Azərbaycanda tikinti materiallarının istehsalçısı, ölkənin ən böyük sənaye qruplarından olan «Mətanət A» şirkətinin rəhbəri Elxan Bəşirov, Dövlət başçısının fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Mətanət A” şirkəti adından ilkin mərhələdə 50000 (əlli min) manat vəsait ayırıb.
Qeyd edək ki, sahibkar digər iş adamlarını da Fonda dəstək olmağa çağırıb və bu barədə ölkə biznesinə müraciət edib. Müraciətdə deyilir:
“Koronovirusa qarşı mübarizədə və onun qarşısını almaq istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə çox mühüm qərarlar qəbul edilmişdir və bununla bağlı çoxsaylı işlər həyata keçirilməkdədir. Bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargah da yaradılmışdır.
Koronovirusla mübarizə ümummilli məsələdir. Ümummilli məsələni də dövlətimizə dəstək göstərməklə birlikdə həll etməliyik. Bunun üçün dövlətimiz əlindən gələni edir və operativ həyata keçirilən tədbirlər göz qabağindadir. Biz sahibkarlar da əlimizdən gələni etməliyik. Bunu nəzərə alaraq Dövlət başçısının fərmanı ilə yaradılmış Koronovirusla Mübarizəyə Dəstək Fonduna “Mətanət A” şirkəti olaraq ilkin mərhələdə 50000 (əlli min) manat vəsait ayrıldı.
“Mətanət A” şirkəti bütün sahibkarları və eləcə də tikinti və tikinti materiallarının istehsalçılarını Koronovirusla Mübarizəyə Dəstək Fonduna ciddi şəkildə və operativ olaraq dəstək göstərməyə çağırır.
Koronovirusu pandemiya elan edən Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əməl etməklə və dövlətimizə dəstək göstərməklə birlikdə bu ümummilli bəlaya qalib gələcəyik!”