Psychonomic Bulletin & Review jurnalında dərc olunan araşdırmada deyilir ki, aclıq hissi insanların tələsik qərarlar verməsinə səbəb olur.
Xəbər verdiyimiz kimi, Şotlandiyanın Dandi Universitetinin alimləri 50 nəfərin iştirakı ilə eksperiment keçiriblər. Respondentlərə bəzi suallar verilib və bu zaman onlar ac və tox vəziyyətlərdə olublar. Sorğuda iştiraka görə mükafat qismində pul, qida və ya musiqi dinləmək təqdim olunub.
Sınaqdan keçirilənlərə mükafatı ya həmin vaxt ya da bir müddət keçdikdən sonra ( bu zaman mükafat iki dəfə artırılır ). Məlum olub ki, tox respondentlər bonusları 35 gün ərzində gözləməyə hazır olublar. Ac olanlar isə əksinə, üç gündən çox gözləmək fikirlərinin olmadığını bildiriblər.
Eksperiment zamanı həm də məlum olub ki, aclıq hissi respondentlərin hətta qidalarla bağlı olmayan mükafatlar baxımından seçimlərini də dəyişib. Araşdırma qrupunun rəhbəri deyib ki, ac şəxslər qərar verərkən daha çox həmin vaxta köklənirlər və səbrlə, rasional şəkildə uzun müddətli planlar qura bilmirlər.
Araşdırmada bildirilir ki,bundan marketoloqlar nəzəri olaraq istifadə edə bilərlər. Məsələn, belə hesab olunur ki, ac bir insan çox güman ki, yüksək faiz dərəcəsi və digər əlverişsiz şərtlərlə razı olacaq.