Marketoloqlar mal və xidmətin təşviqi üçün zəruri bilgilərin hədəf kütləyə çatdırılması üçün yeni yollar və vasitələr aramaqdadırlar. Bu mənada liftlər diqqəti cəlb edir. Bu gün lift iş və yaşayış məkanlarında reklam daşıyıcısı kimi olduqca aktualdır. Onun əhəmiyyəti günbəgün artır.
Bu da ilk növbədə onunla izah olunur ki, çoxmərtəbəli binaların artması ilə bağlı olaraq yaşayış binalarında, biznes mərkəzlərində, otel və digər ictimai binalarda insanların mərtəbələrə qalxıb-enməsi üçün liftdən istifadə tezliyi artmaqdadır və liftə hələ ki, alternativ düşünülməyib, bu resursa ehtiyac artacaqdır.
Əslində, bu özünəməxsus hərəkət vasitəsi konservativdir, sadəcə texniki cəhətdən təkmilləşir, amma forma olaraq yenilənməyə heç meylli deyil. Görünür mütəxəssilərin bu yöndə də yeni nələrsə düşünməsinin zamanı gəlməkdədir. Bu, təbii ki, bir başqa söhbətin mövzusudur. Çoxmətrəbəli binalarda liftin daha bir özəlliyi onun məcburi istifadə vasitəsi olmasındadır.
Mütəxəssislər əsaslandırırlar ki, ümumən kütlə və hədəf kütlə olaraq lift istifadəçiləri 80 faiz hüdudlarında lift reklamlarını görürlər. Çünki qapalı məkan özü-özlüyündə insanın diqqətin nəyəsə cəlb edir, adam orta hesabla 25 faiz ərzində reklam mesajı ilə təmasda olur ki, bu da özü-özlüyündə çox effektiv göstəricidir.
Digər tərəfdən isə insan liftdaxili reklam materialları ilə zorla və ya xoşuna gəlmək və yaxud gəlməmək baxımından deyil, sırf psixoloji baxımdan təmasda olur. Hərəkət edən bu qutu-lift daxilində insan özünü sanki təcrid olunmuş hiss edir və diqqətini məşğul etmək zərurəti ilə qarşılaşır. Bu zaman lift istifadəçisi video və ya vizual reklam materiallarını öz xoşu ilə və həvəslə qəbul edir. Belə olduqda reklam materialları insanların yeni məhsula, imic materiallarına və yaxud qiymət yeniliklərinə cəlb edə bilir.
Digər biz özəllik isə ondan ibarətdir ki, liftin reklam materialları ilə təchiz olunması və yerləşdirilməsi sifarişçilər üçün ucuz başa gəlir. Yeni və hündür binaların tikintisi isə hər yerdə baş alıb gedir. Deməli, bu reklam daşıyıcısından maksimum effektiv formatda və kreativ həllərlə marka brendinqi və satışı üçün geniş miqyasda istifadəsinin əsil zamanı gəlmişdir.
Bir çox yerlərdə reklamçılar liftin döşəmə və tavanından da brendinq məqsədi ilə məharətlə yararlanırlar. Liftlərdə kreativ baxımdan uğurlu işlər insanların diqqqətini çəkir, onları güldürür, ovqatını yaxşılaşdırır, habelə insanlar uğurlu yaradıcı işlərin şəklini çəkib dostları ilə paylaşır və reklamın effektivliyini yüksəltməklə bərabər, eləcə də hədəf kütlənin əhatə dairəsini genişləndirirlər.
Araşdırmalarla təsdiq olunmuşdur ki, liftlərdə reklam yerləşdirilməsi göstərilən istiqamətlər üçün daha effektivdir:
– Yemək, su, sərinləşdirici içkilər sifarişi
– Güllərin çatdırılması
– Bərbərxana və gözəllik salonları
– İdman klubları və fitnes mərkəzləri
– Fərdi tibbi xidmət göstərilməsi
– Uşaq idman klubları və inkişaf mərkəzləri
– Repetitor xidmətləri
– Paltar, ayaqqabı butik və mağazaları
– Atelyelər
– Təmir emalatxanaları (məişət və elektronik cihazlar)
– Zərgərlik mağazaları
– Restoranlar
– Mobil rabitə operatorları
– Siqnalizasiya və video sistemlərin quraşdırılması
– Mənzil təmiri, havalandırma və isitmə sistemləri
– Taksi xidmətləri və yükdaşımalar
– Turizm xidmətləri
– Dil kursları
– Hər şey ev üçün (santexnika, mebel)
– Smartfonlar, telekommunikasiya xidmətləri
– Ərzaq mağazaları (qida məhsulları, endirimlər, aksiyalar)
– Dərman preparatları
– Bilet sifarişi (təyyarə, qatar və əyləncəli tədbirlər üçün)
Təbi ki, bu siyahını uzatmaq da olar. Məkan, sakinlərin sosial statusu, insanların ehtiyaclarının differensasiyası, demoqrafik göstəricilər müxtəlif olduğu üçün tələb və ehtiyacların çeşidi də fərqli ola bilir. Liftdə reklamın özəllikləri onun yaxın perspektivdə daha ciddi rol oynayacağını labüd edir. Bunun da bir sıra mühüm səbəbi vardır.
Birincisi, sirr deyil ki, satış və xidmət sahələrinin müştəri kontingentinin 60 faizindən çox hissəsi 30 dəqiqəlik piyada yol radiusunda yaşayır. Yaşayış binalarının və biznes mərkəzlərinin liftlərində yerləşdirilən reklam sayəsində müştəri sizin mal və xidmətlərinizdən ilkin və zəruri bilgiləri əldə edəcəkdir.
İkincisi, liftdə müştəri ilə təmas tezliyi effektivdir. Belə ki, gün ərzində insan ən azı iki dəfə sizin reklamı liftdə görmüş olur.
Üçüncüsü, əslində reklam materiallarının iki həftədən bir yenilənməsi daha faydalı olardı. Çünki bütün aksiyalar barəsində informasiya hədəf kütləyə operativ olaraq çatdırılmış olardı.
Dördüncüsü,orta hesabla liftdə 25 saniyə olan adam, mütləq 20 saniyəlik reklam çarxını da sona qədər izləyə biləcəkdir.
Beşincisi, reklam sahəsindən asılı olaraq, liftlərdə uyğun olan və kreativliyi ilə seçilən reklam formatı seçmək imkanı vardır.
Altıncısı, lift elə məkandır ki, orada insanın diqqətini cəlb edəcək informasiya orijinal olarsa, mütləq hafizədə silinməz iz buraxacaqdır.
Yeddincisi, liftdə yerləşdirilən reklamlar büdcəyə qənaət etməyə və effektiv nəticə qazanmağa imkan verir.
Səkkizincisi, liftdə reklam universallığı iləseçildiyindən, bu imkandan istər kiçik sahibkarlar, istərsə də böyük şirkətlər yararlana bilər.
Doqquzuncusu, lift reklamları kreativ reklam üçün optimal ortamdır. Təxəyyül üçün imkanları olduqca genişdir.
Teymur Məmmədov,
marketoloq