Nədən adverməyə bu qədər etinasızlıq var?

Date:

Paylaş:

Bəri başdan deyim ki, bu sətirləri yazmaqda məqsədim kimisə tənqid etmək olmayıb. Maslou demişkən, elə ki əlinə çəkic götürürsən, ətrafda nə varsa, hamısı sənə mismarı xatırladır. İstəyim sadəcə mövzuya diqqəti cəlb etməkdir və fikir mübadiləsi üçün meydan açmaqdır. Söylədiklərim tənqidə yox, təklifə, şikayətə yox, arqumentə istiqamət almış olsaydı daha məqsədəuyğun olardı.

Əgər bir insanın hər nəyi varsa, əlindən alsan, nəyi qalır ki, onu əlindən ala bilməzsən?

Əgər insanın heç nəyini əlindən almadan, nədən məhrum etsən, qalan nə varsa, mahiyyətini itirir?

Bu sualı mən Sizə test xatirinə ünvanlamıram. Heç Sizdən cavab da istəmirəm. İstəyim budur ki, birlikdə düşünək.

Belə ki, əgər insanın varidatını əlindən alsan, bircə ADI-SANI qalır. Və bu ad-sanla o yenə də varidad toplaya bilər, əvvəlkindən də daha sərvətli və zəngin ola bilər. İnsanlar arasında öz layiqli yerini qoruyub saxlayar, yenidən mülk və zənginliyə sahib ola bilər.

Yox, əgər sən onun adını əlindən alarsansa, öz sərvəti ilə bərabər qalacaq. Amma adsız-sansız olduğundan və ya pis ad ilə zatı və kimliyi unudulacaqdır. Belə olanda güvənsizlik və köksüzlük səbəbindən öz var-yoxundan da məhrum olacaqdır.

Təbii ki, burada mən yeni bir Amerika açmadım, tilsim qırmadım. Sadəcə ola biləcək və ya hansısa olan bir hadisənin konturlarını cızdım.

Bəs bu mülahizələri söylədiyim biçimdən götürüb marka müstəvisinə keçirsək nə baş verər?

Faciə olur, təbii…Əsl faciə.

Çünki bu yanaşmada brandinq qarşısıalınmaz destruksiyaya və ekspansiyaya məruz qalacaqdır. Markanın illər boyu dayanıqlığını təmin edən bütün dayaqları laxlayacaqdır. Fasadına vurulan kosmetik bəzək uzunömürlü olmayacaq və tezliklə iflas edəcəkdir. Dəyərini və sonra da marka loyallığını itirəcəkdir. Və onun bütün dəyərləri ayaq altına döşənəcəkdir.

Adsız olan və ya tanınmış addan məhrum olan markanın məhsulları da əsli və kökü olmadığı üçün unudulacaqdır.

Adın insan və marka üçün bu qədər önəmli olduğunu biliriksə, bəs onda niyə əksər hallarda adverməyə dırnaqarası baxırıq, etinasızlıq göstəririk və biganə qalırıq.

Əksər müştərilərimlə görüşlərimdə bu mənzərə ilə təkrar-təkrar üzləşirəm və bu məni mütəəssir edir.

Şahidi oluram ki, adverməyə münasibətdə özfəaliyyətlə məşğul olurlar və ya kopirayter fəaliyyətinə və bir çox hallarda isə, ümumiyyətlə, kreativə biganəlik göstərirlər.

Mən bu fəaliyyət sahəsində yeni deyiləm. Marketinq, reklam, PR-da kifayət qədər təcrübəm var. İndiyə qədər onlarla markaya özünü doğruldan ad vermişəm. Çoxlu sayda işlək sloqanlara müəllif hüququna sahibəm. Reklam işinin bütün incəliklərinə bələdəm. Praktiki markalaşmada illər boyu zəhmət çəkmişəm. Bu sahələrdə beynəlxalq təcrübə müəyyən mənada qəbul olunur. Bir çox iş adamları tərəfindən dəstək almasa da, bütövlükdə marketinqə rəğbət var.

Amma advermədə situasiya SOS səsləyir. Qəribədir ki, mən hər dəfə yenidən insanlara adın vacibliyini əsaslandırmalı oluram. Bəzən məndə elə təəssürat yaranır ki, bu sahəyə yalnız mən cavabdehlik daşıyıram.

Birincisi, axı bu məhsul və xidmətə verdiyim ad mənim deyil, Sizin məhsulun və ya xidmətin adı olacaqdır.

İkincisi, məhsulunuzun vədləri ilə müştəri gözləntisi üst-üstə düşərsə, gözəl bir markaya və geniş satış həcminə mən deyil, Siz sahib olacaqsınız.

Üçüncüsü, düzgün qurulan strategiya sayəsində ölkə miqyasında, hətta ölkə hüdudlarından kənarda belə qürur yaşadan bir markaya Siz sahiblənəcəksiniz.

Dördüncüsü, mən bu sahədə illərlə təcrübəyə sahib olsam da özümü peşəkarlıq yolunda inkişafa ehtiyacı olan insan kimi hiss edirəm. Bəs nədən bu fəaliyyət sahəsinə hamı özünü ustad və bilici kimi hiss edir? Ən möhtəşəm adın belə asanlıqla ərsəyə gələcəyinə və bir məşhur markaya çevriləcəyinə sadəlövh münasibət bəslənilir?

Beşincisi, əgər bir insan biznesə uğurla qədəm qoyubsa, deməli, o özünü super neymer hesab edə və marka yaradıcılığına belə qeyri-ciddi yanaşa bilər?

Altıncısı, əgər sən biznes adamı və işgüzar adamsansa və ya üst yönətimdə menecersənsə, sənin advermə kimi ciddi və məsul məsələyə belə münasibətin nədən qaynaqlanır?

Yeddincisi, yaxşı təhsil almısansa, əgər sən seminar və treninqlərdə olmusansa, deməli, sən Barnetsən, Ogilvisən, Sallivansan, Heqartisən…

Biznes sahibi olmaq, bütün funksional sahələr üzrə kamil mütəxəssis olmağa əsas vermir. Menecer bildiyi və bilmədiyi sahələrin bacarıqlı koordinatorudur, idarəedicisidir. Kosmosu fəth edənlərin bütün texnoloji təminatını yaradanların heç biri kosmonavt deyildir. Onların özlərinin məsul sahələri vardır və bunu hər kəsin görməsi və bilməsi önəmli deyil. Kosmonavtların heç də hamısı uçuşu idarə etmə mərkəzinin rəhbəri olmaq xəyalları ilə yaşamır.

Hər kəsin öz seçimi və öz fəaliyyət sahəsi var. Hər kəs öz sahəsini daha mükəmməl bilməyə borcludur. Hər kəsin bütün sahələri idarə və koordinasiya edən (istər özəl, istər dövlət sektoru olsun, fərqi yoxdur) bir idarəediciyə ehtiyacı var. Sahənin detallarını peşəkarlara öyrədənə yox, sahəni bilənləri doğru metodlarla və effektiv idarə edən idarəçiyə ehtiyacı var.

İş adamı olmaq səninlə əlbir çalışan insanlara və onların bacarığına vulqar münasibət bəsləməyə əsas vermir. Hər işi öz sahəsinin mütəxəssisinə etibar etmək zəruridir. Sən menecer olaraq nə istədiyini bilirsənsə, onda sənə istədiyinə nail olmaq qalır. Professionalları səfərbər edərək, daha yaradıcı iş mühiti yaradaraq və hər kəsdən bacardığını tələb edərək. Aksiomdur, deyilmi?

Bu yazıda da mənim istəyim menecerlərdən, iş sahiblərindən doğru brif alaraq, doğru məhsul və xidmət adını ərəsəyə gətirmək, onun markalaşmasına dəstək verməyin vacibliyini bir daha vurğulamaqdır. Vaxtınızı da almamın məntiqi, sadəcə olaraq, adverimə ilə bağlı bu mühüm sahəyə sektorda çalışanların diqqətini cəlb etməkdən ibarətdir.

Mən istərdim ki, bu sahəyə indiki yanaşmaya son qoyulsun, bu vacib sahəyə münasibət kökündən dəyişilsin. Bir gündə deyil, bir ayda deyil, bir ildə, iki ildə, amma dəyişsin.

Təbii ki, markalaşmada hər şeyi yalnız ad həll etmir. Onun kimi digər vacib komponentlər var. Amma hər şey ondan başlayır. Gəlin, bunu birlikdə anlayaq və hər birimiz etiraf edək.

Heç kim yeni doğulan uşaq üçün ertəsi gün toy tədarükü görmür. İlk növbədə ona layiqli ad axtarırlar. Yeri gəlmişkən, bu sahədə də acınacaqlı vəziyyət hökm sürür.

Təkrar olunan adların sayı əndazədən çıxıb. Telefon nömrələrinə baxın. Onlarla ad təkrarlanır. Yaşar, Sevil, Gülüş kimi səmimi, şirin və yaddaqalan adlar qeybə çıxıb.

İstər insan adları müstəvisində, istər sə də işgüzar mühitdə adların təşəkkülündə yeni nəfəsə və yeni yanaşmaya ehtiyac duyulur.

Teymur Məmmədov, neymer

www.adver.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...