“Bu gün rəqəmsal inkişaf ilə bağlı “rəqəmsal hökumət”, rəqəmsal ödənişlər, elektron ticarət, elektron sənəd dövriyyəsinin tətbiqi, yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imzanın istifadəsi və digər istiqamətlər bir neçə normativ sənədlərdə öz əksini tapıb”.
“Bizplus.az” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) və “McKinsey” məsləhətçi şirkətinin birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyində böyük həcmli məlumatlar, yəni “Big Data” mövzusunda seminarda Nazirliyin İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov deyib.
Onun sözlərinə görə, söhbət əsasən 4 normativ sənəddən gedir: “Bunlar “Telekommuniksiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”, “2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”, “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” prezident fərmanı və “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” və “Hökumət buludu” (G-cloud) konsepsiyasıdır.
Rəqəmsal inkişafın təməli rəqəmsal transformasiyadır. Belə rəqəmsal transformasiya dövlət və özəl sektorun, ümumilikdə isə iqtisadiyyatın səmərəliliyinin artırılması, xərclərin azaldılması, rəqabətqabiliyyətli məhsulların və xidmətlərin yaradılması, sosial həyatın yaxşılaşdırılmasına yönəlib. Rəqəmsal inkişaf ilə bağlı proseslər və tranzaksiyaları böyükhəcmli məlumatların təhlilinə əsaslanmadan həyata keçirmək mümkün deyil. Hətta bir çox proqramların, eləcə də mobil tətbiqlərin sürəti məlumatların yaradılması həcmindən daha vacibdir. Çünki gündəlik həyatda hiss etmədiyimiz data axınları vardır. Bu “data” axınları əsasında bir çox maraqlı xidmətlər ərsəyə gəlir. Misal üçün, gündəlik və ya iş həyatında e-mail, SMS, whatsapp üzərindən mesajlar, şəkillər, səslər, videolar göndəririk. Əslində bunların hər biri kodlaşdırılmışdır və Big Data şəklindədir. Məsafəli xidmətlərdən olan sensor oxunuşları və cib telefonlarından əldə edilən GPS siqnalları da buna bənzərdir.
“Big Data”nın analitik təhlili “Süni intellekt” (AI) və maşınla öyrənmə (machine learning) ilə sıx əlaqəlidir. “Süni intellekt” və maşınla öyrənmə “Big Data”nın tətbiqini genişləndirir, bu məlumatları xammaldan informasiyaya və biliyə çevirərək dövlətə və biznesə təqdim edir. “Big Data”nın əlamətlərinə həcm (volume), sürət (velocity) və müxtəliflik (variety) daxildir. Big Datanın rəqəmsal idarəçilik və iqtisadiyyatda faydasını 3 prinsip ilə göstərmək olar: xərclərdə azalma, çevik və sürətli qərarlar, yeni məhsul və xidmətlər. “Big Data”nın analitik təhlili həm də əlavə gəlir deməkdir. Hesablamalar göstərir ki, “Big Data”nın anlalitik təhlili sahibkarlıqda 8-10% gəlir əmələ gətirir. Bu isə 2025-ci ilədək “Big Data”nın təhlili hesabına ümumlikdə 119 milyard dollar qazanc deməkdir”.
Nazirlik rəsmisi hazırda bu sahədə Azərbaycanda olan mövcud vəziyyətə də aydınlıq gətirib: “Bildiyiniz kimi 2008-ci ildən başlayaraq institusional siyasət və səmərəli idarəetmənin tərkib hissəsi olan “elektron hökumət”in Azərbaycanda formalaşdırılması üçün ölkə prezidenti tərəfindən müxtəlif illərdə fərman, sərəncam və strateji sənədlər imzalanıb. 2013-cü ildə təsdiq edilmiş “Elektron hökumət” portalının əsasnaməsi dövlət qurumlarına məxsus müxtəlif dövlət informasiya sistemləri, ehtiyatları və portalları üçün nümunəvi sənəd olub. Cənab Prezidentin tapşırıqlarına uyğun olaraq Azərbaycanda “elektron hökumət”in formalaşdırılması üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aidiyyəti dövlət orqanları ilə birgə çalışıb.
Həmin dövr ərzində “Elektron hökumət”in formalaşdırılması sahəsində görülən işlərin faydasını və dövlət tərəfindən bu sahədə verilən qərarlarının icrasının real nəticələrini görürük. Misal üçün, “Elektron hökumət”in infrastrukturu və onun e-xidmətlərə girişinə açarı olan e-imza infrastrukuru qurulmuş, e-ödənişlər üzrə “Hökumət ödəniş” portalı, sahibkarların lisenziyalar və icazələr alması üçün “Lisenziyalar və icazələr” portalı, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə elektron vizalar verilməsi üçün “ASAN viza” sistemi yaradılmış, aqrar sektorda elektron kənd təsərrüfatı sistemi və ədliyyə sahəsində elektron məhkəmə sistemi formalaşdırılıb, həmçinin dövlət əhəmiyyətli kadastrlar və reyestrlər istismara təqdim edilib.
Həmin dövr ərzində ümumilikdə isə vətəndaşlara 400-dən çox elektron xidmətlərin götərilməsi təmin edilib. Bu xidmətlərin sırasında Mənzil İnşaatı Dövlət Agentliyinin “Güzşəştli mənzil” layihəsi sosial əhəmiyyətli olması ilə seçilir”.