“Azərbaycandakı yatırımlarımdan heç bir zaman xeyir götürməmişəm və əksinə olaraq son iki ildə hər ay İstanbuldan Bakıya cibimdən 1 milyon dollar pul xərcləyirəm”
Bu sözləri Azərbaycanlı milyarder, “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov müsahibəsində deyib.
O, öncə açıqlamasına belə başlayıb: “Mən Azərbaycanın mərhum lideri Heydər Əliyevin əsgəriyəm. Məni Rusiyaya əsgər olaraq göndərən, Heydər Əliyev olub. Bu ankı iş dünyamdaki uğurların bir çoxunu da ona borcluyam. Bu gün Azərbaycanın dünya arenasında bu qədər söz sahibi olmasına səbəbkarlar Heydər Əliyev, onun hazırkı davamçısı prezident İlham Əliyevdir”.
Daha sonra Mübariz Mənsimov “Palmali” şirkətlər qrupunun Azərbaycandakı yatırımlarından və gəlirlərindən danışıb:
“Azərbaycanda investisiya olaraq “Palmalife Otel”, “Pal Süd” kimi yatırımlarımız var. Bu zavod və otellərdən minlərlə adam ailəsinə çörək aparır. Azərbaycanda son iki ildə baş verən devalivasyaya görə, bir çox məhsulların qiymətində artım baş verdi. Amma biz məhsullarımızın qiymətinin heç birinə artım etmədik. Və hər ay İstanbuldan Bakıya bir milyon dollara yaxın cibimdən pul göndərirəm. Zavod zərər etsə də, orada çalışanlar və ailələrinin duaları bizlərə yetər. Mən bir iş adamı olaraq hər zaman milli, mənəvi dəyərləri, gəlirimdən daha üstün tuturam. Ora mənim məmləkətim, oranın insanına nə qədər kömək edə bilsəm, mən o qədər xoşbəxt olaram”.
Mübariz Mənsimov həmçinin əlavə edib ki, doğma ölkəsində bu yaxınlarda xalqına olan məhəbbətini qısqanan insanlar oldu:
“Amma xalqım dərhal onlara lazım olan cavabı verdi. “Palmali” şirkəti olaraq Azərbaycanda işçilərin maaşlarını gecikdirməyimizlə bağlı xəbərlər dərc olundu. Bildirilirdi ki, guya maaşları gecikdirildiyinə görə, şirkətin işçiləri aksiya təşkil ediblər. Bunları araşdırdıq. Məlum oldu ki, toplanmaq istəyən şəxslər heç biri bizim əməkdaşlarımız deyil. Sonda məlum oldu ki, bu hazırlanmış bir oyundur. Bu cür adamlar bizim xalqla olan sevgimizin arasına girə bilməz”.
Palitika.Az