Milyarder Süleyman Kərimov kimdir və niyə həbs olunub?

0
1954

 

Süleyman Kərimov kimdir?

Süleyman Kərimov — Rusiya parlamentində təmsil olunan qafqazlı milyardçıdır. O, Rusiyanın ən varlı və nüfuzlu şəxslərindən biri hesab olunur. Milliyətcə ləzgidir. 1998-ci ildən “Nafta-Moskva” kompaniyasının sahibi olan Süleyman Kərimov “Forbes” dərgisinin versiyasına əsasən milyonçuların reytinq cədvəlində 217-ci yerdə gedir.

Həyatı

Süleyman Kərimov 1966-cı ildə Dərbənddə dünyaya gəlib. Uşaq yaşlarından dzü-doya və ağır çəki daşlarını qaldırmaq üzrə çoxnövçülüyə maraq göstərib. Orta məktəbi qızıl medalla bitirdikdən sonra dəqiq elmlər və riyaziyyata maraq onu Dağıstan Politexnik İnstitutuna gətirib. Sonradan Sovet Ordusu sıralarında strateji təyinatlı raket qoşunlarında hərbi xidmət çəkib. Əsgərliyini başa vurduqdan sonra “Eltov” elektron zavoduna iqtisadçı kimi işə düzəlib. Qısa zaman ərzində özünü istedadlı mütəxəssis kimi təsdiq edən S.Kərimovu sonra baş direktorun iqtisadi məsələlər üzrə məsləhətçisi təyin edirlər. SSRİ-nin süqutundan sonra elektron avadanlıqları istehsal edən zavodlar arasında müxtəlif formalı maliyyə problemləri yaranmışdı. Bu çətinlikləri aradan qaldırmaq üçün o illər Federal sənaye bankı yaradılır. 1993-cü ildə Moskvaya gələn Süleyman Kərimov “Eltov” müəssisəsinin maraqlarını bu bankda təmsil etməyə başlayır. Mənim nəslimdən olan insanlar total hiperinflyasiya və defolt dövrünü yaxşı xatırlayırlar. Elə bu dövrdə elektron zavodlar Federal sənaye bankının nəzarətindən çıxmağa başlayır. Və o zaman Süleyman Kərimov müstəqillik əldə edən zavodların səhmlərini satın almağa başlayır. Bu müəssisələrin nəzarət paketlərini əlində cəmləşdirməsi S.Kərimov üçün böyük biznesə aparan yolda sıçrayış nöqtəsi olur.

1999-cu ildə Süleyman Kərimov Beynəlxalq Korporasiya İnstitutunun vitse-prezidenti olur. Bu, onun uğurlu maliyyə və idarəçilik fəaliyyətinə verilən yüksək qiymət idi. S.Kərimovun növbəti zirvəsi “Nafta-Moskva” neft-reyder kompaniyasının əldə edilməsi oldu. Bu şirkət “Soyuznefteksport”un varisi idi. Buna paralel olaraq S.Kərimov 1993-cü ilin dekabrında Dövlət Dumasının deputatı seçilir. Ancaq bu yüksək kürsüyə seçilmək ona öz kapitalını artırmaqda maneə olmadı. 2004-cü ilin ortalarında nəhəng dövlət şirkətləri “Qazprom” və “Sberbank”ın səhmlərinin müəyyən faizini əldə etməsi nəticəsində o, kapitalını bir qədər də artırdı. Sonradan uğurla həyata keçirilən layihələr oliqarxın kapitalının nə az, nə çox 2 dəfə artmasına gətirib çıxardı.

2003-cü ildə Süleyman Kərimovu ikinci dəfə Rusiya Dövlət Dumasına deputat seçirlər. Bir il sonra isə “Nafta” Rusiyada qızıl və gümüş hasilatı üzrə aparıcı mövqelərdən birini tutan “Polimetal” kompaniyasını əldə edir. Qiymətli metalların dünya bazarlarında qiymətinin günü-gündən artması hasilatı rentabelli etməklə bərabər, təbii ki, gələcəkdə S.Kərimovun kapitalının artmasına öz töhfəsini verəcək. 2006-cı ildə S.Kərimov “Nafta-Moskva”nı investisiya korporasiyasına çevirir. Və sonra bu şirkət birbaşa investisiyalar fonduna çevrilir. Beləliklə, Süleyman Kərimovun biznesi onun savadı və bitib-tükənməyən iddiaları sayəsində günü-gündən inkişaf edir. Ötən il isə “Mosteleşəbəkə” və “Milli kabel şəbəkəsi” kompaniyaları onun nəzarətinə keçib.

Bütün bu biznes layihələrini həyata keçirən Süleyman Kərimov ölkə ictimaiyyəti qarşısında borcundan çıxmağı da unutmur. “Nafta-Moskva” kompaniyası Rusiya futbol ittifaqının və bu ölkənin sərbəst güləş üzrə milli yığma komandasının baş sponsorudur. Bundan əlavə şirkət məmnuniyyətlə xeyriyyəçilik tədbirlərində də iştirak edərək müxtəlif sosial tədbirlərin həyata keçirilməsinə iri məbləğdə vəsait ayırır. Hazırda “Forbes” dərgisinin məlumatına görə, S.Kərimovun var-dövləti 12,8 milyard dollar civarındadır. “İzvestiya” qəzeti isə 42 yaşlı oliqarxın kapitalının 17,5 milyard dollar olduğunu bildirir.

O, Londonda 60 milyon dollar dəyərində olan mülkün sahibidir. Onun Aralıq dənizi sahilindəki villasının və torpaq sahəsinin qiyməti isə deyilənlərə görə, 300 milyon avro civarındadır.

S.Kərimovun çoxsaylı tərəfdaşları onu istedadlı sahibkar və səxavətli, qonaqpərvər ev sahibi kimi xarakterizə edirlər. Tələbə yoldaşı ilə ailə quran S.Kərimovun iki övladı var.

Həbs olunması

Rusiya senatoru, milyarder və iş adamı Süleyman Kərimov Fransanın Nitsa şəhərində həbs olunub. Milyarder-senator Fransanın hüquq-mühafizə orqanları tərəfindən külli miqdarda vergi qaçırmaqda ittiham edilir. Hələ ki, Kərimov böyük məbləğdə girov ödəməklə məhkəməyə qədər həbsdə qalmaqdan yaxasını qurtara bilib.

Süleyman Kərimovun tutulmasına əsas səbəb ona məxsus bir sıra villaların gerçək sahibini, yəni özünü gizlətməsidir. Bununla o, böyük miqdarda hesablanan əmlak vergisindən azad olmağı planlaşdırırmış. Belə ki, Nitsadakı “Hier” villası Aleksandr Ştudhalter adlı isveçrəli bir iş adamının mülkiyyətindəymiş kimi göstərilsə də əslində bu lüks malikanə rusiyalı milyarderə məxsus olub.