“Hesab edirəm ki, Azərbaycanda aparılan bir sıra islahatların nəticələri müsbətdir. Bu xüsusən də vergi yoxlamaların və vergi yükünü azaldılmasında özünü göstərir”.
Bunu Avropa İttifaqı (Aİ) – Azərbaycan biznes-forumunda çıxış edən Azərbaycan Vergilər naziri Mikayıl Cabbarov deyib.
Nazir əlavə edib ki, bütün bunlara baxmayaraq vergi daxilolmaları artıb: “Biz bu tendensiyanı 5 ayda qoruyub saxlamışıq. Bunlar daha çox yoxlamalar və sanksiyalar hesabına deyil, könüllü əməletmə hesabına olub. Vergi daxilolmaların artımı 92% könüllü əməletmə hesabına baş verib”.
M.Cabbarov deyib ki, 2020-ci ildə bir sıra dəyişikliklər olacaq: “Bu dəyişikliklər ötən illər müzakirə apardığımız və növbəti ilə nəzərdə tutduğumuz dəyişikliklərdir. Bunlar əsasən texniki dəyişikliklərdir”.
Nazir həmçinin qeyri şəffaf rəqabətin mövcudluğunun vergi daxilolmalarına da mənfi təsir etdiyini qeyd edib:
“Xatırlayırsınızsa 2018-ci ili keçid ili elan etmişdik. 2019-cu ilin isə birinci yarısı sona çatır. Onu demək istəyirəm ki, vergi qanunvericiliyi üzrə pozuntularla bağlı Vergilər Nazirliyinin mövqeyində sərtləşmə olacaq. Haqsız rəqabət və qanunvericiliyin pozulması hesabına vergilərin ödənilməməsi siyasətini biz dəstəkləmirik. İyunun 1-nə olan məlumata görə, son 5 ay ərzində qeyri-neft sektorunun özəl bölməsində 66 mindən çox yeni əmək müqaviləsi qeydiyyata alınıb. İlin əvvəlində isə bu rəqəm 96 min olub. Bu isə 70%-dən çox artım deməkdir”.