Microsoft şirkəti Skype proqramının veb-versiyasını yeniləyib, bundan sonra proqram yalnız Edge və Chrome brauzerlərində işləyəcək.
Mart ayının 7-də Microsoft Skype-ın yeni veb-versiyasını buraxıb, yeni versiyada HD-videozənglər və zənglərin yazılması kimi xidmətlər yenilənib. İstifadəçilər Skype-ın Safari, Firefox və Opera brauzerlərində işləmədiyini müşahidə ediblər.
Microsoft şirkəti Skype-ı dəstəkləyəcək brauzerlərin və tətbiqlərin siyahısını məhdudlaşdırdığını bir daha təsdiqləyib.
Şirkət xidmətin real vaxtda məlumat ötürmə texnologiyasından istifadə etdiyini qeyd edir. Bu texnologiya ayrı-ayrı brauzerlərdə müxtəlif cür istifadə oluna biləcəyi səbəbindən, şirkət, öz diqqətini ən vacib xidmətlər üzərində cəmləşdirməyə qərar verib.
Microsoft Safari, Opera və Firefox kimi brauzerlərin Skype proqramını dəstəkləməyəcəyi barədə 2019-cu ilin fevral ayında xəbər vermişdir, VentureBeat qeyd edir. Ekspertlər bunun WebRTC standartı ilə bağlı olduğunu ehtimal edirlər. Qeyd edək ki, bu standart Facebook Messenger və WhatsApp kimi proqramlar tərəfindən də istifadə olunur.
Skype proqramı yalnız iki əməliyyat sistemində – Windows 10 və Mac OS X 10.12 işləyəcək. Bu haqda şirkətin nümayəndələri xəbər verir.