Məşhur Silikon Vadisində çalışan azərbaycanlı xanım – Müsahibə

Date:

Paylaş:

Aygün Süleymanova: “Amerikada ünsiyyət bacarığı və təşəbbüskarlığın olmasa, nə isə əldə etmək çətindir”

Ali təhsilini filologiya üzrə alır, hətta universiteti bitirəndən sonra ixtisası üzrə işləməyə də başlayır, amma çox qısa zamanda müəyyənləşdirir ki, bu, onun işi deyil. Ona görə də sevdiyi, marağında olan bir sahədə çalışmaq üçün addımı atır və uğurlu olur. Bu gün isə xəyalında qurduğu bir işdə çalışır.
Müsahibim dünyanın İT mərkəzi hesab edilən Silikon Vadisində məşhur Salesforce şirkətində  məhsul bazarlaması (marketinq) üzrə çalışan xanım həmyerlimiz Aygün Süleymanovadır.
Qeyd edək ki, Aygün Süleymanova 1984-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 20 nömrəli məktəbdə alıb. Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində bakalavr təhsili alıb. Magistr təhsilini də həmin universitetdə İngilis və Amerikan ədəbiyyatının tarixi ixtisasında davam etdirib. Bundan başqa o, ABŞ-da MBA təhsili də alıb.

– İxtisasınız filologiya olsa da, indi marketinq sahəsindəsiniz. Filoloqun marketinqə marağı necə yarandı?

– Orta məktəbə tez getdiyim üçün 19 yaşımda universiteti bitirdim. Sonra Müasir Təhsil Kompleksinə müəllim kimi düzəldim. 3-4 aya bu ixtisasın mənlik olmadığını anladım. Sonra “Azərcell”ə işə düzəldim. Müştəri xidmətlərindən başladım, daxili ünsiyyət şöbəsinə qədər getdim. Orada biznesə daha yaxın olmağa başladım. Şirkətin prezidentinin e-maillərini yazırdım, daxili ünsiyyətlə bağlı bir çox proyektlər edirdim. Bir sözlə, onlarda biznesin necə getdiyini görürdüm. O zaman mən bu sahədə inkişaf etmək və hətta marketinq sahəsində ixtisaslaşmaq istədiyimi anladım. Bunun üçün isə özümə yatırım etməliydim. Ən yaxşı yatırım isə təhsildir. MBA-ya baş vurdum, Mayami şəhərində Barry universitetini seçdim. Universitet seçimim karyeram üçün uğurlu oldu.
– Nə cəhətdən uğurlu oldu?

– Amerikaya oxumaq üçün gedənlər daha məşhur və təhsili yaxşı olan universitetlərə getməyə çalışırlar. Bu çox yaxşı bir hədəfdir, ancaq Amerikada məqsədinə uyğun çox müxtəlif universitetlər var. Harvard, Stanford kimi universitetlərdə olan müəllimlər karyeralarının sonuna doğru soyuq deyil, isti yerlərdə işləmək üçün Mayamidə universitet axtarırlar. Ona görə Mayamidə olan universitetlərin professor səviyyəsi çox yüksəkdir. Mənim seçdiyim universitetin yaxşı proqramı, güclü müəllimləri vardı. Universitet balaca olduğu üçün tələbəyə müəllimlərlə, dekanlarla əlaqə qurmaq asan olur. Təcrübə keçmək üçün yer tapıb, karyeramı davam etdirməkdə həmin əlaqələrim mənə kömək oldu.

– ABŞ-a təhsil üçün gedəndə məqsədiniz həm də orda qalıb işləmək idi?

– ABŞ-da universitetə gedəndə həmin ixtisasda niyə təhsil almaq istədiyimizlə bağlı məqsədlərimizi yazmışdıq. Mən texnologiya şirkətində marketinq üzrə layihələrə başçılıq etmək kimi məqsədim olduğunu yazmışdım və elə də oldu. Hətta o vaxt universitetin professorları məqsədimi biləndə deyirdilər ki, Mayami turizm şəhəridir, sənə texnologiya şirkətini hardan tapaq? Amma mən məqsədimdən əl çəkmək fikrində deyildim. Professorlarımdan birinin dostu Mayamidə texnologiya şirkətində işləyirdi və mənə təcrübə keçməyi təklif etdi. Mən şirkətin rəhbəri ilə əlaqədə olacağım bir işdə təcrübə keçmək istədiyimi dedim. Çünki bu zaman daha çox şeylər öyrənəcəyimi düşünürdüm. Və təcrübəyə getdim, həmin müddətdə bütün layihələrə baş qoşurdum ki, nəsə alınsın. Təcrübəmin bitməsinə 1 həftə qalmış könüllü olaraq həmin şirkətin marketinq işi, necə böyümə yolları, məhsul satışı, daxili strukturu, edilməli olan dəyişikliklər və s. bu tipli məsələlərlə bağlı bir kitab qalınlığında yazı hazırlayıb, müdirin stolunun üstünə qoydum. Axşam zəng edib məni işə götürmək istədiyini bildirdi. Beləliklə, işə başladım. Sonra digər iş imkanları da yarandı.

– Bu şansınızı tələbəlik illərində aktiv olmağınızla bağlaya bilərik?

– Bəli. Universitetə qəbul olanda 150 nəfər içərisində bir nəfərin qazana biləcəyi assistent təqaüdü vardı. Bu işi qazanan magistr tələbələri professorlara kömək edirlər və universitet ödənişindən tamamilə azad olurlar. Ödəniş isə illik 30 min dollar idi. Mən artıq 60 faiz güzəşt almışdım. Amma dekanatlığa gedib dedim ki, gələn il mən də ora baş vuraram. Dedilər ki, bu il də cəhd edə bilərsiniz. Müsahibələr aparıldı və o işi mənə həvalə etdilər. O işin mənə çox köməyi oldu. Həm dekana kömək edirdim, həm də əlaqələrim yaranırdı. Məni tanımaları, nəyə qadir olduğumu görmələri üçün əlimdən gələni edirdim. MBA-da bütün fənnlərdən A almışdım. 2 fəndən isə A minusum vardı. Amma prosessorlar, dekanatlıq məni yaxşı tanıyırdı, çox aktivlik göstərmişdim. Universitetdə bütün fakültələrin, dekanatlıqların səsverməsi əsasında “ən yaxşı tələbə” seçilirdi. Məndən əlavə o yerə iki tələbə namizəd idi. Hansı ki onlarda heç A minus yox idi, hamısı tam 5 idi. Amma mükafatı mənə verdilər.

– Təhsillə yanaşı, həm də özünü təqdimetmə bacarığı da demək ki, önəmlidir…

– Hansı ölkədə çalışmağından asılı olmayaraq, insanın özünü təqdimetmə bacarığı mütləq olmalıdır. Güvəniləcək, işgüzar adam olduğunu göstərməlisən. Həm də işə pozitiv yanaşmalısan. Bu gün bəlli bir işim olsa da, kimsə “bu işi edək” deyəndə, heç vaxt “yox” demirəm. Deyirəm çalışaq, görək nəsə alınırmı? Bəzən insanlar “vaxtım yoxdur” deyirlər, amma hər şeyə açıq, təşəbbüskar olmaq lazımdır. Tutaq ki, bir boş iş yeri üçün 5 namizəd var və onun 4-ü işi mütləq şəkildə bacaracaq adamlardı, biri isə “bəlkə bacarar, bəlkə yox” deyəcəyimiz insandır. Amma o bir nəfər təşəbbüs göstərsə, çalışsa, danışsa, bəlkə heç digər 4 nəfərə baxmayacaqlar. Amerikada ünsiyyət bacarığı və təşəbbüskarlığın olmasa, nə isə əldə etmək çətindir.
– Amerikada iş mühitinə düşəndə çətin gələn nəsə oldumu?

– Azərbaycanda elədir ki, nədənsə xoşun gəlib-gəlmədiyini açıq deyirsən, qarşındakı da bilir. Təzə vaxt Amerikaya gedəndə məxsusi olaraq birinci işimdə çətin məqamı deyim. Orada insanlar sənə pis-yaxşı olduğunu birbaşa yox, üstüörtülü deyirlər. Mən də onu tam anlaya bilmirdim. Onu öyrənənə qədər ürəyim çəkilirdi. Amma artıq bədən dili, mimikadan “hə” və “yox”u başa düşürəm. Bir şey də var ki, Amerika elə bir yerdir ki, ora gələndə özünü evindəki kimi hiss edirsən. İmmiqrantlar ölkəsi olduğu üçün sənin başqa olmağın, nələrisə başa düşməməyin, başqa dildə danışmağın, ləhcənin olması və s. sənə maneə deyil, əksinə maraqlıdır. Orada fərqlənməyi sevirlər, nəinki sırf onlar kimi olmağı.

– Silikon Vadisi kənardan bizə qaynar, nümunəvi bir iş mühiti olaraq gəlir. Əslində necədir? Necə bir iş mühitində çalışırsınız?

– Amerikanın 4 şəhərində yaşamışam, müxtəlif iş mühitlərində çalışmışam. İşlədiyim digər yerlərlə müqayisədə Silikon Vadisi çox dəyişik bir yerdir. İmkanlar və proqress çox hiss olunur. Temp çox tezdir. Həm də müxtəlif ölkələrdən, fərqli millətlərdən ətrafımızda adamlar çalışır. Hərənin bir ideyası, bir arzusu var. Şirkətlərin özləri də müxtəlifdir. Mən o şirkətləri də iki yerə ayırıram. Bir qrupu “Google”, “Facebook”, “Twitter”, çalışdığım “Salesforce” kimi püxtələşmiş şirkətlər. Bir də var Silikon Vadisinin ürəyi olan xırda şirkətlər. 4-5 il bundan əvvəl “Uber”i qarajda kimsə oturub yaratmışdısa, indi bütün dünyadadır. Hər gün orada şirkət yaranır. Şirkətlərin inkişaf dövrləri də fərqlidir. Mən artıq inkişaf etmiş şirkətdə çalışıram. Ondan əvvəl tam yeni yaranmış yox, artıq nəsə əldə etmiş startaplarda işləyirdim. Bu şirkətin resursları daha çoxdur, artıq başqa yerə çox meyl etmirəm. Hər gün “Linkedin”dən iş təklifləri gəlir. İmkanlar çoxdur, amma indi çalışdığım şirkətdə başqa bölmədə, Paris, Avstraliya ofisində də işləyə bilərəm, yaxud tam yeni bir layihə başlaya bilərəm. O baxımdan bura daha maraqlıdır. Amma yenə də adamın ürəyi həmişə xırda şirkətdə qalır. Çünki onu yenidən qurursan. Dinamik bir mühitdir, işləməklə yanaşı, hər gün nəsə öyrənirsən.

– İşləmə motivasiyanız nədir?

– İş mühitimiz elədir ki, insanın daim yüksəlmək məqsədi olur. Amma ondan da çox işə qatqının daha çox olmasıdır. Vəzifən artdıqca, görüləcək işdə rolun da artır. Həm də xeyriyyə məqsədli işlər də adamı cəlb edir. “Facebook”da işləyən azərbaycanlı dostum Aytəkin Əliyeva ilə bir layihə başlamışıq. İmmiqrant qadınlar öz işlərini qurmaq istəyirlərsə, onlara məsləhət vermək, digər immiqrant qadınlarla birləşdirmək, uğurlu olanların hekayələrini danışmaları üçün imkan yaradılan kimi bir cəmiyyətdir. Könüllü bir işdir. Orada mühit elədir ki, yüksəklərə qalxdıqca, başqalarına kömək etmək həvəsi daha çox artır.

– Bəlli iş saatınız varmı? İşə yanaşmanız necədir?

– İşə gedib-gəlməklə bağlı vaxt cəhətdən xüsusi qaydalar qoyulmayıb. Amma səhər 7-də durub e-maillərə cavab verirəm. Sonra hazırlaşıb işə gedirəm. Şirkətin avtobusları gəlib bizi işə aparır. Çoxlu toplantılar olur. Mən həm web saytımıza, həm də böyük proyektlərə cavabdehəm. Müxtəlif növlü strateji layihələr olduğu üçün çox insanlarla, fərqli departamentlərlə işləyirəm. İşlərimi yürütmək üçün mənə çoxlu resurs lazımdır. Hər qrup mənim üçün bir işi görür. Ona görə də, hər gün 7-8 toplantım olur.

– Saat neçəyə qədər işləyirsiniz? Elə toplantılarla axşam saat altı olar ki…

– (gülür) 17.00-18.00-ə qədər toplantılar çəkə bilir. Amma işi də görmək lazımdır. Ona görə də, axşam evdə işləyirəm. İşdən evə gələndə ilk olaraq oğlumla vaxt keçirirəm, 9-da o yatmağa gedəndən sonra kompüteri təzədən açıb iki-üç saat görmədiyim işləri görürəm. Avropa ilə bağlı layihələrdə danışıqlarım olur. Gecə 1-də bu danışıqlar ola bilir. İş dəhşət çox olur.
– Bəs yuxu rejiminiz pozulmur?

– Qəşəng də pozulur (gülür). Ortalama 5 saat yatıram. Kofenin canı sağ olsun, yuxumuzu qaçırır. Həm də şirkət işçilərin rahat şəkildə daha yaxşı iş görmələri üçün hər cür şəraiti yaradıb. Meditasiya otaqları var. Bütün imkanlar yaradıblar. Xüsusi kofe ustaları gətirilib ki, onlar işçilər üçün pulsuz hazırlanır.

– Hollandiyada çalışan bir müsahibim demişdi ki, orada iş saatında şəxsi həyat müzakirə olunmur. Bəs Silikon Vadisində necədir?

– Bizdə bir-birinə qarışıb. Bir-birimizi evimizə qonaq çağırırıq, problem olanda paylaşırıq. İşdə söhbət də edirik, şəxsi nələrdənsə danışırıq. Bizdə belədir ki, qarşındakı ilə nə isə iş görəcəksənsə, əvvəlcə insani əlaqəni yaratmalısan, sonra iş. Quru-quru işləmək çətindir. İnsan həyatının 80 faizini işdə keçirir, şəxsi həyatla işi bir-birindən ayırmaq mümkün deyil.

– Karyera arxasınca gedən xanımlar bəzən şəxsi həyatlarına vaxt ayıra bilmirlər, yaxud evlənsələr də, balansı qoruya bilmirlər. Balansı necə qoruya bilirsiniz?

– Balansı qorumaq çətindir. Ancaq bəzi şeyləri etmirəm. Həm də Amerikada həm qadın, həm də kişi çox vaxt işləyir deyə öhdəliklər paylaşılır. Ev işlərində yoldaşım mənə kömək edir, yaxud hər gün evdə yemək bişirmirik, sifariş veririk. Elə şeylər var ki, onlar bizim üçün prioritet deyil. Önəmli olan birlikdə vaxt keçirməkdir. Nə qədər yorğun olsam, nə qədər işim çox olsa da, hər axşam birlikdə vaxt keçiririk, həftə sonlarını dəyərləndiririk. Amma evdar qadın kimi bütün evin işini gördüyümü də deyə bilmərəm.

– Əvvəlki müsahibələrinizdə qeyd etmişdiniz ki, ölkəmizə qayıdıb burda işləyə bilərsiniz. Amma söhbət zamanı belə başa düşdüm ki, orda tam yerləşmisiniz, çətin qayıdasınız…

– Tamamilə qayıtmağı düşünmürəm, amma 1-2 illik hansısa maraqlı layihə olsaydı, böyük məmnuniyyətlə gələrdim. Texnoloji məhsullar üçün Azərbaycan xırda bazardır. Başqa bir yönümlü layihədə gələ bilərəm. Əgər burda həqiqətən də texnologiya sahəsinə investisiyalar ciddi şəkildə yatırılsa, onlara məsullarını dünya bazarlarına çıxarılması üçün məsləhətlər, ekspertlər lazım olsa, böyük məmnuniyyətlə gəlib bir-iki il sınamaq istəyərəm. Həm öz ölkəmə xeyir verərəm, həm də vətənimdə vaxt keçirərəm. Yoldaşımın işi elədir ki, bir neçə şirkətlə işləyir. Dünyanın istənilən yerindən hansısa şirkət üçün işləyə bilər, işə getməyinə ehtiyac yoxdur.

– Uğurunuzun sirrinin nə olduğu haqda düşünürsüz?

– Hər şeydən öncə uğur qazanmağımda ailəmin və dostlarımın rolu çox olub. Amerikaya getməmişdən öncə ailəm məni bütün hədəflərimdə dəstəkləyiblər. Amerikaya getdikdən sonra isə həyat yoldaşım və onun ailəsi. O baxımdan çox şanslıyam. Həmişə ailəmdən hər şeydə dəstək görürəm. Özüm olan hissəyə gəlsək, uğurumun digər sirləri haqda çox düşünmüşəm. Hər dəfə yeni nələrsə kəşf etmişəm. Ən vacibi məqsədli olmaqdır. Nə istədiyini müəyyənləşdirə bilməyibsənsə, nə edəcəyini də bilməyəcəksən. Ondan sonra çoxlu əziyyətə qatlaşmağı bacarmaq, bir də planlı iş görmək lazımdır. Mən plana çox inanıram. Amerikaya getməmişdən iki il öncə, hələ Azərbaycanda tələbə ikən oradakı iş imkanlarını araşdırırdım. Daim araşdırmada olmalısan. Uğur üçün məqsəd, planlı iş görmək, araşdırma və insanlardan öyrənmə qabiliyyətin olmalıdır. Amerikaya getməyimdə əsas kömək məndən əvvəl Amerikaya getmiş insanların verdikləri məsləhətlər oldu. Əgər bunlar varsa, uğur ayağının altında olacaq.

Maraqlı ola bilər : Facebookda çalışan Azərbaycanlılar

Aygün Asimqızı

©Kaspi.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...