Meşə fondu torpaqlarının açıq sahələri aqrobağların salınması məqsədilə icarəyə verilir.
Bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib.
O bildirib ki, dövlət başçısının 2017-ci il 9 mart tarixli 2718 nömrəli sərəncamı ilə meşə fondunun açıq sahələrinin potensialından səmərəli istifadə etmək, həmçinin sahibkarlara əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 22-ci maddəsində dəyişikliklər edilərək meşə fondu torpaqlarının icarə müddəti 10 ildən 49 ilədək artırılıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeyd olunan sərəncama uyğun olaraq meşə fondunun açıq sahələri icarəyə verilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və ərzaq təhlükəsizliyinə töhfə verəcək”.
Nazir müavini əlavə edib ki, sahibkarlar, fiziki və hüquqi şəxslər görüləcək işlərin plan-layihəsini Nazirliyə təqdim etməklə meşə fondunun açıq sahələrini icarəyə götürə bilər:
“Qeyd edək ki, hazırda respublikada meşələrin inventarizasiyası işləri aparılır ki, bunun da əsas məqsədi meşə fondunda aqrobağların salınması üçün əlverişli olan sahələrin müəyyənləşdirilməsidir. Bu işlərin əsas məqsədi meşə təsərrüfatı tədbirlərinin aparılması yerlərini, həmçinin su hövzələrinə yaxın texnikanın işləyə biləcəyi dağətəyi və düzən sahələri aşkar etmək, bir sözlə sahibkarlar üçün əlverişli şərait yaratmaqdır. Meşə fondunun açıq sahələrini icarəyə götürmək istəyənlər ETSN-də yaradılmış xüsusi komissiyaya müraciət edə bilərlər”.