Məşhur azərbaycanlı milyarderin oğlu: “Atam biznes imperiyası qurub”

Date:

Paylaş:

“Azərbaycandakı biznesimizə atam özü nəzarət edir”

Növbəti müsahibi məşhur Azərbaycanlı milyarder, “İSR” Şirkətlər Qrupunun prezidenti İsgəndər Xəlilovun oğlu Rəhman Xəlilovdur.

Qeyd edək ki, Rəhman İsgəndər oğlu Xəlilov 1977-ci il 13 sentyabr tarixində Bakışəhərində anadan olub. Moskvada böyüyüb. 1997 – 2000-ci illərdə Cenevrədə Beynəlxalq Universitetdə Biznesin idarə edilməsi ixtisası üzrə ali təhsil alıb. Bir müddət orada yaşayıb və neft sahəsi üzrə fəaliyyət göstərib.

Daha sonra yenidən Moskvaya qayıdıb. Xəlilov hazırda yük daşımalarının həcminə görə Rusiyada ən nüfuzlu şirkətlərdən biri hesab edilən “İSR Trans”ın İdarə Heyətinin rəhbəridir. O, dünyanın müxtəlif ölkələrində, həmçinin Azərbaycanda da böyük biznes şəbəkəsinə sahibdir.

-Bu yaxınlarda ad gününüz olub. Gec də olsa, təbrik edirik.

-Çox sağ olun, təşəkkür edirəm. 40 yaşıma qədəm qoydum. Moskvada kişilər 40 yaşı qeyd etmirlər. Mən də doğum günümü ailəmlə birlikdə qeyd etdim.

-40 ili geridə qoydunuz. Bu illər necə keçdi? 

-Pis demək olmaz. O gün mən bu barədə fikirləşdim. Allahın qisməti var. Hər şey qismətdir.

-Uşaqlıq illərinizi necə xatırlayırsınız?

-Mənim uşaqlıq illlərim Bakıda keçib. Hər şeyi gözəl xatırlayıram. Nənə-babamla birlikdə Bakıda bağda yaşamışıq. Bunu hamı bilir ki, Azərbaycan mənim Vətənimdir.

-Bakıya tez-tez gəlirsiniz?

– Təəssüf ki, tez-tez gələ bilmirəm. Amma arada imkan olanda gəlirəm. Səfərlərim daha çox işlə bağlı olur. Hərdən toylara da dəvət edirlər.

-Sizin üçün Bakı, yoxsa Moskva daha doğmadır?

-Əlbəttə, Bakı daha əzizdir. Moskvada böyüdüyüm üçün ora ikinci vətənimdir.

– Necə oldu ki, gənc biznesmenlər arasında fərqləndiniz və adınız lap ön pillələrdə hallanır?

-Bu daha çox atamla bağlıdır. Atam biznes imperiyası qurub. Biz də həmin fundamenti böyütdük. Sahib olduğumuz hər şeyə görə, atamıza minnətdarıq.

– Atanız İsgəndər Xəlilov dünyanın tanınmış iş adamlarından biridir. Yəqin ki, bu pilləyə gəlmək onun üçün asan olmayıb.

-Hər şeyin təməli olmalıdır. Təməl olandan sonra tikmək asandır. Bir yerdə qalmaq olmaz. Binanı tikən zaman ona mütləq diqqət yetirmək lazımdır. Hər işdə ən xırda detallara belə diqqət etmək lazımdır. Məsələn, binaya diqqət göstərməsən, o müəyyyən müddətdən sonra söküləcək. Həyat da belədir. Biz indi işləyirik. İstəyirik ki, özümüzdən sonra gələnlər də bu yolu davam etsinlər.

– Atanız böyük biznesmendir. Onun birdən-birə böyük biznesə yiyələnməsi necə mümkün olub?

-Biz ticarətlə məşğul olmuşuq. Babam da, atam da restoran sahəsində çalışıb. Atam daha sonra neft sahəsinə girişib. Nəhayət, bu, bizim sahəyə çevrilib. Bu səbəbdən mən İsveçrədə neft sahəsi üzrə təhsil aldım və bu sahə ilə məşğul olmağa başladım. Bununla da işlərimiz yavaş-yavaş böyüməyə başladı.

-Əvvəllər sizi atanıza görə tanıyırdılar. İndi isə sizi tanınmış iş adamı kimi təqdim edirlər…

-Atamın kölgəsi altından çıxıb, yaşamaq çətindir. Bəzən kölgədən çıxmaq istəyirsən. Deyirsən ki, mən özüm bunları qurmuşam. Amma anlayırsan ki, çətindir. Atamın adı, kölgəsi həmişə üzərimizdə olacaq. Bu ad mənim oğlumun üzərində də olacaq. Bəzən Moskvada “Rəhmanın atası İsgəndər Xəlilovdur” kimi situasiyalar da olur.

-İsgəndər Xəlilov necə bir ailə başçısı, ata və biznesmendir?

-Atam super biznesmen və mükəmməl insandır. Ondan çox şeylər öyrənmişəm. Atam mənə səbirli olmağı öyərədib.

Bəzən kabinetdə otururuq. Onun yanına bəlkə də min nəfər gəlib-gedir. 10 il bundan qabaq, yəni 30 yaşım olanda soruşdum ki, niyə bu qədər insanı qəbul edirsən? Yorulmursan? Dedi ki, oğlum mən iki dəqiqəmi itirsəm nə olacaq ki? Hər kəsə iki dəqiqə qulaq asmaqla heç nə itirmərəm. İnsanları dinləmək lazımdır. Həmçinin səbirli olmağı bacarmaq lazımdır.

– İsgəndər müəllimin övladları ilə münasibəti necədir? 

-Çox ciddidir. Bizə şərtlər qoyurdu. Nizam-intizamla böyümüşük.

-Sizcə, ata-övlad münasibətləri necə qurulmalıdır?

-O vaxt başqa mühit idi. İndi mən öz oğlumla başqa formada rəftar edirəm. Oğluma hər şeyi öyrətmək istəyirəm. O vaxtlar atam çox işləyirdi. Buna görə də bizə vaxt ayıra bilmirdi. Həm də Bakıda 1970-80-ci illər bir az fərqli idi. Nəzərə alaq ki, atam 21 yaşında ailə həyatı qurub. Onun 22 yaşı olanda mən dünyaya gəlmişəm. Həmin vaxt atam özü gənc idi. Bu gün isə mənim 40 yaşım, 5 övladım var. 4 qızım, bir oğlum…

– Bu qədər işin arasında övladlarınıza vaxt ayıra bilirsiniz? 

-Bu il 30 gün uşaqların yanında oldum. Uşaqların hər biri fərqli diqqət, qayğı istəyir. Qızlara ayrı, oğlana ayrı diqqət göstərirəm. Oğlumu tez-tez futbola baxmağa aparıram. Qoy, görsün ki, atası necə insandır. Onu tez-tez iş ortaqlarımla görüşə də aparıram.

-Gələcəyin biznesmenini hazırlayırsınız.

-Bəli. Oğlum mənim davamçım olacaq. Hazırda yaşı azdır. İndidən ona izah edirəm ki, böyüyəndə biznesimi idarə etsin.

– Siz daha çox “İSR Trans” şirkəti ilə tanınırsınız. Hazırda şirkətdə işlər necə gedir?

-Bu il “İSR Trans”ın 20 yaşı olacaq. Biz bu şirkəti 2005-ci ildə almışıq. Həmin vaxt şirkət çox kiçik idi. Bu gün isə “İSR Trans” Rusiyada yük daşımalarına görə 2-3 şirkətdən biridir. 18 milyon ton neft daşıyırıq.

– Bu sahədə sizin ciddi rəqibləriniz var. Onlarla necə mübarizə aparırsınız? 

-Rusiyada böyük biznes idarə etmək çox çətindir. Amma hər kəsin öz yolu var. Gərək, heç nədən qorxmayasan. Əgər bir yerdə dayansan, səni məhv edəcəklər. Biznesin əsas şərti güclü və mübariz olmaqdır.

– Azərbaycanlı biznesmen Telman İsmayılovun müflis olması son günlərin ən çox müzakirəyə səbəb olan mövzularındandır. Sizcə, buna səbəb nədir?

-Bu, olan işdir. İqtisadiyyatda hər şey ola bilər.

– Onunla münasibətiniz necədir?

-Onlar atamın keçmiş dostlarıdır. Mənim də normal münasibətlərim var.

-Yəqin ki, Rusiyada nəhəng bizneslərə sahib azərbaycanlılarla da sıx əlaqələriniz var. 

-Biznesmen kimi münasibətlərimiz var. Həmçinin onlar böyük adamlardır. Öyrənməyə davam etmək lazımdır.

-Deyirlər, biznesdə uğur qazanmaq hər adama qismət olmur. Sizcə, bu düzgün yanaşmadır?

-Hər gün öyrənmək lazımdır. Dayanmaq olmaz. Hər kəsə qulaq asmaq, yeniliklərdən xəbər tutmaq vacib məqamdır. Sizə gün ərzində minlərlə söz deyə bilərlər. Bunları dinləyib, lazım olanları götürmək şərtdir.

Biz rəqabətdəyik. Rəqabət aparmaq bir az çətindir. Eyni zamanda yaxşı, pis və neytral olmağı bacarmaq lazımdır. Bu üç cəhətə diqqət yetirməklə irəli getmək mümkündür.

-Azərbaycanla bağlı hansı planlarınız var? 

-“İst Trans”ın Azərbaycanla əlaqəsi yoxdur. Rusiya və bəzi Avropa ölkələri ilə əməkdaşlıq edirik. “İSR Trans” bu gün yalnız dəmiryolu və gəmi sahəsinə baxır. Bizim hazırda Xəzər dənizində iki gəmimiz işləyir: “Lady Sevda” və “Lady Leyla”

-Bir müddət əvvəl “İSR Trans”ın erməni iş adamı Koçaryanla əməkdaşlıq etməsi barədə müxtəlif məlumatlar yayılmışdı. Bu haqda nə deyə bilərsiniz??

-O şirkət “İSR Trans” deyildi. Başqa bir şirkət idi. Yaxın dostlarımın şirkətidir. Həmin şirkət qaz daşımağa görə Rusiyada birinci şirkətdir. Mən o şirkəti almaq istəyirdim. Müqavilə bağladım. Məni ora konsultant kimi qəbul etdilər. Bir il orada işlədim. Həmin şirkətdə hər millətin nümayəndəsini tapa bilərsiniz. Orada erməni də ola bilər. Qeyd edim ki, o şirkət mənim deyil və hazırda heç bir əlaqəm yoxdur.

-Azərbaycandakı biznesinizə kim nəzarət edir?

-Azərbaycandakı biznesimizə daha çox atam özü nəzarət edir. Balaca qardaşım Rauf ailəsi ilə birlikdə Bakıda yaşayır. O, əsasən Bakıdakı işləri idarə etməklə məşğuldur. Neftçalada olan “Azəri-Yod”a isə mən baxıram. “Azəri-Yod” zavodu dünyada 4-cü yeri tutur. Bu gün iqtisadi böhrana görə qiymətlər düşüb, elektrikin qiymətləri qalxıb. Amma biz işi saxlamamışıq. “Azəri-Yod”un adı Çində də tanınır. Amerikaya, Hindistana mal satırıq.

-Azərbaycandakı biznes mühiti sizi qane edirmi?

-Rusiya ilə müqayisədə Azərbaycanda bazar bir qədər kiçikdir.

-Burada inkişaf görürsünüz?

-Bəli, inkişaf gedir. Yavaş-yavaş hər şey yaxşı olacaq. Bakı çox dəyişib. Bakıya gedib-qayıdan dostlarım deyəndə ki, necə də gözəl şəhəriniz var, o zaman qürur duyuram.

-Bakıda daha çox nəyi bəyənirsiniz?

-İnsanlar dəyişib, şəhərin görünüşü dəyişib. Bu yaxınlarda bir nəfər mənə dedi ki, Bakıda nə gözəl insanlar yaşayır, hamı salam verir, hal-əhval tutur. Bəli, bizim insanlarımız çox mehribandır. Buna görə də Bakını sevirəm.

-Siz bizneslə yanaşı, həm də idman sahəsidə fəaliyyət göstərirsiniz.

-Biz ailəlikcə qış turizm idman növlərinə maraq göstəririk.

-Təəssüf ki, fəaliyyətiniz Azərbaycanda gözə dəymir.

– Doğrudur. Sözün açığı, biz xokkey komandası qurmaq istəyirik. İqtisadi böhran olmasaydı, bu işi quracaqdıq. Bu sahənin inkişafı üçün çox pul lazımdır.

-Görünür, iqtisadi böhran biznesinizə ciddi təsir edib.

-Bəli. İqtisadi böhran bütün dünyada olduğu kimi, bizə də təsir edib.

-Qardaşınız Rauf bəy hansı işlərlə məşğuldur? 

– O, Azərbaycanda nəqliyyat sahəsi ilə məşğul olur. “Toyota”, “Lexsus” ticarətinə qardaşım nəzarət edir. Rauf ailəsi ilə birlikdə Bakıda yaşayır.

– Ağalarovlarla əlaqəniz varmı?

-Dostluq münasibətimiz var.

-İsgəndər müəllim Azərbaycana tez-tez gəlir?

-İşlə əlaqədar səfərlər olur.

– Bəs Azərbaycan rəsmiləri ilə münasibətiniz necədir?

-Çox yaxşıdır, heç kimlə problemimiz yoxdur.

-Necə oldu məhz “Hilton” otelini Bakıda ucaltdınız?

-Onun yerində otel tikməyi çoxdan nəzərdə tutmuşduq. Fikirləşirdik ki, bu yerə hansı brend yaraşar? O vaxt “Marriot” da yox idi. Yalnız “Park İNN” və “Radission” var idi. Qərara gəldik ki, “Hilton” brendini gətirək. Bundan əlavə hazırda Türkiyədə “Hilton Bodrum” otelimiz də fəaliyyət göstərir.

– Evdə Azərbaycan dilində danışırsınız, yoxsa rus dilində?

-Uşaqlarla arada Azərbaycan dilində danışmaq istəyirəm, amma çətindir. Bizdə hamı rus dilində danışır. Arada onlara Azərbaycan dilində “bala, gəl bura, get ora” bu kimi sözlər öyrədirəm. Gələcəkdə bizim dilimizi öyrənəcəklər.

Uşaqlara tapşırmışam ki, hər yay Azərbaycana gəlib, bir ay bağda qalsınlar. Görsünlər ki, burada Bakılı uşaqlar necə yaşayır. Bu, çox vacibdir.

-Kitab oxuyursunuzmu?

-Əlbəttə, vaxt olduqca kitab oxuyuram.

-Maraqlıdır, hansı idmanla məşğul olursunuz?

-Xokkey oynayıram. Ona görə istəyirəm ki, Azərbaycanın xokkey komandasını quraq. İndi zamanı deyil. Amma vaxt gələcək Allahın köməyi ilə bu da mükün olacaq. Bir gün Azərbaycanın xokkey komandası beynəlxalq yarışda oynayacaq.

-“Qarabağ”ın Çempionlar Liqasındakı oyunlarına baxırsınız?

-Əlbəttə. Hamımız “Qarabağ”la qürur duyuruq.

-Sonda azərbaycanlı gənclərə nə demək istərdiniz?

-Səbirli olsunlar, vaxtlarını boş yerə keçirməsinlər. Oxusunlar, təhsil alsınlar.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...