“Rəqabəti yerli bazarda yox, qlobal bazarda aparmaq lazımdır”.
Son illər dünya ölkələrinin startap ekosistemi sürətlə inkişaf etməyə başlayıb. Gənclərin, ideyası olanların bu bazara marağı olduqca böyükdür. Dünya bazarına nəzər salanda maraqlı və insanlar üçün kifayət qədər faydalı layihələrin cəmiyyətə təsirinin olduqca böyük olduğunu görürük. Elə bizdə də son zamanlar gənclərimizin yerli bazardan daha çox qlobal bazara maraq göstərib, layihələrini bu bazarlarda formalaşdırmasını görürük.
Belə gənclərmizdən biri də dünyada texnologiyalarının inkişafına görə bütün diqqətləri üzərinə toplayan Cənubi Koreyada fəaliyyət göstərən Mammad Emin Müzəffərlidir.
Xeberler portalı hazırda qlobal bazarda startap layihələri həyata keçirən Mammad Emin Müzəffərli ilə söhbəti edib.
Mammad Emin uzun illərdir ki, Cənubi Koreyada yaşayıb, işləyir. Həmyerlimiz, həmçinin, Cənubi Koreyanın tanınmış şirkətlərində dizayn sahəsində çalışır.
Mammad Emin Müzəffərli Cənubi Koreyadakı fəaliyyəti və bu ölkənin İT sektoru ilə bağlı suallarımızı cavablandırıb.
Həmyerlimiz ilə müsahibəni təqdim edirik:
– Emin bəy, məlumatımıza görə, uzun illərdir ki, Cənubi Koreyada yaşayıb, işləyirsiniz. Elə buradan başlayaq. Necə oldu ki, Koreyaya getdiniz?
-2008-ci ildə xaricə getmək həvəsində idim. Bu məqsədlə İngilitərə, Türkiyə və bir neçə digər ölkələrdəki ali məktəblərə qəbul üçün sənədlərimi göndərdim. Koreyada yaşayan bir dostum isə bura gəlməyimi tövsiyə etdi. Dostumun məsləhəti və həm də Asiya ölkələrinə uşaqlıqdan marağım çox olduğu üçün orta məktəbi bitirdikdən sonra dərhal Koreyaya gəldim.
– Azərbaycanda hansı məktəbi bitiribsiniz? Maraqlıdır, Koreyaya gedəndə təməl bilikləriniz hansı səviyyədə idi? Koreyada bu istiqamətdə sizə necə təsir etdi?
– Azərbaycanda Lənkəran Özəl Türk Liseyi və Dədə-Qorqud Özəl Türk Liseyində təhsil almışam.Təbii ki, hər iki lisey təməl biliklərimin formalaşmasında başlıca rol oynayıb. Koreyada ilk öncə daha çox bu ölkənin mədəniyyətini, insanlarını, iş mühitini öyrəndim. Koreyaya gəlməmişdən əvvəl demək olar ki, bu ölkə barədə çox az məlumatım var idi.
– Koreyada hansı universiteti, hansı ixtisas üzrə bitirdiniz?
– Kyung Hee Unversitetinin (경희대학교) Biznesin idarə edilməsi üzrə təhsil almışam.
– Bakalavr təhsili aldığınız vaxtlarda da işləyirdinizmi , yoxsa elə dərslərlə maraqlanırdınız? Ümumiyyətlə, Koreyada ali təhsil diplomdan başqa sizə nələr qazandırdı?
-Bakalavr təhsilimin ilk 2 ilində demək olar ki, yalnız dərslərimlə maraqlanırdım. Amma 2-ci kursun son semestrindən etibarən kiçik və orta dizayn agentliklərində gələcək fəaliyyətim üçün təcrübə toplamağa başladım. Koreya mənə ali təhsildən əlavə, həm də yeni dostlar, tanışlıqlar və yeni şanslar qazandırdı. Mən də bu şansları dəyərləndirərək dünyagörüşümü, əhatə dairəmi formalaşdırdım.
– Koreya tələbələrini digər ölkələrin tələbələrindən nə fərqli edir?
– Koreyalılar, ümumiyyətlə, çox çalışqan millətdir. Bu vərdişi özlərində formalaşdıra biliblər. Tarixdən də məlumatımız olduğu kimi, Koreya çox çətinliklər görmüş ölkədir. Bəlkə də onlar bu çətinliklərə tab gətirmək üçün bu qədər çalışqan olublar. Tələbələr də eynilə hər işlərində çox çalışqan və məsuliyyətlidirlər. Məncə, burada tələbələrin digər ölkələrdən əsas fərqi çox rəqabətcil olmalardır. Bu isə deyərdim ki, Koreya mədəniyyətindən irəli gəlir. Koreyalılar bəzən öz yaxın dostları ilə bir parta arxasında otursalar belə, bu amil dəyişməz qalır.
– Siz deyəsən əsasən biznes və dizayn üzrə fəaliyyət göstərirsiniz. Hazırda hansı şirkətlərdə çalışırsınız?
– Hazırda Koreyada Naver və Marinoel şirkətlərində çalışıram. Naver şirkəti Koreyada axtarış, elektron xəritə və digər xidmətlər göstərir. Google-un lokal rəqibi də saymaq olar.
– Çalışdığınız şirkətdə vəzifəniz nədir? Gündəlik olaraq hansı işləri görürsünüz?
– Bu şirkətlərdə Senior və Lead Dizayner olaraq çalışıram. Hər iki şirkətdə fərqli layihələr üzərində işləyirəm. Naver-də gələcək texnologiyalar üzrə yeni konseptler və dizayn planlamalar, digərində isə müxtəlif məhsullar üzərində çalışırıq.
– Deyirlər, dizaynerlərin çoxlu kaprizləri olur. Əksər insanlar da şikayət edirlər ki, dizayn işi ilə məşğul olanlarla işləmək yorucudur. Sizcə, bu fikirlər nədən irəli gəlir?
-Fikrimcə, kaprizli olmaq biraz da şəxsi xarakterlə əlaqəlidir. Dizayn işi kənardan göründüyü kimi sadəcə gözəllik, vizual və ya incəsənət olmadığı üçün bəzən iş sıxıcı olmağa başlayır. Bu isə ola bilsin ki, sizin xarakterinizə təsir edir. Ən yaxşı işlər həmişə pozitiv mühitdə yaranır, bu isə insanın özündə yaratdığı pozitivlikdən daha çox asılıdır. Bu əsaslar olandan sonra hər şey yoluna düşür (gülür).
– Azərbaycan üçün də sifarişlər qəbul edirsinizmi? Ümumiyyətlə, outsourcing fəaliyyətiniz varmı? Əsasən hansı ölkələr üçün xidmət göstərirsiniz?
-Tələbəlik illərində outsourcing ilə az müddətdə məşğul olmuşam. Əsasən Amerika, Kanada və Avropa şirkətləri üçün işləmişəm. Azərbaycanda demək olar ki, çox az işlərim olub.
– Məlumatımıza görə, hazırda həm də Spendwallet startapının həmtəsisçisi və CDO (Chief Design Officer) olaraq fəaliyyət göstərirsiniz. Necə oldu ki, bu layihədə çalışmağa başladınız? Bu startap ilə bazara hansı yenilikləri təqdim edibsiniz?
– Spendwallet ideyasını 2014-cü ildə koreyalı dostumun təklifi ilə başladıq. Layihə ilə bağlı dostumla ilk müzakirələmizi xatırlayıram. Dostum layihənin prototipini hazırlayıb gətirmişdi. Bu haqda xeyli söhbətlərimiz olmuşdu. Həmin vaxt başlamaq üçün problemlər və çətinliklər çox idi. Belə ki, layihəyə başlamaq üçün komanda və kifayət qədər maliyyə vəsaiti yox idi. Amma çətinliklərlə də olsa, işə başlaya bildik. Bu gün isə komandamızda vaxtilə Qualcomm, Cisco kimi şirkətlərdə çalışmış mütəxəsislərdən ibarət olaraq 11 nəfər peşəkar çalışır.
–Emin bəy, oxucularımız üçün də maraqlıdır. Zəhmət olmasa, Spendwallet-in təqdim etdiyi xidmət barədə ətraflı məlumat verərdiniz
– Spendwallet sizin bütün kartlarınızı bir yerə yığaraq onları vahid bir cihazda birləşdirir. Yəni siz özünüzlə müxtəlif kartlar əvəzinə yalnız Spendwallet cihazını gəzdirirsiniz. Hazırki versiya 5.8 mm nazikliyindədir. Lakin yaxın müddətdə 1-2 mm nazikliyində olan versiyası istifadəyə veriləcəkdir.
– Maraqlıdır, Koreyada startaplara hansı mərhələdən sonra yatırım edilir? İnvestorların gözlədikləri faiz necə olur? Cənubi Koreyada startapçıların bu mövzuda problemi olurmu? Spendwallet üçün də yatırım ala bilibsinizmi?
– Yaxşı komanda və ideya olduğu halda, Koreyada startaplara, kiçik də olsa hökumətdən yatırımlar almaq mümkündür. Koreya hökuməti startapların fəaliyyətinə çox önəm verir. Bu isə buradakı startap mühitinin sürətli inkişaf etməsinə təkan verir. Hətta ölkə daxilində Silikon Vadisi mexanizimində bir şəhər salınıb – Pangyo Techno Valley. Demək olar ki, ən nəhəng texnologiya şirkətləri, startaplar, Vençur Kapital şitkətlər (VC) burada yerləşir. İnvestisiya üçün həm lokal şirkətlər, VC-lər, həm də dövlət tərəfindən şərait yaradılıb. Bu qədər imkan olmasına baxmayaraq Koreya şirkətləri yatırım məsələlərində çox həsassdırlar. Bəzən gözlədiyiniz bir faizi belə almaq çətin olur. Dediyim kimi, komanda və təcrübə bu işlər üçün çox vacib amildir. Spendwallet olaraq Koreyanın böyük texnologiya şirkəti olan KakaoTalk və digərlərindən təqribən bir milyon dollar ətrafında yatırım almışıq.
– İnvestorlar layihədə əsasən nəyə önəm verirlər?
– İnvestorlar üçün ideyadan və məhsuldan öncə sizin komandanıza baxırlar. Əslində edilən yatırım sizin ideyanızdan çox komandaya edilir. Məhsulunuz, ideyanız nə qədər mükəmməl olsa belə, bu işi layiqincə yerinə yetirəcək mütəxəssislər yoxdursa, yatırım haqqında danışmaq bir az çətindir.
– Cənubi Koreya bazarı yeniliyə daha açıqdır. Orada startap bazarına tələbat və maraq da böyük olar…
– Koreya dövlət və millət olaraq yeniliyə meyilli və açıq ölkədir. Hətta deyərdim ki, ən çox yeniliyə açıq olan ölkə Koreyadır. Ölkənin bazarı isə çox rəqabətli və dinamikdir. Kiçik ölkə olmasına baxmayaraq yüz minlərlə böyük və kiçik şirkətlər var. Bir çox şirkətlər isə istehsal üzərində qurulub. Bunun da 60%-dan çoxu texnologiya şirkətləridir. Bu dinamiklik isə ölkədə gedən yeniliklərə bağlıdır. Son zamanlar isə bu payın çox hissəsi artıq startaplara düşür. Samsung, Hyundai, LG kimi şirkətlər belə Koreyada bu sahənin inkişafı üçün müxtəlif proqramlar təşkil edir. Bu proqramlar olmasa belə, bir e-mail yazaraq layihə haqqında məlumat vermək bəzən layihənizə dəstək almaq üçün kifayət edir. Təbii ki, edilən müraciətlərin hamısından müsbət cavab almaq olmur. Amma ən azından maraq göstərirlər. Yeri gəlmişkən, Spendwallet də hazırda Hyundai ilə birgə bəzi yeni məhsullar üzərində işləyir.
– Komanda işi (team work) startapın uğur qazanmasında nə qədər rol oynayır?
-Məncə, teamwork startapların uğurunun yarısını təşkil edir. Çünki istənilən iş prosesində, xüsusən də startaplarda hər kəsin fərqli funksiya statusu olsa belə, işin inkişafı bir yox, bir neçə nəfərin, yəni bütün komandanın əməyindən asılı olur. Hər şeydən öncə isə bu iş mədəniyyətini, sistemini daxildən yaratmaq lazımdır. Kommunikasiya şəffaf, düzgün və ən əsası qarşılıqlı hörmət əsaslarında olmalıdır. Bir sözlə startaplarda iş mədəniyyəti bu kimi anlayışların formalaşmasında böyük rol oynayır.
– Koreyada keçirlən startap tədbirlərinə, müsabiqələrə qatılırsınızmı? Bu tədbirlər layihəyənin inkişafına necə təsir edir? Belə tədbirlərdə iştirak sizə nə qazandırır?
– Koreyada startap tədbirləri və müsqabiqələri mütəmadi keçirilir. Etiraf edim ki, daha çox yalnız bizim startapa aid olan tədbirləri izləməyə çalışıram. Koreyada keçirilən ən böyük startap müsabiqələrinin demək olar ki, əksəriyyətində iştirak edirik. Startaplar üçün bu kimi tədbirlərin təşkil edilməsi əhəmiyyətlidir. Qeyd etdiyim kimi Koreyada yeniliyə açıq olan şirkətlər və şəxslər çoxdur. Bəzən belə tədbirlərdə tanış olduğunu şirkət rəsmiləri sonradan sizinlə əlaqə saxlayıb, sizinlə əməkdaşlıq etmək təklif edir. Sizin layihənin inkişafı barədə də öz fikirlərini bildirirlər. Sizinlə tərəfdaş olmaq istəyirlər.
– Hazırda Cənubi Koreyanın İT trendləri nələrdir? Əsas diqqət hansı istiqamətə yönəlib?
-Hazırda Koreyada Əşyaların İnterneti (İoT) startaplar getdikcə çoxalmağa başlayıb. Bunun səbəbini dəqiq izah etmək bir qədər çətindir. Məncə, bu inkişafa dünyada startap sahəsində baş verənlər təsir edir. Son zamanlar Digital Health, Big Datanın müxtəlif sahələrə tətbiqi, Physical Web, VR və s. kimi sahələrdə startaplara daha çox rast gəlinir.
– Maraqlıdır, uğur qazanmaq üçün, xüsusən də startap sahəsində, məkan, mühit vacibdirmi?
– Belə fikirləşirəm ki, uğur qazanmağın tək bir yolu inam və inadla çalışmaqdır. Bundan əlavə, sevdiyiniz işlə məşqul olmaq, işindən həzz almaq lazımdır. Məncə, uğurun məkanı olmur. Əsas odur ki, sistemli şəkildə çalışmağı öyrənib, getdiyiniz yolda heç kimə fikir vermədən, ümidinizi itirmədəm davam edəsiniz. Heç kim bir cəhdlə uğur qazanacağını düşünməməlidir.
– Dünyanın İT sektorunun içində olan insan olaraq sizcə, yeni innovativ ideyalar tükənirmi?
-Dünya dinamik şəkildə inkişaf edir. Bugün həll olunmayan və ya həlli mümkün olmayan çox şeylər var. Bəzən nəzəri həllər tapılır, praktiki olaraq imkanlar buna yol vermir, bəzən isə heç nəzəri olaraq da həlli olmur. Texnologiya və resurslar inkişaf etdikcə yeni həll üsulları da əmələ gəlir. Bəzən keçmiş problemlər öz həllini yeni texnologiyanın vasitəsilə tapır, bəzən yeniliklərin inteqrasiyası vasitəsilə digər yeni ideyalar meydana çıxır. Bu baxımdan fikrimcə ideyalar tükənmir. Nə qədər ki, insanlar düşünür, ideyalar da meydana gələcək.
– Azərbaycanda sonuncu dəfə nə vaxt olubsunuz?
– Sonuncu dəfə ötən il, avqust ayında olmuşam. Hər il vətəni ziyarət etməyə çalışıram.
– Dünya təcrübəsindən məlumatlı bir şəxs olaraq fikirləriniz maraqlıdır ki, Azərbaycan hazırki vəziyyətdə İKT sektorunu, xüsusilə də startap ekosistemini necə inkişaf etdirə bilər? İlk nədən başlamalı?
– Məncə, Azərbaycanda ilk öncə bu sahədə kifayət qədər kadr və xüsusi sahələr üçün mütəxəsislər yetişdirilməlidir. Bunun üçün təhsil sahəsində köklü islahatlar aparılmalı, nəzəri dərslərlə yanaşı onların praktiki tərəfləri, müasir texnologiya öyrədilməli, dünya təcrübəsi izlənilməlidir. Ekosistemin formalaşdırılması üçün bu çox vacibdir. Son zamanlar ölkəmizdə bu sahədə inkişaf hiss olunur, bu, sevindirici haldır. Lakin bilik olimpiadalarında, dünya səviyyəsində innovasiyalar sahəsində iştirak, texnologiya sahəsində istehsal və s. sahədə passivlik hiss olunur. Bu da görünür ki, təhsil sahəsində texnoloji-praktiki vərdişlərin bir qədər zəif olmasından irəli gəlir. Əvvəldə də qeyd etdiyim kimi, insan resursu, komanda olmadıqdan sonra ideyalarınız demək olar ki, heç nəyi dəyişə bilmir. İnsan resursunu isə təhsil müəsissələrində yetişdirmək lazımdır.
– Azərbaycan qlobal bazara birbaşa Silikon Vadisindən başlaya bilər, yoxsa ilk öncə qonşu ölkələrdən başlamalı? Hansı daha məntiqli və uğurlu olar?
-Məncə, bu, hazırladığınız xidmətdən və ya məhsuldan asılıdır. Hər iki halda böyük bazarlarda istədiyin məhsulu və xidməti sınaqdan keçirib başlamaq daha məntiqlidir. Amma bir məsələ də var ki, böyük bazarlarda iş görmək də asan deyil. Ona görə də ola bilsin ki, hazırda Azərbaycan üçün qonşu ölkələrdə – Rusiyada, Türkiyədə xidmətlər hazırlayıb, təcrübə toplayaraq qlobal bazara layihə təqdim etmək daha uyğun olar. Bu məsələ hər bir bazar üçün spesifik məsələdir. Ona görə ümumi bir söz demək bir qədər çətindir. Bundan əlavə, məkan anlayışını getdikcə aradan qaldırmaq lazımdır. Təbii ki, layihəyə başladığınız yer çox önəmlidir. Mühit çox vacib faktordur, amma xidmət və məhsul olaraq artıq hər şey getdikcə qloballaşır. Bu gün texnologiya artıq sizə rahatlıqla məhsulunuzu harda olmağınızdan asılı olmayaraq qlobal bazara çıxarma imkanı verir.
– İşdən kənar vaxtınızı necə dəyərləndirirsiniz? Nə vaxtsa məşğul olduğunuz işdən sıxılıb, uzaqlaşmaq istəyibsiniz?
-Etiraf edim ki, bəzən hər şeydən sıxılıb, bütün işləri yarımçıq qoyub getmək istəmişəm. Gördüyünüz iş yekunlaşana yaxın detallar çoxalır və ümumiyyətlə işin “dadı qaçmağ”a başlayır. Arada belə hallar olur. Bu zamanlarda çalışıram ki, qısa müddətlik işdən uzaqlaşım. İşdən kənar vaxtı, xüsusən həftəsonları həmyerlilərimizlə, yaxın dostlarla birlikdə nəsə etməyə çalışırıq (gülür).
– Koreya mətbəxinə öyrəşə bilibsinizmi? Koreyalılar ilə anlaşmaqda problem yaşamırsınız?
– Gündəlik olaraq demək olar ki, Koreya mətbəxindən yemək yeyirəm. Burada türk restoranları, həmçinin Azərbaycan restoranı da var. Bəzən dostlarımızla burada yemək yeyirik. Koreyalıların psixologiyasına isə demək olar ki öyrəşmişəm. Koreya milləti həqiqətən fərqlidir. Mövzulara çox detallı yanaşmağı sevirlər. Adamı bir az yorsalar da, yola getmək olar (gülür).
– Deyirlər, startapçıların özəl həyatlarına ayırmağa vaxtı olmur. Sizdə bu, necədir? Özəl həyatınıza vaxt ayıra bilirsiniz?
– Hələki subay olduğum üçün böyük problem yoxdur (gülür).
–Gələcəkdə Azərbaycana qayıdıb burada çalışmaq fikriniz var?
– Əlbəttə, burada öydəndiklərimizi Azərbaycanda tətbiq etmək faydalı olardı. Planlarımız var, alınsa, doğmalarımızın ətrafında işləmək bizim üçün daha xoş olar.
–İT gənclərə, startap yaratmaq istəyən oxucularımıza layihələrinin uğur qazanıb, davamlı olması üçün nə məsləhət görərdiniz?
-Məncə, Azərbaycan bazarı startap üçün hələki çox kiçikdir. Ölkəmizin startap ekosistemi digər ölkələrlə müqayisədə bir qədər geri qalır. Ona görə də ilk növbədə bunu inkişaf etdirməliyik və ən əsası qlobal bazar haqqında düşünməliyik. Mümkün qədər ölkədən kənara çıxıb, “Know how” təcrübəsini öyrənmək lazımdır. Mühit faktoru inkişaf üçün çox vacibdir. Rəqabəti yerli bazarda yox, qlobal bazarda apararaq daha çox öyrənmək faydalıdır. Bəzən internetdə oxuduqlarımızla kifayətlənirik, amma bu yəqin ki, aysberqin yalnız görünən hissəsidir. İnanıram ki, xaricdə bu kimi təcrübələri əldə etmək üçün xeyli proqramlar artıq mövcuddur. İnteqrasiya edib bu təcrübələrdən yararlanmaq və ən əsası bu təcrübələri tətbiq edərək öyrənmək lazımdır.
©xeberler.az