalışın belə hərəkətlərin sayını çoxaldın, çünki həm geri qayıdır, qayıtmasa belə Sizi faydalı olmaq xoşbəxt edir. Yoxlayın, görəcəksiniz.
Network-ə aid 4 xəta
Yuxarıda yazdıqlarımızı da nəzərə alsaq, rəhbər şəxssinizsə, çalışın bu 4 tipdən biri olmayın.
- Bütün çevrəsi rəsmi işi ilə bağlıdır, qeyri-rəsmi iş mühitilə bağlı çevrəsi demək olar ki, yoxdur. Bu cür adamları öz inkişaflarının qarşısını alır.
- Həddən çox iş ilə yüklənmiş menecerlər bir müddət sonra tükənir. Stress, daim nəyinsə yarımçıq qalması hissi, daim qaçaqaç, iş, iş, iş. Başınızı qaldırıb ətrafa baxın, bəlkə, fəsil dəyişib xəbəriniz yoxdur 🙂
- Çox hələ keyfiyyətli demək deyil. Kimlə gəldi, bütün qruplardan insanları çevrənizə almaq Sizi yoracaq. Nəticədə heç bir çevrədə tam olmamaqla öz inkişafınıza mane olacaqsız. Seçici davranmaq şərtdir. Hamının xoşuna gələn tip olmaq mümkün deyil. Bir müddət sonra bütün çevrəniz bunu hiss edib Sizdən uzaqlaşa bilər. Kobud desək xarakter olmalıdır.
- Network-ünüzün xoşuna gəlmək üçün istəmədən onların maraq duyduğu şeylərə yönəlmə, onlar kimi olmağa çalışma və s. qeyri-səmimi olmanız deməkdir ki, bu da Sizi əslində xoşbəxt edə bilməz, yorulacaqsız. Üstəlik bunu hiss etdirdiyiniz anda o network-dən xaric ediləcəksiniz.
Düzgün Networking-ə aid 4 yol
- Təhlil edin
- Seçin
- Qruplara bölün
- Faydalanın
Ümumən götürsək, insan çevrəsindən nə qazana bilər? Bilgi, elm, siyasi dəstək, nüfuz, status, fərdi inkişaf, enerji, şəxsi dəstək, iş/həyat balansı, dəyər və s. Bu kimi kriteriyalara əsasən ətrafınızı təhlil edirsiniz. Çalışın həmişə ətrafınızda pozitiv enerjili olsun. Onlar Sizin də enerjili olmanıza səbəb olacaq, onlar cəsarətlidirsə, siz də elə olacaqsınız. Neqativ yayan insanlar futbol dili ilə desək həyatımızın “stopper”ləridir. Araşdırmalara görə sizin təşəbbüslərinizin 90%-ni çevrənizdə olan 5% neqativ ruhlu adamlar gözünüzdən salır. Ona görə də təhlil birinci mərhələdir.
Təhlil etdikdən sonra diqqətlə Sizin istəklərinizə uyğun çevrəni, yəni adamları seçirsiniz. Unutmayın, məşhur sözdə deyildiyi kimi yola çıxdıqlarınızı yolda tapdıqlarınıza dəyişməyin. Naşükürlük etmək ziyan verər. Üstəlik yola çıxarkən, işin başındaykən sizlə olanlar daha səmimidir, daha etibarlıdır. Seçim mərhələsi çətindir. Çünki bu mərhələdə kimlərdənsə, uzaqlaşmalısınız. İlki öncə də dediyimiz kimi neqativ saçanlardır. Məsələn, fikir verirəm sosial şəbəkədə çox sayda gənc ancaq ətrafa neqativ püskürür. Adam az qalır desin ki, ay qardaş, ay bacı, sən nə yatdın ki, nə yuxu gördün. Bu qədər neqativi həyatına və ətrafına niyə yükləyirsən?! Əminəm ki, onların özü də bu durumdan məmnun deyil, daha doğrusu xoşbəxt deyil.
3-cü mərhələ qruplara bölməkdir. Deyək ki, 4 istiqamət seçdiniz. Çevrəniz bu 4 qrup, növ adamlardan ibarətdir. Bu halda artıq zamanınızı onların arasında bölməlisiniz. Çalışıb birinin digərlərindən çox ağır basmasına icazə verməmək lazımdır. Çünki Sizi çevrəniz xoşbəxt edir, inkişaf etdirir. Onların birinə çox zaman ayırmaq Sizi tam inkişaf etdirməz. Bugün menecerlər, rəhbər şəxslər ən çox işdən baş açmamaqdan gileylənir. Halbuki ən ideal yol rəhbər şəxsin işləri deleqasiya edə bilməsidir. Hər yerə özü çata bilməz, hətta ortaq müzakirə, özünün də olmasını tələb edən görüşlərdən bacardıqca uzaqlaşmalıdır. Məsələn, hər iclasa qatılmaq, çağrılan hər yerə getmək, hər şeyə müdaxilə etmək birinci elə sizin özünüzü yoracaq, ikinci də sonda çox şeydə məsuliyyət aldığınızdan uğursuz olma ehtimalınızı artıracaq. YOX deməyi bacarmaq lazımdır.
4-cü, sonuncu mərhələ faydalanmaqdır. Hər bir sosial qrup, çevrə insana bu və ya digər formada fayda gətirməlidir. Əvvəldə sadaladığımız faydalarından hər-hansı biri Sizin məqsədiniz ola bilər. Amma unutmayın ki, ən uğurlu liderlər, ən uğurlu idarəçilər həmişə qarşılarındakı adama daha çox fayda vermək üçün çalışır. O halda daha çox rəğbət görür, o halda uğurlu ola bilir. Məsələn, Sizdən biri iş istədiyində, özünüzdə imkan olmasa belə, kiməsə demək, xahiş etmək imkanınız varsa, o krediti məmnuniyyətlə istifadə edin. Bu ancaq faydalıdır. Və Siz bunun faydasını mütləq haçansa fərqli formada görəcəksiniz. İnsanlara faydalı olmağın verdiyi sevinc hissi isə əvəzedilməzdir. Əgər bu dünyada hər şey insanın xoşbəxt olması və özünü yaxşı hiss etməsi üçündürsə, onda özünüzü yaxşı hiss etdirən işlər görün.
Bizə görə bu 4 yol da düzgün çevrə üçün vacibdir. Təbii ki, fikirlər subyektivdir və konstitutsiya maddəsi deyil. Hərənin öz doğruları var.