Müasir biznes və dədə-baba biznesi arasındaki fərqlər

Date:

Paylaş:

Ramin Musayev yazır…

O gün (yəni bir müddət bundan əvvəl) təsadüfən tanışımla qarşılaşdım. Söhbət zamanı öyrəndim ki, “Üç dost restoranda oturmuşduq, telefonla oynayırdıq, birdən Güloğlan (təsadüfi seçilmiş ad) sükutu pozub, təklif etdi ki, gəlin, biznes quraq, pul qazanaq. Bax, qonşum Filənkəs Behmənkəsov əla iş qurub, yaxşı pul qazanır. Özü də əvvəl köhnə “Yeşka” sürürdü, indi onu dəyişib “svejisini” alıb. Bizim ondan nəyimiz əksikdir ki?! O qədər tanışlarımız var, elə onlarla işləsək, bizə bəsdir!”

Beləliklə, rəvayətin davamı budur ki, hər üçü ⅓ pul qoyub, girirlər işə. Ofis, anbar icarəyə götürüb, işçiləri cəlb edirlər, müqavilələr bağlayıb xaricdən mal alırlar. Oturub, gözləyirlər ki, müştərilər qapını döyüb, gələcəklər. Hər ay icarə, maaş, xırda xərclər və sairəni ödəməyə başlayırlar. Heç bir hərəkət də etmirlər ki, satış olsun, gəlirdən reklam pulu ayırarıq. Amma satışlar getmir.

Birinci doqquz ay keçir, amma zərərdən çıxa bilmirlər. Reklama bir az pul ayırıb, sosial şəbəkələrdə reklama başlayırlar. Effekti olmur, hələ SMM-lər də pul istəyir. İndi də əllərini başlarına döyərək, nə edəcəklərini düşünürlər və yardım axtarırlar. Vaxt gedir, xərclər artır, satış çox aşağıdır. İş işdən keçəndən sonra qərara alırlar ki, işi bağlasınlar. Bütün günahı da Güloğlanın boynuna yıxıb, borcları onun boynuna qoyurlar. Amma o da pul itirib, ödəmək pulu da yoxdur. Davamını hamınız bilirsiniz.

Belə hadisələri, yəqin ki, çox eşitmisiniz, sizə elə yeni bir şey danışmadım. Bəs niyə bunlar baş verir?

Yuxarıda ərz etdiyim kədərli hekayə hər gün baş verir. Bəs düzgün biznes qurub, pul qazanmaq üçün hansı qaydalar var.

Olması arzu olunan mərhələlər və icraçılar:

1. İdeya

2. Bazarın və (varsa) rəqiblərin araşdırılması – Bunun üçün bazar araşdırmaları aparan şirkətlər və mütəxəssislər cəlb olunmalıdır, hansılar ki bu işi peşəkar səviyyədə təşkil edə bilərlər.

3. Bazarda oyunçuların sayı bol, rəqabət isə sərtdirsə – başqa bir biznes-ideya fikirləşin. Başa düşsəniz ki, kifayət qədər maliyyəniz yoxdur, investor cəlb edin, mütləq Səhmdar Cəmiyyət yaradın. Bütün sənədləri rəsmiləşdirin. Şərtləri öncədən danışın ki, sonra dava düşməsin.  

4. Strategiyanın və biznes-planın yazılması – Biznes-məsləhətçi və ya konsaltinq şirkəti cəlb edin.

5. Brendinq (korporativ stil) – Adınızı və şirkətin üzünü düzgün seçməyə kömək edəcək mütəxəssislərə müraciət edin.

6. Reklam strategiyası – PR məsləhətçi və ya agentliklə işləyin.

7. Dükan, mağaza, restoran, kafe dizaynı – Sırf bu sahədə ixtisaslaşmış, təcrübəsi və savadı olan mütəxəssislərə sifariş edin. Burada tapmasınız, xaricdə sifariş etmək olar.

8. İllik büdcənin müəyyənləşdirilməsi (əməliyyat xərcləri, reklam büdcəsi və işçilərin əməkhaqqı daxil)

9. Uyğun yerdə yerləşən düzgün obyektin tapılması, hər hansı boş bir yerin yox (əvvəlki arendatorun bağladığı) – Həmin obyektin tarixini, əvvəlki müəssisələrin işi, trafikini, bağlanma səbəbini öyrənmək çox vacibdir. Ucuz deyil, əlverişli yer axtarın.

10. Dizayn layihəsinə uyğun obyektin təmiri – Ustaların diqqətlə seçilməsi, tanışımın (qonşumun, qardaşımın) briqadası yox. Tender yolu ilə seçilməsi.

11. Peşəkar menecerin cəlb olunması və yaxşı əməkhaqqı ilə təmiп olunması – O, biznesinizin üzü olacaq. Onun qarşısında düzgün məqsədlər qoyulmalı, azadlıq verilməli, vaxtaşırı hesabatlar tələb olunmalıdır. Xüsusi agentliklərə müraciət edin.

12. Personalın yığımı – HR mütəxəssisin cəlb olunması və ya Rekrutinq şirkəti ilə müqavilə bağlayın. Dostlara, qohumlara və “yaxşı oğlanlara” YOX deyin.

13. Peşəkar personalın işə cəlb olunması, düzgün maaş siyasətinin aparılması – Qənaət etməyin.

14. Personalın treninqi – Peşəkar treynerin cəlb olunması, burada yoxdursa, xaricdən dəvət oluna bilər.

15. Personal vəzifələrinin dəqiq paylanması – Yenə də peşəkar məsləhətçi cəlb olunmalı.

16. Mühasibatlıq – Peşəkarın işə alınması, ERP (biznesin avtomatlaşdırılması), CRM (müştərilərlə işləmək) proqramlarının alınması. Yaxud auditor və mühasibat agentlikləri ilə müqavilə bağlamaq olar.

17. Obyektin təmirindən və personalın təlimindən sonra bir ay ərzində testin aparılması mütləqdir.

18. Açılışdan öncə reklam kampaniyasının təşkili olunması vacibdir.

19. Rəsmi açılış – Tədbirlərin təşkili ilə məşğul olan şirkətin cəlb olunması lazımdır.

20. Açılışdan sonra reklam kampaniyasının təşkili üçün reklam agentliklərinə müraciət edin.

21. Dempinq və Endirimlərə YOX – Əvvəl müştəriləri cəlb edib, sonra itirəcəksiniz, ondansa, müştərilər üçün yaxşı xidmət təklif edin. Qiymətlərin endirilməsi qısamüddətli effekt verməklə satışların artmasıdır, amma gəliri artırmır, əksinə, ziyan edir.

22. Aylıq olaraq biznesin analizini edib, səhvlərinizi düzəldin. Hər zaman müştərilərlə ünsiyyətdə olmalı, fikirləri dinləməli, səhvləri öyrənməli, qəbul etməli və düzəldilməlidir.

23. Qiymət siyasətində bütün detallara diqqət yetirməli, investisiyaların qaytarılmasını və gəliri təmin edəcək marjanın hesablanması.

25. Reklamı dayandırmamaq, biznesi böyütmək, imici yaratmaq, brendi tanıtmaq.

26. KİV və bloqerlərlə işləyin, onları dəstəkləyin, həqiqi dostluq edin ki, çətin vaxtlarda onlar da sizə dəstək olsunlar.

27. Personalı stimullaşdırın, qarşılarına məqsədlər qoyun.

28. Qazanılmış pulların bir hissəsini biznesin inkişafına ayırın, qalanını dividend olaraq bölüşün. Birinci iki ildə gəlirin çox hissəsini inkişafa yönəltmək olar.

29. Biznesi genişləndirməyə tələsməyin, kifayət qədər maliyyəniz yoxdursa, bütün qazanılmış pulları genişlənməyə yönəltməyə dəyməz. Dünyanın bütün pullarını qazanmaq mümkün deyil.

30. Rəqiblərə uymayın, öz strategiyanıza aparın, böyük ehtimal, sizdə olan rəqiblərinizdə yoxdur.

Ən başlıcası – Biznesiniz şəffaf olmalı, vergilər ödənilməlidir. Hazırda bu mümkündür. Yaxşı maliyyə mütəxəssisiniz varsa, asan şəkildə vergiləri qanuni yolla azaltmaq mümkündür. Vergini ödə – rahat yat.

Əgər yuxarıda sadalananların mümkün olmadığını düşünürsünüzsə, məsləhətim odur ki, biznesdən uzaq olun. İtirdiyiniz ancaq öz pulunuz olmayacaq, hələ işdən çıxandan sonra borclanarınız da yaranacaq.

Əfsuslar olsun ki, bunu bazarımızda tez-tez müşahidə edirik. Bu qaydalar həm kiçik, həm də böyük biznesə aiddir. Hər birinin öz mütəxəssisləri və xərcləri var. İş böyük olduqca, xərcləri də böyük olacaq.

Əgər girişdiyiniz sahədə təcrübəniz yoxdursa və ya azdırsa, onda o sahədə çalışan böyük şirkətə daxil olun, işi örənin və sonra qərar verin. Çinlilər məhz belə etdilər. Çində yaranan Amerika və Avropa şirkətlərində işləyərək, təcrübə toplayıb, sonra öz şirkətlərini qurdular. Bu gün isə onlarla dünya bazarında rəqabət aparıb, öndə gedirlər.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...