Nərgiz Nəcəfli: “Biznes narkotik kimidir, dadına baxdın, buraxa bilmirsən”

0
2264

Müsahibim: “Jannford Baku”nun təsisçisi Nərgiz Nəcəfli

  • Nərgiz xanım, mümkünsə oxucularımıza bir az özünüz haqqında məlumat verərdiniz.

Nərgiz Nəcəfli, Alexandra Jobs, Hatice Çelik. – necə xitab etmək istəyirsinizsə. Auditoriyaya görə dəyişir.  Mən hər zaman özümü arxa planda tutmağı sevmişəm. İşimi və hədəflərimi önə çəkməyə fokuslu olmuşam. İndi özüm haqqımda məlumat vermək məncə müsahibənin mənim üçün ən çətin bölümüdür. Bəsit 3 kəliməlik sualın – Nərgiz Nəcəfli kimdir ? – sualının cavabını verməkdə həqiqətən çox çətinlik çəkirəm. İnsanların haqqımda çox bilgi sahibi olmasını istəməmişəm. Etiraf etməliyəm ki, bəzi zamanlarda bu məni hətta qıcıqlandırıb da.

Dənizin hər damlası eynidir, ayrılıqda damla çox zəifdir, bir heçdir ..  amma damlalar birləşəndə dəryaya çevrilir hansı ki, qarşısı alınmaz gücə sahibdir. Damla dəryanın parçası olmaqda güc tapır. Damlayam. ? Və dəryama sadiqəm. Həyatda heç kimə , heç nəyə bağlı olmadığım qədər bağlıyam Ona.

  • İlk iş təcrübənizi necə xatırlayırsınız?

İlk iş təcrübəm. Müxbir olaraq başlamışdım karyerama. 1 məqaləyə görə qazandığım ilk məbləğ 20 azn olmuşdu. Şirin gəlirdi, təbii , öz əməyinizlə qazandığınız ilk məbləğdir. Amma bəzi işlər pul qarşılığında görülə bilmir. Bilmirəm, bəlkə də , bir yerdən sonra insan özünü işə o qədər həsr edir ki, gözü pulu görməz olur. Yazmaq, mənə görə, bir ehtiyacdır. Ruhun dərinliklərindən gəlir, bunu hansısa məbləğ qarşılığında etmək mümkün deyil. İlham pərilərini satın almaq olmur. Pərilərin nazını çəkmək gərək ? 10 ildən çox media təcrübəm var. Amma yenə də o dünyaya aid hiss etmirəm özümü. Ancaq tənqidi yazılarım da zamanında çox sevilib. Oxucularım bilir. İlk başlarda məqalələri mənim yazdığıma inanmırlarmış. Bunu da illər sonra bir söhbət əsnasında etiraf etdiklərində öyrənmişdim. Sakit görəndə bir adamı görüntüyə aldanır çoxları. Mən sadəcə qışqırmağı və göstərişi sevmirdim. Təbiətcə isə heç vaxt sakit olmamışam. Mübarizəni sevmişəm. Mübariz və güclü qadınları da.

  • Necə oldu qərar verdiniz ki, artıq öz kurslarınızı (öz işinizi) yaratmalısınız?

Əslində bu qərarı yolun başından vermişdim. Hər zaman özümü “Böyük ana” olaraq görürdüm. Mənim 1 ailəm, 1 övladım olmayacaq deyirdim. Bir var 1 uşağa ana olasan, bir də var dünyanın min bir yerində yüzlərlə, minlərlə övladların ola. Mən 2-cini seçmişdim. Amma indi niyəsə balaca bir oğlum olsun istəyirəm. Yaş insanı dəyişir. Bəlkə də dəyişən sadəcə həyata yanaşmasıdır. Əvvəlində sadəcə 1 otağım olsun istəyirdim. Sadəcə orda tələbələrimə dərs keçəcəkdim. Bizim vaxtımızda indiki kimi tam şəraiti ilə müəllimlərə icarəyə verilən münasib qiymətə ofislər yox idi. Nə etdim olmadı.

1 otaq qurub sakitcə dərsimi keçəcəkdim. İmkan vermədilər. Mən də məcbur şirkət qurası oldum ? Əslində hər şey indi anlatdığım qədər bəsit deyildi, təbii.

Biznes narkotik kimidir. Bir dəfə dadına baxdınızmı, buraxa bilmirsiniz. Ürəyiniz sürətlə vurmağa başlayır. Yerindən qopacaqmış kimi çırpınır. Riskləri görürsünüz, ancaq durdura bilmirsiniz özünüzü. Və ən dəhşətlisi hər növbəti dəfə dozanı bir öncəkindən daha artıq etmək məcburiyyətində olursunuz. Yoxsa heçnə hiss etmirsiniz. Nə bir ehtiras, nə bir həyəcan. Sadəcə bir dərs otağı olaraq başlamışdı, amma biznes məni o qədər həyəcanlandırırdı ki.. durdurmaq mümkün deyildi. Və işin ən maraqlı qismi də o idi ki, biznes dediyinizin qurulma məqsədi pul qazanmaq olar. Amma mənim girdiyim hər işdə pulu idarə edəcək 2-ci bir şəxs mütləq olurdu. Çünki pulu düşünmək qədər məni gərən bir şey yox idi.

Çox qısa zamanda çox böyük təcrübə əldə etdim. Məncə çox şanslı idim. Doğru zamanda doğru məkanda olmuşdum. Bu mənə imkan vermişdi ki, kiminsə 10 ilə gedəcəyi yolu 3 ilə gedə bilim. Və ən önəmlisi doğru insanlarla qarşılaşmışdım. Öncə bir dərs keçəcəyim bir otaqla başlayan həyəcan sonra biznesin müxtəlif sahələrində diqqətimi çəkməyə başladı. Jannford Baku , Minute Baku Bakery, IELTS Official (İstanbul) şəklində davam etdi. Biznesdəki ürək ağrıdan səhifəmi açmayacam. Bilən bilir zatən. Amma mən heç vaxt özümü Business Lady olaraq görmədim. Görə bilmədim. Mən sadəcə qərarlar alan, ədaləti qoruması gərəkən mübariz idarəçi kimi görürdüm özümü. Sadəcə başım çətinə düşəndə pula da yaxşı işləyirdi J amma bu heç vaxt qayəm olmayıb. Pul kiminə görə motivasiyadır. Məni isə varlığı ilə də, yoxluğu ilə də demotivə edib. Pul yoxluğu ilə də, varlığı ilə də məndən insanları alıb. Böyük təəssüflə dərin ah çəkdiyim zamanlar olub o zamanlar.

  • Xərcləri qarşılamaq üçün bir investora ehtiyacınız olur. Mənim razılaşma şəklim hər zaman sabitdir. Biri ilə görüşəcəyəmsə zamanı mən məkanı o seçər. Biri ilə biznes anlaşmam olacaqsa, pulu o qoyar, işi mən görərəm. Çox investorla görüşdük. Hər tip sual verəni olur. İnvestor istəyir ki, sizə ödədiyinin 2 qatını ilk rübdə gətirib masaya qoyasınız. Sizin etməli olduğunuz isə sadəcə onlara başa salmaqdır ki, “öyle bir dünya yok J “ Biznesdə başlıca məsələ inandırmağınızdır. Hər kəsi inandırmağınız gərəkir. İnvestorunuzu, işçilərinizi, müştərilərinizi, rəqiblərinizi. Amma bunu yalnız özünüzün inanaraq addımladığınız yolda edə bilərsiniz. Mən inanırdım. İlk başlarda çox cəfəng səslənirdi. “Allahım, mənə göydən ofis göndər” – deyə etdiyim ən cahil duamı xatırlayıram. ?Başlanğıc üçün nə qədər investisiya lazım oldu və ya əsas xərcləri necə qarşıladınız?
  • Hal-hazırda komandanızda neçə nəfər var? Hansı xidmətləri outsource edirsiniz?

Hal-hazırda qurmuş olduğum bütün şirkətlər fəaliyyətlərinə davam edirlər. Amma mənsiz J Bu period hər kəsdən hər şeydən uzaqlaşdığım perioddur. Hər kəsin bir az özünü dinləməyə ehtiyacı var. Ona görə şirkətlər və komandalardakı insanlar haqqında məlumat verə bilməyəcəyəm. Və bu rəqəm hər zaman layihədən asılı olaraq dəyişirdi. Hər şirkətdə , hər layihədə fərqli insanlar idi. Bütün şirkətlərdə və bütün işlərdə yanımda olan güvəndiyim sadəcə 1nəfər var idi. Və onun gələcək bütün işlərdə də yanımda olacağına inanıram. Mən tez inanan, ancaq əsla güvənməyən bir insanam. Ona görə güvənə biləcəyim birilərini tapdığım zaman itirməmək üçün bütün səylərimi səfərbər  edərəm.

Bu həyatda ən çətin şey İNSAN tapmaqdır. Tapdınızmı, əsla itirməyin.

Nərgiz Nəcəfli

Nərgiz Nəcəfli

  • Öz işinizi qurmaq istəyərkən əsas çətinlikləriniz hansılar olub?

İşdə ən böyük çətinlik özüm olmuşam. Çox tərs adamam. Bəzən özüm də bezirdim özümdən, amma yenə də dönmürdüm. Özümdən asılı deyil. Mənə dözmək asan deyildi. Dözə bilənləri qəhrəman olaraq görürdüm. Bir halda ki, özüm özümə dözə bilmirdim. Mənim beynimə yatmadısa, mümkün deyil o iş görülməyəcəkdi. Nə bahasına olursa, olsun. Bəzən şirkətin mənə görə düşdüyü çətinliklər olurdu. Amma aparıcı qüvvə mən idim deyə komanda hər dəfə məni bağışlayırdı. Bir yerdə bəxtimiz gətirmişdi. İşin məntiqini heç vaxt izah edə bilməsəm də, instinktdən yararlana bilirdim və bu bizi hər dəfə pişik kimi 4 ayaq üstə salırdı.

  • Sizin biznesdə əsas prinsipiniz nədir?

Biznesdə də, həyatda da əsas prinsipim ədalətdir. Bu kimlərinsə xoşuna gəlməyə bilər, kimlərinsə ayağına basmaq məcburiyyətində ola bilərsiniz, amma ədalət bunu tələb edirsə, basacaqsız. Biz buna görə çox şey itirmişik. Amma ədalət ədalətdir və vaz keçilməz. Onun uğrunda nəyi itirirsinizsə, itirin, amma ədalət itməməlidir. İnandığım bir şey var: Kimsənin haqqı kimsədə qalmır. Zərrə qədər belə olsa, qalmır. Gec-tezi yoxdur. Ədalət tam zamanında bərqərar olur. Xoşbəxt olmaq istəyirsinizsə, ədalətli olmalısınız. Bu bəzən sizdən qəddar, daşürəkli və rəhmsiz görünməyinizi tələb etsə belə. Məzlumun haqqını bərpa etmək üçün zalıma qarşı duracaq gücə sahib olmalısınız.

  • Özün üçün işləməyin əsas üstünlükləri nədir sizcə?

Özünüz üçün işləmək  pis bir şeydir.

  1. Hər kəsin zəhləsi gedən o qaydaları qoyan pis adam siz olursunuz.
  2. Heç vaxt istefa verib gedə bilmirsiniz.
  3. Hamının iş saatı olur. İş saatı bitincə gedir evinə. Siz isə yalnız ofisdə özünüzü evdəymiş kimi hiss edirsiniz. Və sizin iş saatınız anlayışı yoxdur. Sizin işin bitəcəyi bir vaxt yoxdur.
  4. Çox böyük məsuliyyətdir. Hər kəs üçün düzgün və doğru qərarlar almaq məsuliyyəti. Bu günü və gələcəyi eyni anda düşünmək məcburiyyəti.
  5. Risklər böyük olur və bu çox zaman idarə olunması müşkül olan risklər olur. Kənar faktorlar, hansılara ki, siz müdaxilə edə bilmirsiniz.

Mənim nəzərimdə bu üstünlük deyildi, sadəcə mənim 2-ci bir yolum yox idi. Beynimdə özümün inandığım doğrularım var və başqa heç nə ağlıma batmır.

Bir dəfə İstanbulda bir iş görüşməsinə getdim. Görüşdən qayıdanda yoldaşıma iş görüşməsində onlara bəhs etdiyim səhvləri və bunları necə düzəltmələri gərəkdiyini anlatdım. Yoldaşım 2 sual verdi. “ Sən iş görüşməsinə getmişdin, ya səhv düzətməyə?” ,“ İşə aldılarmı? “

Hər iki suala sükutla cavab verdim. Cavab ortada idi. İşə alınmamışdım.  )

  • Qarşıda hansı hədəflər var? Ən böyük hədəfiniz nədir?

Universitetin Bakı filialını ən qısa zamanda aça bilmək. Bu gün xəyal kimi görünür. Zaman yaşadar xeyirlisini. Ancaq insanı hər şey həyəcanlandırmır. Məni isə heç nə bu xəyal qədər həyəcana gətirmir.

Ən böyük hədəfim isə ideal bir oğul anası olmaq və ömrümün sonunda geriyə baxıb belə bir həyat yaşadığım üçün  qürur duymaqdır.

  • İşgüzar həyəta və biznesə başlamaq istəyən gənc xanımlara hansı tövsiyləriniz var?

Xanımlara tövsiyəm, mənim səhvlərimi etməyin. Bütün səhvləri yaşamaq gərəkməz. Baxıb öyrənin, çünki bəzi səhvlərin bədəli çox ağır olur.

Biznesdə uğur əldə etmək istəyənlər üçün isə sadəcə 1 cümlə. “İnandığınız yolda yürüməyin, koşun. Rüzgarla yarışırcasına, koşun”. J

Müsahibəniz üçün təşəkkürlər

©1lady.az