Nazirlər Kabineti “Nəzarət-kassa aparatlarının istismarı qaydaları”nı təsdiq edib.
Qaydalara əsasən, Azərbaycan ərazisində yalnız dövlət reyestrinə daxil edilmiş NKA modellərinin tətbiqinə icazə verilir. NKA vahid şəkildə işləyən iki hissədən – proqram kassası və nəzarət mexanizmi qurğusundan ibarətdir. NKA ilə bağlı texniki tələblər Komissiya tərəfindən müəyyən edilir.
Nəzarət mexanizmi qurğusu üçün sertifikat 3 il müddətinə verilir.
Nəzarət mexanizmi qurğusunun sertifikat müddətinin bitməsinə 7 gün qaldıqda operator və istifadəçinin elektron kabinetinə bu barədə bildiriş göndərilir.
NKA işləmədikdə istifadəçi vergi orqanlarına və operatora dərhal bu barədə məlumat verir. NKA nasaz vəziyyətdə olduqda operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. Proqram kassasında, habelə proqram kassası və nəzarət mexanizmi qurğusunda yaranmış nasazlığı göstərilən müddətdə aradan qaldırmaq mümkün olmadıqda, operator NKA-nı dərhal ehtiyat NKA ilə əvəz edir və nasaz NKA təmirə aparılan zaman Operator və İstifadəçi nəzarət mexanizmi qurğusunda olan bütün məlumatların Nazirliyə ötürülməsini təmin edir. Təmirə göndərilmiş NKA-nın əvəzinə ehtiyat NKA-nın quraşdırılması üçün Operator portaldan Nazirliyə müraciət edir. Nəzarət mexanizmi qurğusunun əvəz edilmiş NKA-ya quraşdırılması üçün Nazirlik tərəfindən Operatora müvəqqəti sertifikat göndərilir.